Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞƏMKİRDƏ SEÇKİ ƏRƏFƏSİ VƏZİYYƏT QARIŞA BİLƏR

ŞƏMKİRDƏ SEÇKİ ƏRƏFƏSİ VƏZİYYƏT QARIŞA BİLƏR


23-08-2013, 17:11
ŞƏMKİRDƏ SEÇKİ ƏRƏFƏSİ VƏZİYYƏT QARIŞA BİLƏR
FAZİL MƏMMƏDOV ÜÇÜN BAŞAĞRISI

DİA.AZ: - Şəmkir rayonu məmur özbaşınalıqlarının xüsusilə çox müşahidə olunduğu bölgələrdən biri kimi seçilir. Redaksiyamıza daxil olan məlumatlara əsasən, bu rayonun sakinləri böyük əksəriyyətlə RİH rəhbərliyinin fəaliyyətindən son dərəcə narazıdırlar. Son vaxtlar ölkə mətbuatında da Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysovun qeyri-qənaətbəxş fəaliyyətinə dair müxtəlif tənqidi materiallar dərc olunmaqdadır. Xüsusilə bu materiallarda icra başçısı tərəfindən rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlara qarşı yolverilməz münasibət göstərildiyi qeyd olunur.

Belə ki, bir müddət əvvəl Nazim Veysovun rayondakı bazarların fəaliyyətlərini nəzarətə götürmək və imkan dairəsində onları ələ keçirmək üçün müxtəlif üsullara əl atdığı barədə xəbərlər yayımlanmaqda idi. Mənbələr bildirirdilər ki, sahibkarlarla icra başçısı arasındakı problemin yaranmasının səbəbi bazarlardan əldə olunan gəlirdən ona pay verilməməsi ilə bağlıdır. Yeni aldığımız daha bir məlumatda isə Fazil Məmmədovun kurasiyasında olan Şəmkirdə, Rayon İcra Hakimiyyəti əməkdaşlarından birinin Vergilər nazirinin qohumu olması faktı irəli sürülür.

DİA.AZ-a daxil olan məlumatlarda qeyd olunur ki, İman adlı bu əməkdaş Şəmkir RİH aparatında yer alan bütün qeyri-qanuni maliyyə dövriyyəsi hallarına nəzarət edir. Eyni zamanda da Şəmkir rayonu üzrə dövlət vəsaitləri hesabına həyata keçirilməsi qərara alınmış, iri miqyaslı təmir, tikinti, abadlıq işlərini nəzərdə tutan layihələrin icrası da davamlı olaraq yalnız həmin şəxsə həvalə olunur. Göründüyü kimi, məlumatlar daha çox Şəmkirdə Nazim Veysovun səlahiyyətlərinin bir qədər çərçivəyə alınması təxminini ortaya gətirir. Lakin, elə həmin mənbələr də bu vəziyyətin icra başçısını qətiyyən narahat etmədiyini təsdiqləyirlər.

Ötən yazılarda biz həmçinin qeyd etmişdik ki, N.Veysovun Şəmkirin kənd bələdiyyə sədrləri və icra nümayəndələri ilə xüsusi münasibətləri hər zaman diqqəti cəlb edir. Həmçinin göstərmişdik ki, Yuxarı Seyfəli kəndinin icra nümayəndəsi Elçin müəllim də RİH başçısının qohumudur. O cümlədən başçının xüsusi havadarlıq etdiyi Yeni Həyat kənd icra nümayəndəsi Mikayıl müəllim də bu himayədən özünəməxsus tərzdə yararlanan məmurlardandır. Təbii ki, bu siyahını artırmaq olardı. Elə bu vəzifəyə gəlmək üçün başçıya 5000 (beş min) manat ödədiyi iddia olunan, Könüllü kənd icra nümayəndəsi Aktiv müəllimin də bu sırada öz yeri var. Amma sırf malik olduğu qohumluq əlaqələri xüsusunda, mənbələr Aktiv müəllimin Şəmkirdə “AST” şirkətlər qrupunun prezidenti Telman Ismayılovun köməkçisi kimi tanınan “Moskva Məhərrəmin” qohumu olduğunu bildirirlər.

Bununla belə N.Veysovun yubileyinə hazırlıq işlərində bu kiçik çinli məmurların əksəriyyətinin yaxından iştirak etdiyi də məlumatlarda qeyd olunur. Xatırlayırsınızsa ötən saylarımızda biz, Nazim Veysovun yol verdiyi bəzi korrupsiya əməllərindən bəhs edən materiallarda Şəmkir rayonunda “9-lar” kimi tanınan Zeynalov qardaşlarının fəaliyyətlərinə də toxunmuşduq. Yeni aldığımız məlumatlarda məhz Zeynalovlar tərəfindən, başçının səlahiyyətlərinin məhdudlaşdırılması ideyasına digərlərindən fərqli reaksiya verildiyi xüsusi vurğulanır...

Geri qayıt