Əsas Səhifə > Cəmiyyət > QUBA ÜSYANININ GİZLİ MEMARI KİM OLUB?

QUBA ÜSYANININ GİZLİ MEMARI KİM OLUB?


19-08-2013, 11:41
QUBA ÜSYANININ GİZLİ MEMARI KİM OLUB?
İl yarım əvvəl üsyan edərək icra başçısının evini yandıran və Qubada böyük ictişaşlar törədən əhali indi keçmiş başçı Rauf Həbibovun ölənlərinə rəhmət oxuyur. Buna səbəb isə Qubanın yeni rəhbərliyninin rayonda dözülməz şərait yaratmasıdır. İşin ilginc tərəfi isə qubalılara zülm edən şəxs Quba üsyanını planlayan və yönləndirən şəxslərdən biridir.

Qubadakı şəraitlə bağlı bir neçə Quba sakini PİA.AZ-a müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, il yarım əvvəl Qubada baş verənlərdən sonra əhali sosial ədalət və daha normal həyat şəraiti gözləsələr də, qubalıların arzusu ürəyində qalıb.

Məlumata əsasən hazırda Qubada hakimiyyəti ələ keçirən şəxs, bir müddət əvvəl keçmiş icra başçısı Rauf Həbibovun əsas rəqiblərindən biri olan, hazırda rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışan Yusif Abidovdur. Bildirilir ki, bir zamanlar Rauf Həbibovun da birinci müavini olan Yusif Abidov sonradan Rauf Həbibovun əsas rəqiblərindən birinə çevrilib. İkilinin arasında əsas problem isə, Qubanın iqtisadi zonalarını paylaşa bilməmələri olub.

Qarşıdurma nəticəsində Yusif Abidov öz vəzifəsini itirib. Lakin Qubanın millət vəkillərindən birinin hamiliyi altında olan Yusif Abidov rayon Statistika idarəsinə təyinat ala bilib. Bundan sonra da qarşıdurma davam edib və kənardan dəstək alan Yusif Abidovun Quba üsyanını körükləyən əsas şəxslərdən olduğu iddia olunur. Tərəfdarlarını Rauf Həbibovun üzərinə yönləndirən Abidov əhalini keçmiş başçıya qarşı sistemli şəkildə qaldırıb. Məlumatda məlum videoçəkilişin də, məhz Yusif Abidovun təlimatı ilə yayımlandığı iddia olunur.

Quba üsyanının arxasından Rauf Həbibovun vəzifədən alınmasından sonra Yusif Abidov yenidən icra başçısının birinci müavini təyin olunub. Bu dəfə o, yeni icra başçısı Mübariz Ağayevin sağ əlinə çevrilib və Qubada hakimiyyəti tam olaraq öz nəzarəti altına ala bilib.

Məlumata əsasən hazırda rayondakı bütün işləri məhz Yusif Abidov idarə edir. Onun izni olmadan rayonda heç kim ayağını ayağının üstünə qoya bilməz. Hazırda rayon mərkəzində aparılan böyük abadlıq işləri də birinci müavinin nəzarəti altındadır. Ən böyük maliyyə maxinasiyaları da elə abadlıq işlərrinin aparılmasında baş verir. «Qubada aparılan böyük abadlıq işlərinin arxasında böyük maliyyə yeyintiləri var», deyə məlumatda bildirilir. Bunu isbat etmək üçün isə heç də uzağa getmək lazım deyil.

Məlumatda bildirilir ki, Yusif Abidovun rəhbərliyi altında Qubanın yeni kanalizasiya sistemi inşa olunub və iki ay əvvəl kanalizasiya sistemi istifadəyə verilib. Yusif Abidov kanalizasiya sisteminin inşa olunmasını bir türk şirkətinə həvalə edib. Kanalizasiya sistemi inşa olunduqdan sonra hamı problemin birdəfəlik həll olunduğunu düşünüb və rahatlanıb. Amma iki həftə əvvəl yağan yağışlar qubalıları şok vəziyyətinə salıb. Belə ki, yağan yağışlardan sonra Qubanın mərkəzində yeni istifadəyə verilmiş kanalizasiya xəttləri partlayıb və Quba şəhərinin küçələri kanalizasiya sularının altında qalıb. Problem hələ də həll olunmadığına görə qubalılar ikinci dəfə yağış yağmaması üçün Allaha dua edirlər.

Həmçinin qeyd olunur ki, Rauf Həbibovu devirib Qubada hakimiyyəti ələ keçirən Yusif Abidov vətəndaşları saymır və şikayətçiləri daimi olaraq təhqir edir. Buna görə də Quba narazılıq yenidən son həddə çatıb və seçki prosseslərində Qubalıların yenidən ayağa qalxması istisna olunumur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Araşdırmamız davam edəcək…

Geri qayıt