Əsas Səhifə > Dünya > FRANSA İNDİ DƏ İRANA İLİŞİR

FRANSA İNDİ DƏ İRANA İLİŞİR


10-01-2012, 13:02
FRANSA İNDİ DƏ İRANA İLİŞİR

PARİSDƏKİ NAZİR MOLLA REJİMİNİ SANKSİYALARLA HƏDƏLƏDİ

Fransa İranın uranın zənginləşdirməsini qətiyyətlə pisləyərək bildirir ki, bu hərəkət Tehrana qarşı yeni sanksiyaların tətbiq olunmasına gətirəcək.

Bu barədə Fransa XİN-in nümayəndəsi Romen Nadal deyib. O bildirib, “Tehranın yeni təxribatı bizi vadar edir ki, Avropadakı müttəfiqlərimiz və digər tərəfdaşlarımızla İrana qarşı yeni və sərtliyi görünməmiş dərəcədə olan sanksiyalara əl ataq”.

Gözlənilirdi ki, Avropa İttifaqı İrana qarşı neft embarqosunu yanvarın 30-da Brüsseldə keçiriləcək Aİ xarici işlər nazirlərinin sammitində elan edəcək. Lakin Aİ bu görüşü yanvarın 23-də keçirməyi qərara alıb.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland keçirdiyi brifinqdə bəyan edib ki, İranın 20 faizə qədər uranın zənginləşdirməsinə başlaması bu ölkənin üzərinə götürdüyü öhdəlikləri pozması deməkdir. Onun sözlərinə görə ABŞ hadisələrin bu səpkidə inkişaf etməsinə hazır idi və Vaşinqton nüvə proqramı ilə bağlı proseslərin gedişatını diqqətlə izləyir.

İranın uranın zənginləşdirməsinə başlaması ilə narahatlığını BMT-nin Baş Asambleyasının nümayəndəsi Martin Heriski də bildirib. O deyib ki, İran nüvə proqramının dinc xarakter daşıdığını sübut etməli və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini həyata keçirməlidir.

Xatırladaq ki, Beynəlxalq Atom energetikası agentliyinin (MAQATE) və BMT-nin nümayəndəsi təsdiq edib ki, İran Fordu dağının içində tikdiyi yeraltı nüvə obyektində uranın zənginləşdirməsinə başlayıb.

İranın nümayəndəsi Əli Əsgər Soltaniye SkyNews telekanalına bildirmişdi ki, Fordu dağının içindəki tunellərdən ibarət kompleksdə uranın 20 % qədər zənginləşməsi aparılır.

Verilən məlumatda deyilir ki, ABŞ və İsrailin arsenalında olan yeraltı bunkerləri yox etmək üçün raketlər, Fordu dağının içində, 80 metr dərinlikdə yerləşən obyekti yox etməyə qadir deyil.


Geri qayıt