Əsas Səhifə > Partiya > MİLLİ ŞURA DAXİLİNDƏ NƏLƏR BAŞ VERİR?

MİLLİ ŞURA DAXİLİNDƏ NƏLƏR BAŞ VERİR?


21-08-2013, 11:50
MİLLİ ŞURA DAXİLİNDƏ NƏLƏR BAŞ VERİR?
Demokratik Qüvvələrin Milli Şurası parçalanmadan uzaqdır. Azərbaycan müxalifətində belə hesab edirlər.

Milli Şuranın ictimaiyyətlə əlaqələr komissiyasının rəhbəri, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev DQMŞ üzvlərinin bir neçəsinin qurumu tərk etməsi barədə bəzi KİV-də yayılan məlumatı təkzib edib.

“Məsələ bundadır ki, əgər kimsə Milli Şuranı tərk etsə, bu barədə müvafiq ərizə ilə müraciət etməlidir. Belə müraciət daxil olmayıb”, - M.Əliyev bildirib.

Bazar ertəsi MŞ-nin iclasının yekunları ilə bağlı bir səra KİV Klassik Azərbaycan Xalq Cəbhəsi, Açıq Cəmiyyət, Liberal partiyalarının və EL hərəkatının nümayəndələrinin MŞ sıralarından çıxması barədə məlumat yayıb.

M.Əliyev qeyd edib ki, bazar ertəsi DQMŞ-nin iclasında bir sıra təşkilati məsələ, o cümlədən MŞ rəhbəri Rüstəm İbrahimbəyovun ətrafında yaranmış müzakirə olunub.

“İclasın gündəliyinə R.İbrahimbəyovun ikili vətəndaşlığı səbəbin MSK-da onun namizədliyinin qeydiyyatı üzrə texniki problemlərlə bağlı yaranmış vəziyyətdə necə fəaliyyət göstərmək məsələsi daxil olub. İkinci məsələ növbəti addıma dair olub – seçkilərə getmək yoxsa müxtəlif fikir ayrılıqları səbəbindən seçkilərdə iştirakdan imtina etmək”, - M.Əliyev bildirib.

Onun sözlərinə görə, iclasın yekunlarına əsasən üç əsas məsələ üzrə qərar qəbul olunub.

“İclas iştirakçıları R.İbrahimbəyovun vahid namizəd kimi qalmasına səs veriblər. Həmçinin MŞ-dən ehtiyat vahid namizədin irəli sürülməsinin vacibliyi barədə qərar qəbul olunub. MŞ-yə daxil olan partiyaların öz namizədlərini müstəqil irəli sürməsi barədə təklif dəstəklənməyib.

DQMŞ nümayəndəsinin sözlərinə görə, üçüncü məsələ müvəqqəti xarakter daşıyıb.

“Əvvəlki iclasda İsa Qəmbər bildirib ki, avqustun 19-dək gözləyəcək (belə ki, avqustun 19-dək MSK-nın R.İbrahimbəyovun təşəbbüs qrupunun müraciətinə cavab verəcəyi gözlənilirdi). Lakin biz bilirik ki, sənədlər qəbul olunmayıb və məsələ dayanıb. O zaman İsa Qəmbər dedi ki, əgər avqustun 19-dək qərar olmasa, Müsavat Partiyasından namizədliyi irəli sürüləcək. Odur ki, bu dəfə həmin məsələ müzakirə olundu və İsa Qəmbər kompromisə getdi. Yəni, namizədliyinin irəli sürülməsinin vaxtını bir qədər də uzatdı. Və kompromis ondan ibarət oldu ki, hamı Milli Şuranın ehtiyat namizədinin irəli sürülməsi qərarına gəldi”, - M.Əliyev vurğulayıb.

O qeyd edib ki, MSK-ya imza vərəqələrinin təqdim olunmasının vaxtı sentyabrın 9-da bitir. Lakin Müsavat Partiyasından bildirilib ki, əgər söhbət konkret olaraq İ.Qəmbərin namizədliyindən gedərsə onlar beş-altı gün ərzində kifayət qədər imza toplaya biləcəklər.

“Bu, seytnot vəziyyəti olacaq, lakin bu dəfə belə kompromis müəyyən edilib. Əgər avqustun sonlarınadək R.İbrahimbəyov öz namizədliyinin qeydiyyatı üçün hüquqi əsas əldə edərsə ehtiyat namizəd seçkilərdə iştirakdan imtina edəcək”, - M.Əliyev bildirib.0

Geri qayıt