Əsas Səhifə > Güney Press, Araşdırma > RƏSUL QULİYEVDƏN ŞOK AÇIQLAMALAR
RƏSUL QULİYEVDƏN ŞOK AÇIQLAMALAR23-08-2013, 14:41 |
“Milli Şuranın Azərbaycanda işləyən qurum ola bilməyəcəyini gərək hər kəs anlayaydı. 10-15 nəfərdən ibarət İdarə Heyəti və ya buna bənzər orqanın yaradılması təşəbbüsü taran edildi, şəxsi və qrup maraqlarının üstünlük təşkil etdiyi Milli Şurada seçki ilə bağlı heç bir ciddi müzakirə aparılmadı. Ancaq iyunun axırında, nəhayət, ABŞ konqresmenlərinin xahişi ilə vahid namizəd seçildi”. APA-nın xəbərinə görə, bunu Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev “facebook” sosial şəbəkəsindəki səhifəsində Milli Şuranın (MŞ) fəaliyyəti ilə bağlı yazısında qeyd edib. R. Quliyev daha sonra qeyd edib ki, MŞ bir ay müddətində vahid namizədin gələ bilməyəcəyi barədə şübhə toxumu səpib, seçkilərə getməklə bağlı proqramı müzakirə etməyib, bunun əvəzində alternativ namizəd axtarışında olub: “Hətta Tiflisdə vahid namizədlə görüşəndən sonra da bu proses davam etdirildi. Bu qalmaqallardan yorulmuş vahid namizəd isə seçkiyə getmək istəməyənlərin məğlubiyyətin səbəblərini ancaq onun üzərinə atacaqlarını gördüyü üçün məktubla və müsahibələrində istəyənin namizədliyini irəli sürə biləcəyini dedi”. R. Quliyev ehtiyat namizəd kimi Cəmil Həsənlinin adının hallandırılmasına da münasibət bildirib: “Ehtiyat namizəd uğrunda canfəşanlıq edənlərin məqsədi nədir? Prezident seçkilərində qələbə qazanmaq? Fikirləşirəm ki, psixi xəstəxanaların “klientləri” arasında da buna inanan tapılmaz”. ACP lideri MŞ-dakı siyasətçilərin C. Həsənlini “qurbanlıq” seçdiklərini bildirib: “Çox ehtimal ki, İlqar Məmmədovun qeydiyyat məsələsi həll ediləcək və o, namizəd kimi sentyabrın 15-nə qədər həbsdən azad ediləcək. İlqar Məmmədov Azərbaycan siyasətində ən qəribə fiqurdur. Ölkədə onu heç kim tanımır, ancaq xaricdə yaxşı tanıyırlar, deməli, onların diqqəti Məmmədova yönəldiləcək. Cəmil müəllimi istəsələr, qeydiyyatdan keçirəcəklər, istəməsələr yox. Çünki onunla müqayisədə İlqar Məmmədov əsl müxalifət hesab olunur”. Geri qayıt |