Əsas Səhifə > Güney Press, Araşdırma > MİSİR MƏRDANOVDAN QALMA DAHA BİR PROBLEM

MİSİR MƏRDANOVDAN QALMA DAHA BİR PROBLEM


21-08-2013, 13:26
MİSİR MƏRDANOVDAN QALMA DAHA BİR PROBLEM
Azərbaycanda ödənişli ali təhsil müəssisələrində illik təhsil haqqı 900 manatdan 4700 manat arasında dəyişir. Ölkənin ödənişli ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin heç də əksəriyyəti yaxşı təminatlı ailələrin övladları deyil. Təminatlı ailələr əksər hallarda övladlarını xarici ölkələrdə oxutmağa üstünlük verir və bunu həmin ailələrin övladları barədə mediada çap olunan çoxsaylı məlumatlar da təsdiq edir.

Amma bu il prezident İlham Əliyevin oğlu Heydər Əliyev 590 balla Azərbaycan Diplomatiya Akademiyasına daxil olub. O, ödənişli əsasla oxuyacaq və 3 250 manat təhsil haqqı ödəyəcək (prezidentin illik əmək haqqı 180 min manatdır və oğlunun təhsil haqqı əmək haqqının 1,8 faizini təşkil edir).

Ölkədə heç də tələbə adını qazanmışların hamısı yüksək və ya orta gəlirli ailələrin övladları deyil. Tələbələrin olduğu ailələrin sosial durumunun araşdırılması ilə bağlı tədqiqatlar aparılmasa da statistik məlumatlarla bunu təxmini müəyyən etmək mümkündür.

2013-cü ilin məlumatlarına görə, ölkədə 133 600 ailə (589 900 nəfər adam başına ayda 23,5 manat yardım alır) ünvanlı sosial yardım alır.

2013-cü ilin əvvəlinə olan məlumatlara görə, pensiyaçıların sayı 1270,5 min nəfər olub və bu ölkə əhalisinin 13,8 faizini təşkil edir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 151,7 manatdır və bu orta əmək haqqının 38,3 faizini təşkil edir.

Ölkə üzrə orta əmək haqqı təxminən 360 manatdır. Daha yüksək maaş isə, məsələn rayon icra hakimiyyəti başçılarının aylıq əmək haqqı əhalinin sayından asılı olaraq 600-800 manat (Bakı Şəhər İcra Hakimiyyətinin başçısı 1250, Gəncə və Sumqayıt İcra Hakimiyyəti başçısı 850 manat aylıq maaş alır) arasında dəyişir.

Göründüyü kimi, illik təhsil haqqı orta illik əmək haqqının bəzən 130 faizini, orta illik pensiyanın 240 faizini, aztəminatlı ailələrdə adambaşına illik 282 manatın isə 1500-1800 faizini təşkil edir.

Azərbaycanda elə ailələr var ki, bir neçə övladını ödənişli ali məktəbdə oxutmaq məcburiyyətindədir. Həmin ailələrin taleyini düşünmək daha acınacaqlıdır.

Bir sual da var. Hər hansı rayon icra hakimiyyətinin başçısı aldığı aylıq 600-800 manat müqabilində (əmək haqqı ümidinə qaldığı təqdirdə) iki övladını ali məktəbdə eyni vaxtda oxuda bilərmi? Burada yəqin ki, az maaşlı müəllim, sosial təminat, mədəniyyət, səhiyyə və digər peşə sahiblərinin ailələrinin durumunu da yada salmaq lazımdır.

Azərbaycan “Avropa Sosial Xartiyası”na qoşulub. Ölkənin götürdüyü öhdəliyə görə, qiymətlər əhalinin qanuni gəlirlərinə və əmək haqqına uyğun olmalıdır.

Geri qayıt