Əsas Səhifə > Güney Press, Araşdırma > SABUNÇUNUN İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT

SABUNÇUNUN İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT


21-08-2013, 12:38
SABUNÇUNUN İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT
Sabunçu rayon Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi ev 26/1 ünvanda yaşayan Həsən Camalov bir müddət öncə FaktXəbər-ə yaşadığı rayonun icra başçısından şikayət məktubu ünvanlamışdı. Bu gün H.Camalov ölkə başçısına da bir müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Salam cənab Prezident! Mən Camalov Həsən Sərkər oğlu 13 övlad atasıyam. Bu ölkədə 7 əsgər 6 qız böyüdürəm. 43 yaşım var. 20 nəfərdən ibarət bir ailə başçısıyam.Valideynlərim sağdırlar və himayəmdədirlər. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi, ev 26/1 ünvanda yerləşən bizə məxsus 250 kv.m torpaq sahəsində inşa edilmiş 3 mərtəbəli, 576 kv.m sahəsi, tam qanuni Çıxarışı olan evimizdən cəmi 3 metr ara məsafədə Sa-bunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev 10 mərtəbəli bina inşa etdirir. Dəfələrlə İcra Hakimiyyətinə rəsmi müraciət edərək bu inşaatın qeyri-qanuni olduğunu bildirmişəm, dayandırılmasını tələb etmişəm. Azyaşlı uşaqlarımın və ümumilikdə bütün ailəmin tahlükə altına düşdüyünü bildirməyimə baxmayaraq, icra başçısı Adil Vəliyev buna məhəl qoymayıb və inşaatı daha da sürətləndirib.

Cənab Prezident! Dəfələrlə şəxsən Sizə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Administrasiyanızın rəhbəri cənab Ramiz Mehdiyevə, müavini Əli Əsədova, müavini Zeynal Nağdəliyevə, PA ictimai və siyasi şöbəsinin müdiri Əli Həsənova, köməkçiniz Dilarə Seyidzadəyə, YAP–da müavinləriniz Əli Əhmədov və Əli Həsənova, Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Milli Məclisin sədri Oktay Əsədova, FHN rəhbəri Kəmaləddin Heydərova, ədliyyə naziri Fikrət Məmmədova, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, müavini Rauf Pənahova, ombudsman Elmira Süleymanovaya şikayət məktubları ünvanlamışam. Bu saydığım instansiyalara tam 52 şikayət məktubu göndərmişəm.

Cənab Prezident! Böyük təəssüf hissi ilə Sizə bildirirəm, bu instansiyaların heç birindən ciddi bir reaksiya olmayıb. Sanki bu məktublar sözügedən idarələrə heç getməyib. Sanki bu elə belə də olmalıdır. Vətəndaşdır, yazıb-yazıb usanacaq. Adil Vəliyev də öz bildiyini həyata keçirməkdə davam edəcək.

Cənab Prezident! Sizdən kömək istəyirəm, tək ümid yeri Sizi görürəm! Dövlət büdcəsindən övladlarıma yardım diləmirəm, ev də istəmirəm, pul da istəmirəm. Etimadınızdan istifadə edərək, çağırıb evimizə qiymət biçirlər. Deyirlər ki, “istəsən budur, istəməsən də...” İcra başçısı Adil Vəliyev və müavini Şakir Alıyev tutduqları vəzifədən sui-istifadə edərək, əlimizdə olanı dəyər-dəyməzinə almaq istəyirlər. Bizə bu haqsızlıq və qanunsuzluqla mübarizədə yardım əlinizi, ədalət əlinizi uzadın. Bu böyük ailəmin haqqını qoruyun!”


SABUNÇUNUN İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT
SABUNÇUNUN İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT
SABUNÇUNUN İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT

Geri qayıt