Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SUMQAYIT TƏHSİLİNDƏ BİABIRÇILIQ

SUMQAYIT TƏHSİLİNDƏ BİABIRÇILIQ


23-08-2013, 12:11
SUMQAYIT TƏHSİLİNDƏ BİABIRÇILIQ
Redaksiyamıza Sumqayıt şəhəri, 10-cu mkr, ev 21, mənzil 7-də yaşayan, YAP üzvü Adil Rəcəbovun üzləşdiyi problemlə bağlı təhsil naziri Mikayıl Cabbarova ünvanlanmış şikayət ərizəsi daxil olub.

Şikayətçi ərizəsində qeyd edib ki, ali təhsilli riyaziyyat müəllimidir, 30-illik pedaqoji stajı var, dəfələrlə Təhsil Nazirliyinin və Sumqayıt şəhər təhsil şöbəsinin fəxri fərmanları ilə təltif olunub: “Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində işlədiyim zaman Sumqayıt şəhər təhsil şöbəsinin sabiq müdiri Vidadi Bağırov tərəfindən mənəvi və inzibati təzyiqlərə məruz qalırdım. Nəticədə, məni direktorluqdan azad etdi. Yerimə isə vaxtilə Misir Mərdanovun işdən çıxarılan müavinlərindən İsgəndər İsgəndərovun qardaşı qızını təyin etdi. İşdən haqsız çıxarılmağım barədə Təhsil Nazirliyinə şikayət ərizəsi ilə müraciət etdim. Ərizəm Vidadi Bağırovun üstünə göndərildi ki, tədbir görülsün. V.Bağırov isə məni yanına çağırıb dedi ki, “Sumqayıt təhsilinin ağası mənəm, hara istəyirsən yaz! Dayımız Misir Mərdanov o vəzifədə durduqca Sumqayıt təhsili mənə baxır. Kimi istəsəm işdən çıxararam, kimi istəsəm işə gətirərəm”.

V.Bağırovun mənə etdiyi haqsızlıqlara dözməyən qardaşım - Azərbaycanda ilk lisey-məktəb yaradanlardan biri, qabaqcıl təhsil işçisi, “İstedad” liseyinin direktoru Arif Rəcəbovun ürəyi elə öz kabinetindəcə partladı, ardınca da atamla anam dünyasını dəyişdi...”.

Şikayətçi daha sonra yazıb ki, son 15 ildə Sumqayıt təhsilini bərbad vəziyyətə salan Vidadi Bağırov 22 oktyabr 2012-ci ildə vəzifəsindən azad edilsə də, onun “komandası” hələ də Sumqayıt şəhər təhsil şöbəsində qeyri-qanuni işlərlə məşğuldur: “Korrupsioner qrupun üzvləri: müdir müavini Ələkbərov Vaqif Hüseyn oğlu (yaşı 68-dir), metodmərkəzin direktoru Məmmədov Sabir Məhəmməd oğlu (yaşı 71-dir), aparıcı məsləhətçi Mammədov Sübhü Çoban oğlu, Sabir Məmmədovun bacısı qızı Zeynalova Günel Arif qızı (pedaqoji stajı olmadan aparıcı məsləhətçi təyin edilib), sabiq təhsil naziri Misir Mərdanovun məktəb direktoru olan bir neçə qohumu və digərləri Sumqayıt təhsilini dağıdırlar. Bu qrupun gördüyü bəzi qanunsuz işlər aşağıdakılardır:

- Şəhərin məktəbdənkənar müəssisələrində çalışan işçilərin əmək haqlarının əvvəlki illərdə olduğu kimi tam yarısını Vaqif Ələkbərov tərəfindən mənimsəyir;

- Məktəbdənkənar müəssisələr tərəfindən mənimsənilən pullar haqqında saxta jurnallar yazılır;

- “Ölü canlar”ın bankomat kartları direktorlarda olur;

- Son illərdə bir şagirdin adını iki məktəb hesabatına salmaqla şagirdlərin sayını süni şəkildə artıran Sübhü Məmmədov ilə Vaqif Ələkbərov bilərəkdən maliyyə pozuntularına şərait yaradıblar.

Sonda bir maraqlı məqama da toxunmaq istəyirəm. 31 yanvar 2010-cu ildə keçirilən monitorinqdə 11-ci siniflər üzrə 3577 şagird iştirak edib. Həmin şagirdlər 2007-2008 tədris ilində 9-cu sinfi bitiriblər. Onda şagirdlərin sayı 4816 nəfər olub. Deməli, 4816-3577=1239 nəfər şagird 9-cu sinifdən sonra 11-ci sinfə qədər təhsildən yayınıb. Deyək ki, bunlardan 30%-i peşə liseylərinə gedib, bəs qalan 70%-i hanı?”

Şikayətçi təhsil nazirindən xahiş edir ki, bütün bunları nəzərə alaraq Sumqayıt təhsilini bərbad vəziyyətə salanlar barədə tədbir görsün. \ tezadlar \

Məsələ ilə bağlı qarşı tərəfin də faktlara əsaslanan mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt