Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏTDƏN MİLLƏTÇİLƏRƏ ŞOK «STAVKA»

HAKİMİYYƏTDƏN MİLLƏTÇİLƏRƏ ŞOK «STAVKA»


10-01-2012, 13:28
HAKİMİYYƏTDƏN MİLLƏTÇİLƏRƏ ŞOK «STAVKA»

İRANIN QARŞISINA RƏSMİ BAKI BOZ QURDLARI SƏFƏRBƏR EDİR

DİA.AZ: - Son zamanlar Azərbaycanla İran münasibətlərində çox ciddi gərginlik yaşanmaqdadır. Bir yandan ayrı-ayrı nümayəndələrinin dili ilə ölkəmizi və dövlətimizi idarə edənləri təhqir edən, aşağılayan, hədələyən fars-molla rejimi, digər yandan da Azərbaycan daxilində agenturasının gücünü nümayiş etdirməkdədir. Bundan əlavə İranın Ermənistana açıq-aşkar verdiyi dəstək də diqqətlərdən yayına bilməz.

Təəssüflər olsun ki, bu gün ölkə içində İranın pul gücünə və yaxud da müxtəlif yollarla ələ keçirdiyi yüzlərlə azərbaycanlı var ki, dövlətimizin milli maraqlarına tüpürərək molla rejiminin əlində oyuncağa çevrilib. Onların kimlikləri və fəaliyyətləri hər kəsə məlumdur. Hər halda, Azərbaycan dövlətini hansısa süni müxalifətçilik maraqları fonunda hədəfə çevirmək, dövlətindən və millətindən asanlıqla imtina heç də təsadüfi və sıradan bir hadisə kimi qəbul oluna bilməz.

Bu bir faktdır ki, hazırda yüzlərlə Azərbaycan vətəndaşı İran xəfiyyəsinin təsiri altındadır. Təbii ki, rəsmi Bakı davamlı olaraq molla rejiminin Azərbaycan daxilindəki kəşfiyyat fəaliyyətinin qarşısını almağa çalışır və bu yöndə çox ciddi əməliyyatlar da həyata keçirilib. «Ceyşullah» kimi təşkilatların Azərbaycandakı fəaliyyəti də belə deməyə əsas yaradır ki, İran bizim könlümüzü hələ çox bulandıracaq.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına daxil olan məlumatlardan isə aydın olur ki, artıq rəsmi Bakı molla rejiminə qarşı öz üsulu ilə mübarizə aparmaq niyyətindədir. Xatırladaq ki, iki gün əvvəl İranın tələbə təşkilatı kimi təqdim olunan «BƏSİC» adından Azərbaycan dövləti və Azərbaycan hakimiyyəti bir daha hədələndi və hətta «BƏSİC» adından verilən bəyanatda molla rejiminin xüsusi xidmət orqanları daha da irəli gedərək ölkəmizi yaşıl inqilabla da təhdid etdilər.

Redaksiyamızı bilgiləndirən mötəbər qaynaq bildirir ki, artıq rəsmi Bakı müəyyən tədarüklər yolundadır: «Təbii ki, bu gün İran Azərbaycanda dini sümürməklə, dini istismarla məşğuldur. Necə ki, bu gün İran adlanan dövlətin islama və şiəçiliyə dəxli yoxdur və bu dövlət əslində fars şovinizminin təzahürüdür, eləcə də Azərbaycanda da eyni üsulla davranaraq insanlarımızın inancından yararlanmağa çalışırlar».

Mənbəmizin sözlərinə görə, hazırda dini kəsimlə ciddi problemlər yaşayan hakim dairələr bunun qarşılığında millətçi qüvvələri öz ətrafında səfərbər etmək niyyətindədir: «Artıq bu yöndə müəyyən addımlar atılıb. Bu gün pərakəndə şəkildə fəaliyyət göstərən millətçi qüvvələr, keçmiş Boz Qurdlar bir təşkilat altında birləşə bilər və bu ideya irəli sürülüb».

Məlumatlarda deyilir ki, bunun üçün çox ciddi maliyyə vəsaiti də ayrılıb: «Maraqlıdır ki, hələlik danışıqlar mərhələsi olsa da, xeyli iş görülüb. Yüzlərlə tanınmış millətçi ictimai-siyasi fiqur artıq müsbət razılıq verib». Mənbəyə görə, burada əsas məqsəd Azərbaycanın milli maraqlarının həm ölkə içində və həm də ölkə kənarında güdülməsi prioritet ideya kimi qoyulub:

«Burada diasporaların belə iştirakı nəzərdə tutulur. Və ilkin olaraq 3 yeni millətçi ruhlu təşkilatın yaradılması planlaşdırılır. Həmin təşkilatlardan ikisi tələbə gəncləri birləşdirəcək, bir təşkilatda isə yaşlı nəslin birləşdirilməsi nəzərdə tutulur. Burada maraqlı bir məqam da ondan ibarətdir ki, həmin təşkilatlarda siyasi yöndən daha çox, milli problemlərə münasibət önəm kəsb edəcək. Və ola bilsin ki, gənclər təşkilatları müxalifyönümlü şəxslərin nəzarətinə verilsin».

Hər halda, bütün bunlar təqdirəlayiq bir hadisədir. Bunu xüusi olaraq vurğulayan mənbəmiz onu da bildirdi ki, əslində normal dövlətlər hər zaman millətçilərə «stavka» edib: «Odur ki, rəsmi Bakının bu addımlarını gecikmiş də adlandırmaq olar. Çünki dövlətlər hər zaman milli qüvvələrin çiyinlərində dayanır».


Geri qayıt