Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MƏMURLARIN QARA GÜNLƏRİ BAŞLAYIR
MƏMURLARIN QARA GÜNLƏRİ BAŞLAYIR21-08-2013, 11:41 |
ONLARLA BAĞLI DOSYA TOPLANILMA QƏRARI VERİLİB Bir müddət əvvəl millət vəkili Xanhüseyn Kazımlı maraqlı bir açıqlama ilə çıxış etmişdi. Deputat demişdi ki, Azərbaycanda vergi sisteminə daxilolmalar çoxdur: "Amma orada digər ölkələrlə müqayisədə əmlak vergisindən daxilolmalar çox azdır. Badamdara gedirsən, villalara aşağıdan yuxarı baxanda papaq başından düşür. Bu əmlakın vergisini də versinlər. Tikiblər, qalıb orda, gedib ayrı yerdə yaşayırlar". Qeyd edək ki, Vergi Məcəlləsinin 198-ci maddəsinə görə, əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan mənzillərin inventarlaşdırılmış dəyərinə əsasən, hesablanır. İnventar dəyəri 5 min manatadək olduqda vergi tutulmur. 5 min manatdan çox olduqda isə inventar dəyərinin 0,1 faizi vergi kimi tutulur və bələdiyyənin büdcəsinə ödənilir. Əgər mənzilin inventar dəyəri 50 min manatdırsa, onun 5 min manatı çıxılır və yerdə qalan 45 min manatın 0,1 faizi, yəni 45 manatı ildə bir dəfə əmlak vergisi kimi tutulur. Hüquqi şəxslərdən isə əmlak vergisini Vergilər Nazirliyi yığır. Deputatın dediyi kimi, heç də hamı əmlak vergisini ödəmir. Bakıdakı bir çox bələdiyyələrin vergi müfəttişləri etiraf edirlər ki, əmlak vergisini yığmaq onlar üçün çətindir. Ekspertlər də təsdiqləyirlər ki, fiziki şəxslərdən əmlak vergisini yığmaqda bələdiyyələr çətinlik çəkirlər: "Baxmayaraq ki, əmlak vergisi azdır. Yəni aylara böldükdə, 50 min manatlıq evdə yaşayan sakinə hər aya cəmi 4 manat düşür. Son iki ilə baxsaq, İnzibati Xətalar Məcəlləsində cərimələri 10 dəfə artırıblar. Onu verə bilirlər, əmlak vergisini verə bilmirlər?" Bəzi ekspertlərin fikrincə isə, Azərbaycanda vergi növləri çox deyil. Beynəlxalq təcrübəyə əsaslansaq, ölkəmizdə həm vergi növlərinin sayı, həm də onların dərəcələri dünya statistikasına uyğundur, hətta bəzi ölkələrdən də aşağıdır. Amma təəssüflər olsun ki, bizdə vergi ödəmə mədəniyyəti çox aşağıdır. Əslində mülkiyyəti olan bütün şəxslər əmlak vergisini ödəməlidir. Ancaq Bakı ətrafında 450 min civarında qeydiyyatsız ev var. Bunlar da qeydiyyatı olmadığı üçün əmlak və torpaq vergisi ödəmir. Əgər bütün vətəndaşlar əmlak vergisi ödəsəydilər, bu, bələdiyyələr üçün yeni dayanıqlı maliyyə mənbəyi olardı. Ekspertlər deyirlər ki, iqtisadi cəhətdən inkişaf etmiş, liberal bazar dəyərləri oturuşmuş ölkələrdə əmlak vergisi əksər hallarda proqressiv metodla yığılır. Yəni bir əmlaka görə vergi hamıda eyni olur. Amma birdən artıq əmlakı olanlar bunun üçün daha çox vergi ödəyirlər. Nəticədə vətəndaşlar bir malikanədən əlavə əmlak saxlamağa lüzum görmürlər. Bir neçə il əvvəl parlamentdə təklif edilmişdi ki, bizdə də bu metod tətbiq edilsin. Bir əmlaka görə bir verginin tətbiq olunması, sonradan isə ikinci əmlaka 50 faiz artıq, üçüncü əmlaka görə 2 dəfə artıq vergi tətbiq olunması nəticəsində insanlar boş villalar tikib saxlamağa ehtiyac görməzdilər. Bu, həm də məmurları məcburi köçkünlərin, qohum-əqrəbalarının adlarına yazdırdıqları villaları tikdirməkdən çəkindirərdi. Artıq hökumətdə də bu istiqamətdə təklifləri sıcaq baxıldığı bildirilir. Odur ki, həm məmurların çoxsaylı mülklər alıb və ya inşa edib başqalarının adına keçirməklə onları gizlətməsini önləmək, həm də hər əmlaka görə ayrıca vergi ödənişini aparmaq üçün normal ölkələrin metodlarının Azərbaycanda tətbiqi real görünür. İstisna deyil ki, biz yaxın müddətdə bu istiqamətdə konkret addımların atılmasının şahidi olacağıq. Düzdür, bizim məmurların bunu yaxşı qarşılamayacağı və mümkün olduğu qədər həmin təklifin reallaşmasını əngəlləməyə çalışacağı tamamilə gözləniləndir. Amma hesab edilir ki, məmurların saysız-hesabsız mülklərə sahiblənməsinin cəmiyyətdə hökumətlə bağlı ciddi qınaqlara yol açdığı nəzərə alınaraq məlum addımların atılması ehtimalı kifayət qədər yüksəkdir. Hər halda, tələsməyək; deyilənlərin gerçəkləşib-gerçəkləşməyəcəyini yaşayıb görəcəyik. Geri qayıt |