Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QUBA MƏHKƏMƏSİNİN SƏDRİNƏ ŞOK İTTİHAM

QUBA MƏHKƏMƏSİNİN SƏDRİNƏ ŞOK İTTİHAM


21-08-2013, 11:43
QUBA MƏHKƏMƏSİNİN SƏDRİNƏ ŞOK İTTİHAM
ONU PUL TƏLƏB ETMƏKDƏ SUÇLAYIRLAR

Etiraf etmək lazımdır ki, bu gün ölkəmizin məhkəmə hakimiyyəti sistemində bəzi boşluqlar var. Bəzi məhkəmə sədrləri və hakimləri vəzifələrindən sui-istifadə edərək, Azərbaycan Respublikası adından ədalətsiz qərarlar çıxarırlar. Bəzi sahələrdə mövcud olan rüşvət və korrupsiya faktları məhkəmələrdən də yan keçməyib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən mübarizə tədbirləri gücləndirilsə də, bəzi məhkəmə rəhbərləri bundan bir nəticə çıxarmırlar.

Vurğulayaq ki, hər bir demokratik dövlətdə hüquqi dövlətin əsas prinsipi hakimiyyət bölgüsü əsasında təşkil edilir. Təsadüfi deyil ki, Konstitusiyamızın 7-ci maddəsinin 3-cü hissəsində bu prinsip əks olunub. Qanuna görə, ölkədə məhkəmə hakimiyyətini müxtəlif məhkəmələr həyata keçirir. Məhkəmə hakimiyyəti insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edən, hüquq qaydasını cinayət və digər hüquq-pozmalardan mühafizə edən və dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədən kənara çıxmamasına nəzarət edən dövlət hakimiyyətinin bir qoludur. Konstitusiyamızın 127-ci maddəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən, və qanunamüvafiq baxırlar. Amma Quba Rayon Məhkəməsində bu dediklərimizin demək olar ki, çoxuna rast gəlmək mümkün deyil. Çünki məhkəmə sədri Füzuli Pənahov qanunlarımıza qarşı dırnaqarası münasibət göstərir. Buna görə də Qubada məhkəmə hakimiyyəti düzgün təşkil edilməyib. Bu da son nəticədə qanunda yazılan müddüəaların icra edilməsinə imkan vermir. Əvvəlki saylarımızda adıçəkilən məhkəmə rəhbərinin özbaşınalıqlarından danışmış və vəzifəsindəki nöqsanlarla bağlı incə detalları açıqlamışdıq. Lakin görünən odur ki, sədr bunların heç birinə məhəl qoymur və sanki mətbuat onun üçün heç bir anlam kəsb etmir. Ölkə prezidenti İlham Əliyev jurnalistlərə, media mənsublarına qarşı diqqətcil olsa da, Füzuli Pənahov özünü çox yuxarıdan aparır. O yazılan tənqidlərə reaksiya verməməklə mətbuata qarşı qapalı olduğunu nümayiş etdirir. Qeyd edək ki, sədr bundan əvvəl çalışdığı məhkəmələrdə də bir sıra qanun pozuntularına şərait yaradıb. Apardığımız araşdırmalara görə, Zəngilan Məhkəməsində işlədiyi 1990-2000-ci illərdə kobud qanunsuzluğa imza atıb ki, bu bəzi ailələr üçün acı sonluqla nəticələnib.

Etibarlı mənbənin dediyinə görə, o, Zəngilanda 7 nəfərin hər birindən 65 min dollar rüşvət alıb: «İmişlidə polis rəisi işləyən Məcnun müəllimin işçisi olan İlham adında şəxs cinayətdə təqsirləndirilənlərin hər birindən 10 min dollar alaraq 88.1 maddəsini 83.3-ə dəyişmişdi. O vaxt Zəngilan Məhkəməsinin hakimi olan Füzuli Pənahov isə öz növbəsində günahsız yerə həbs edilən şəxslərdən 65 min alaraq onların cəzasını yüngülləşdirib. Sədr illər öncə həyata keçirdiyi xoşagəlməz işlərlə indi də məşğul olur. Quba Rayon Məhkəməsində də belə şeylər mövcuddur. Yəni hansısa cinayət işində ittiham olunan vətəndaşlar sədrə nəysə verərək həbsdən yayınırlar». Xatırladaq ki, bir neçə gün öncə Ədliyyə Nazirliyində keçirilən iclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini pozduqlarına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Qazax Rayon Məhkəməsinin sədri İlham Nuriyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Şəki İnzibati İqtisadi Məhkəməsinin hakimləri Mübariz Hüseynov və Səadət Zeynalovanın tutduqları vəzifələrdən azad olunaraq başqa işə keçirilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Abdulla İsgəndərovun intizam məsuliyyətinə cəlb edilməklə hakimlik səlahiyyətinə xitam verilməsi qərara alınıb. Görəsən, bu hakimlərin aqibəti Füzuli Pənahovu gözləmir ki?

Cənab Fikrət Məmmədov bu məmur AXC hakimiyyəti vaxtından vəzifə tutur və onun Zəngilandakı iş üçün aldığı rüşvətin borcunu hələ də həmin ailələr ödəyib qurtara bilmirlər. Bizdə rüşvət verən şəxslərin adları var. Gələn saylarımızda adıçəkilən məmurun Zəngilanda rüşvət qarşılığında çıxardığı qərarların surətini dərc etməyə çalışacağıq. Bizi izləyin! \ gundelik bakı \

Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.

Geri qayıt