Əsas Səhifə > Sosial, Manşet > 13 YAŞLI XƏSTƏ UŞAQ PREZİDENTDƏN NƏ İSTƏDİ
13 YAŞLI XƏSTƏ UŞAQ PREZİDENTDƏN NƏ İSTƏDİ21-08-2013, 13:31 |
YERDƏKİ MƏMUR ÖZBAŞINALIĞI POLAD İLYSAOVUN AİLƏSİNİ AC QOYA BİLƏR DİA.AZ: - 13 yaşlı Polad İlyasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktubla müraciət edib. 13 yaşlı Polad İlyasovun dövlət başçısına müraciət etməsinə səbəb səhhətində yaranmış problem və ailəsinin haqsızlıqla üzləşməsidir. DİA.AZ həmin müraciəti olduğu kimi təqdim edir: “Cənab prezident, mən 2 ilə yaxındır ki, MEFV genində P369S/R408Q biləşik heteroziqot mutasiyasının aşkarlanması, dövrü xəstəlik, klinik-laborator göstəricilərinin açıqlanması dövrü" (irsi xəstəliklərin ağır forması) diaqnozu ilə xəstəyəm. Valideynlərim məni müxtəlif özəl klinikalarda, İran İslam Respublikasında dəfələrlə müayinə etdiriblər. Əsaslı müalicə olunmağım üçün Azərbaycanda bizə ümid verən səhiyyə təşkilatı yoxdur, yalnız müvəqqəti müalicə aparılır. Azərbaycanda bu xəstəlik üzrə həkim-mütəxəssis yoxdur və heç bir həkim sağalmağıma zəmanət vermir. Müalicəm yalnız Türkiyə və ya İsrail dövlətinin səhiyyə təşkilatlarında mümkündür. Müalicəmin aparılması üçün isə həddən artıq xərc tələb olunur”. Müraciət müəllifi daha sonra qeyd edir ki, atası İlyasov İsmayıl Polad oğlu Bərdə şəhəri Nizami küçəsi 7 saylı evin qarşısında Bərdə-Ağdam yolunun sağ tərəfindən ayrılmış 12x6 m, cəmi 0,072 ha torpaq sahəsi üzərində 1992-ci ildə qeyri-yaşayış binası tikib. Uzun illər isə, konkret olaraq 19 ildən artıq kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Lakin Bərdə rayon icra hakimiyyətinin məmurları 2011-ci ildə Novruz Bayramı ərəfəsində həmin sahibkarlıq obyektini zorla sökdürüblər: “Bərdə rayon İcra Hakimiyyətinin Başçısı cənab Vidadi İsayev həmin yeri başqa vətəndaşa verib. Həmin vətəndaş isə həmin yerə köşk qoyub kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Beləliklə, Vidadi İsayev vəzifəsindən sui-istifadə edərək şəxsi maraqları naminə bizim ailənin çörəyini kəsib. Anamı qəsbkar ermənilər öz yurd-yuvasından didərgin salıb, bizim bəzi məmurlarımız isə atamın əlindən torpaq sahəsini alıb başqasına verib. Hər iki halda valideynlərim zorla mənsub olduğu torpaq sahəsindən çıxarılıb. Yalnız fərq ondadır ki, birinci halda dövlətimiz bizim ailəni himayəsi altına alıb müəyyən güzəştlər tətbiq edir, ikinci halda isə yerli məmurlar bizim ailənin çörəyini tamamilə kəsir”. Məktubun sonunda 13 yaşlı Polad müalicəsi ilə bağlı kömək göstərilməsini və ailəsinin probleminin həllində kömək göstərilməsini xahiş edir. Geri qayıt |