Əsas Səhifə > Gündəm, Manşet > NAZİRLƏRİN DÖYÜŞÜ BAŞLADI

NAZİRLƏRİN DÖYÜŞÜ BAŞLADI


10-01-2012, 13:39
NAZİRLƏRİN DÖYÜŞÜ BAŞLADI

ZİYA MƏMMƏDOV FHN ŞEFİNİ ZƏRƏRSİZLƏŞDİRMƏK NİYYƏTİNDƏDİR

DİA.AZ: - Redaksiyamıza konfliktdə olan məmurların münasibətilə bağlı çox ilginc informasiyalar daxil olub. Bu barədə «Dünya» İnformasiya Agentliyini bilgiləndirən Nazirlər Kabinetindəki mənbəmizin sözlərindən belə aydın olur ki, uzun müddətdir ədavətdə olan nəqliyyat naziri Ziya Məmmədovla fövqəladə hallar naziri Kəmaləddin Heydərovu bir müddət əvvəl barışdırmağa cəhd olunsa da, onların barışdığı xəbəri yayılsa da, bunların həqiqət payı çox azdır.

Xatırladaq ki, hər iki nazirin küsülü olması və onların bir-birilə danışmamaları barədə yerli qəzetlərdə məlumatlar yayılmışdı. Onu da bildirək ki, hər iki oliqarx-nazir müxtəlif istiqamətlərdə bir-birilərinə qarşı az qala müharibə də elan ediblər. Ki, nəhayətdə bu konfliktə birbaşa olaraq prezidentin müdaxilə etdiyi də söylənilir.

Onu da qeyd edək ki, zamanında prezident İlham Əliyev aşkar surətdə bir-birilə döyüşən o zamankı əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevlə təhsil naziri Misir Mərdanova sərt şəkildə xəbərdarlıq edərək onları qarşılıqlı nifaqdan çəkindirməyə çalışmışdı. Hətta çıxışında prezident sərt şəkildə bir ifadə də işlətmişdi. «Kim siyasətlə məşğul olma istəyindədirsə, buyurub istefa verə bilər» şəklində xəbərdarlığını döyüşən məmurlara çatdıran İlham Əiyev sonradan bu iqtidariçi konfliktdən çəkinməyən, geri addım qoymayan Əli Nağıyevi görəvindən almaqla cəzalandırdı.

İndi isə eyni sərt mübarizə Kəmaləddin Heydərovla Ziya Məmmədovun arasında gedir. Hətta Kəmaləddin Heydərovun nəzarətində olan mətbuatda NN şefinə qarşı açıq hücumlar da müşahidə olunmaqdadır. Ki, bu da məsələnin şiddətli məcraa yön almasının göstəricisidir.

Mötəbər mənbələrdən əldə ediyimiz son məlumatlarda isə bildirilir ki, Ziya Məmmədov artıq Kəmaləddin Heydərovun ona qarşı təzyiq və basqılarından usanaraq bu barədə konkret faktlara söykənən kampramat xarakterli materialları hətta prezidentə də təqdim edib.

Məlumatlı mənbənin söylədikləri: «Ziya Məmmədov yaxşı bilir ki, bu cür konfliktin ömrü uzun ola bilməz və onlardan hansısa biri mütləq şəkildə prezidentin hədəfinə çevriləcək. Və NN şefi özünü bu prosesdə hədəf kimi görmək istəmədiyindən indidən işini ehtiyatlı tutur, günahkarın kim olduğunu açıq şəkildə nişan verir».

Onu da vurğulayaq ki, zamanında eyni üsulla Kəmaləddin Heydərov hazırda həbsdə saxlanılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi zərərsizləşdirmişdi. İndi isə eyni metod onun özünə qarşı istifadə olunur. Mənbəmiz bildirir ki, bu prosesdə kimin qalib gələcəyini söyləmək çətin olsa da, Kəmaləddin Heydərovun «uduşlu» çıxacağı o qədər də inandırıcı görünmür: «Çünki FHN şefinə qarşı paralel olaraq digər iqtidariçi qüvvələr də hərəkətə keçib».


Geri qayıt