Əsas Səhifə > Sosial, Manşet > ABUTALIBOV YOLA SALINMA ƏRƏFƏSİNDƏ

ABUTALIBOV YOLA SALINMA ƏRƏFƏSİNDƏ


10-01-2012, 12:55
ABUTALIBOV YOLA SALINMA ƏRƏFƏSİNDƏ

ELDAR ƏZİZOV İSƏ KÖHNƏ SEVDASININ SORAĞINDADIR

DİA.AZ: - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun vəzifədən gedəcəyi ilə bağlı hakimiyyət daxilində müzakirələr yenidən intensivləşib. Abutalıbovun vəzifədən ayrılması ilə bağlı siyasi qərarın verilməsi mayda Azərbaycan paytaxtında keçiriləcək «Eurovizion» musiqi yarışmasından sonrayadək ertələnsə də, bu mövzu yenidən və qəfil şəkildə gündəmə gəlməyə başlayıb. Məlumat redaksiyamıza etibarlı mənbədən daxil olub.

Mənbənin deməsinə görə, buna səbəb Bakının nüfuzlu beynəlxalq musiqi yarışması ərəfəsində hələ də öz xarici görünüşünü kifayət qədər dəyişməməsidir. Belə ki, müsabiqəyə cəmi beş ay qalsa da, Azərbaycan paytaxtının hətta mərkəzi küçələrində belə, kifayət qədər abadlaşdırma işləri aparılmayıb. Görülən işlərin keyfiyyəti isə ciddi şübhələrə yol açıb və Bakı merinin bu məqsədlə ayrılan dövlət vəsaitini təyinatı üzrə xərcləməsinə dair əsaslı tərəddüdlər yaranıb. Artıq Bakı merinin özünün də başı üzərində «qara buludların» dolaşmağa başladığının fərqində olduğu və ciddi narahatlıq keçirdiyi gələn bilgilər arasındadır. Paytaxt başçısının hələ yeni ildən bir neçə gün əvvəldən başlayaraq çox qaşqabaqlı və aqressiv göründüyü deyilir.

Elə yeni ilin ilk günlərində Bakıda fəaliyyət göstərən əl yayımı ilə məşğul olan qəzet satanların işinə əngəlllər yaradılmağa başlaması da Abutalıbovun həmin qəzəbli və aqressiv davranışının simptomlarından biri sayıla bilər. Belə ki, Bakının müxtəlif istiqamətlərində, xüsusilə də paytaxtın mərkəzi küçələrində əlyayımı işçilərinə özlərini Bakı Şəhər İcra Hakimiyyətinin işçisi kimi təqdim edən şəxslər hücum ediblər. Onlara sonuncu xəbərdarlıq etməklə bir daha küçədə qəzet satmamaq barədə tapşırıq veriblər.

Səyyar satıcıların verdiyi məlumata görə, bu, müstəqil qəzetlərin əlyayımı ilə reallaşan satışına ciddi şəkildə mənfi təsir göstərib.

Ehtimal edilir ki, Abutalıbovun səyyar qəzet satıcılarına qəfil hücumu onun «vurulma ssenarisi»ndə medianın da yaxından iştirak etməsini düşündüyündən irəli gəlir. Paytaxt başçısı son yarım ayda yenidən ən sərt şəkildə qəzetlərin tənqid hədəfinə çevrilməsinin təsadüf olmadığının fərqinə varıb, onun «qələmini qıran» siyasi dairələrə təpkisini nümayiş etdirmək gücü və cəsarətində olmadığı üçün acığını qəzetlərdən çıxmağa çalışıb.

Maraqlıdır ki, Abutalıbovun vəzifədən ayrılacağı haqda xəbərlərin ardınca Sumqayıtın icra başçısı Eldar Əzizovun Bakının yeni icra başçısı olacağına dair məlumatlar gəlməyə başlayıb. Xeyli vaxt əvvəldən ortaya atılan və bir müddət idi ki, gündəmdən çıxmış iddialar yenidən «dirilməyə» başlayıb. Xatırladaq ki, hələ Gəncə şəhərinə rəhbərlik etdiyi dönəmlərdə Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyin ediləcəyi haqda məlumatlar yayılsa da, bu gözləntilər sonradan özünü doğrultmadı. Gəncədən sonra Eldar Əzizov Sumqayıta «transfer» olunub. Lakin onun yenə də Hacıbala Abutalıbovun postunda gözünün qaldığı barədə siqnalların gəldiyini iddia edən qaynaqlar artıq hazırkı Bakı merinin bu vəzifədə son çağlarını yaşadığını vurğulayır və bildirirlər ki, bu barədə məlumatlı olan Eldar Əzizov da çoxdan arzuladığı təyinatın gerçəkləşməsi üçün fəallığını artırıb.

Geri qayıt