Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SEÇKİ SONRASININ DAHA BİR QURBANI BƏLLİ OLDU
SEÇKİ SONRASININ DAHA BİR QURBANI BƏLLİ OLDU22-08-2013, 12:20 |
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Əli Həsənova qarşı tənqid və etirazlar get-gedə intensivləşir. Bəzi müşahidəçilər seçki ərəfəsində Həsənova qarşı bu artan tənqid və narazılıqları heç də təsadüfi saymırlar. Xatırladaq ki, "Qaçqınkom" rəhbərinə qarşı sonuncu sərt etiraz srağagün yaşanıb. Belə ki, bir qrup məcburi köçkün Mirəli Qaşqay küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsindəki yolu bağlayıblar. Məlumata görə, məcburi köçkünlərin onlara verilən mənzillərin ədalətsiz şəkildə bölüşdürülməsinə etiraz edirlər. Yol polislərinin səylərinə baxmayaraq, aksiya iştirakçıları yolu açmayıblar. "Qaçqınkom" isə bu narazılıqları həmişəki kimi haqsız sayıb. Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. O, Dövlət Neft Akademiyasının yataqxanasında yerləşən bir qrup məcburi köçkünün etiraz aksiyası keçirərək, onlara verilən mənzillərin həddən artıq kiçik olması məsələsinə münasibət bildirərkən belə qeyd edib: "Həmin binalar ən böyük kvadrat metrlərlə hesablanmış layihələrdir. Bina müasir standartlar səviyyəsində tikilib. Daimi olaraq 24 saat isti və soyuq su ilə təchiz olunub. Narazılığın heç bir əsası yoxdur". Əli Həsənovun sözçüsü bildirib ki, evlər qanunvericilik çərçivəsində püşkatma yolu ilə verilir. "Kimsə artıq mənzil istəyir, amma mənzillər ailə tərkibinin sayına uyğun verilir. 2 nəfərə 1 otaqlı, 3-4 nəfərə 2 otaqlı, 5-6 nəfərə 3 otaqlı, 7-dən çox üzvü olan ailəyə 4 otaqlı mənzil verilir. Bunlar hamısı qanunvericiliklə tənzimlənən işlərdir. Komissiya püşkatma yolu ilə mənzilləri, binaları, mərtəbələri müəyyənləşdirir". Hazırda orada komissiyanın işlədiyini deyən mətbuat xidməti rəhbəri bildirib ki, onlara edilən müraciətlər yerindəcə araşdırılır. "Kiminsə nədənsə narazılığı varsa komissiyaya yerində müraciət edir, baxılır və qanunvericilik çərçivəsində tədbir görülür". Bəzi ekspertlərə görə isə, qaçqın və məcburi köçkünlər üçün binaların paylanması zamanı hər dəfə oxşar narazılıqların meydana çıxması şübhələnməkdən ötrü əsas yaradır: "Axı mümkün deyil ki, hamı haqsız olsun, amma Həsənovun komitəsi haqlı. Əgər bu qədər insan hər dəfə həm binaların tikintisi zamanı korrupsiyadan bəhs edir, həm də mənzillərin paylanması zamanı ayrı-seçkiliyə yol verildiyini deyirsə, deməli, ortada həqiqətən də hansısa problem var". Ekspertlərə görə, ən maraqlı məqamlardan biri xüsusilə seçkiyə aylar qala belə etiraz və narazılıqların intensivləşməsidir. Ölkə rəhbərliyinin indiki həssas siyasi dönəmdə vətəndaşları narazı salmamaq və onların etirazlarının sərt forma almasına yol verməmək barədə göstərişi olmasına rəğmən, "Qaçqınkom" rəhbərliyi ilə bağlı son üç ay da ard-arası kəsilməyən şikayətlər və etiraz aksiyaları Əli Həsənov üçün sonradan ciddi baş ağrısı yarada bilər. Komitə sədrinin iqtidar içində ciddi rəqiblərinin olduğuna dair KİV-dəki məlumatları xatırladan bəzi qaynaqlar seçki ərəfəsində yaşanan bu halların sonradan Əli Həsənova qarşı kompromatlara çevriləcəyinə şübhə etmir. "Həsənovun həm baş nazir müavini, həm də Komitə sədri kimi hökumətdə xüsusi ağırlığı var. Rəqibləri seçkidən sonra formalaşacaq yeni hökumətdə "Qaçqınkom" sədrinin yer almasını önləmək üçün indi bir-birini əvəz edən etiraz aksiyalarını kompromat vasitəsinə çevirə və onun "Vurulmasına" zəmin hazırlaya bilərlər. Ən azı Əli Həsənovun baş nazir müavinliyindən kənarlaşdırılmasını istəyən qüvvələr üçün hazırda "Qaçqınkom"dan artan, şiddətlənən şikayətlər və narazılıqlar mühüm əhəmiyyət kəsb edir" deyə hakimiyyətdaxili proseslər barədə məlumatlı qaynağımız öz ehtimalını irəli sürüb. Seçkidən sonra istər baş nazirlik, istərsə də vitse-premyerlik postları uğrunda ciddi iqtidariçi mübarizə gedəcəyinə diqqət çəkən bəzi mənbələr Əli Həsənovdan fərqli olaraq baş nazirin digər iki müavini - Abid Şərifovla Elçin Əfəndiyevin karyera perspektivinin böyük ölçüdə həll edildiyini düşünürlər. "Onların hər ikisinin yeni hökumətin tərkibində yer almayacağı qətiləşib. Əli Həsənov isə hələlik müqavimət göstərir və ən azı indiki mövqelərini seçkidən sonra qorumaqda da israrlıdır. Məhz bu səbəbdən onun tez-tez etiraz hədəfinə çevrilməsi maraq doğurur. Hesab etmək olar ki, bu cür narazılıqlarla, şikayətlərlə "Qaçqınkom" rəhbərinə qarşı kompromat dosyesi zənginləşdirilir, onun hökumət daxilindəki nüfuzu zəiflədilir ki, bununla da "vurulması" xeyli asanlaşsın" deyə mənbələrdən biri proqnozunu söyləyib. Hər halda deyilənlərin nə qədər doğru olub-olmadığını zaman göstərəcək. Amma bəri başdan qeyd etməyi unutmayaq ki, istənilən halda son bir neçə ayda davamlı şəkildə "Qaçqınkom"dan narazı qalanların Bakıda etiraz aksiyaları keçirməsinin Əli Həsənovun gələcək karyerası baxımından təsirsiz ötüşəcəyinə inanmaq çətindir. Geri qayıt |