Əsas Səhifə > Güney Press, Üçüncü sektor > XƏTAİNİN İCRA BAŞÇISI HƏDƏFDƏ

XƏTAİNİN İCRA BAŞÇISI HƏDƏFDƏ


27-08-2013, 11:23
XƏTAİNİN İCRA BAŞÇISI HƏDƏFDƏ
Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Razim Məmmədovun qeyri-qanuni işləri, rayon ərazisindəki yaşıllıqlara qənim kəsilməsi, torpaqları qarış-qarış satması ilə bağlı «Gündəlik Bakı»da və digər mətbuat orqanlarında dəfələrlə tənqidi məqalələr dərc olunub. 2006-cı ildən bu vəzifəni daşıyan məmur Xətaidə daş üstə daş qoymayıb, nə qədər boş torpaq sahəsi varsa hamısını satıb. Bununla bağlı kifayət qədər faktlar mövcuddur.

Boş yerlərin azaldığını görən icra hakimi isə son vaxtlar ağaclarla dolu olan sahələrə keçib. Özünü görməzliyə vuran icra başçısı rayonun bəzi qəsəbələrində ağacların qırılmasına şərait yaradır. Bir müddət əvvəl «Əhmədli» metrostansiyasının yaxınlığındakı ağacların çoxu kəsilib və yerində müxtəlif obyektlər tikilib. Rayon rəhbəri «yaşıl soyqırım»dan xəbərdar olsa da, səsini belə çıxarmır. Çünki həmin yaşıllıq massivləri onun icazəsi ilə satılır. Əldə etdiyimiz məlumatlara görə, Xətaidə «yaşıl soyqırım» bu gün də davam edir. Bu barədə redaksiyamıza məlumat verən Fuad adlı Xətai sakini bildirdi ki, Məhəmməd Hadi küçəsi və «Həzi Aslanov» metrostansiyasının yaxınlığında ağaclar vəhşicəsinə kəsilir: «Metrodan «Ukrayna» meydanına tərəf gedən yolun sağ və sol tərəfi bir neçə ay əvvələ kimi yaşıllıq sahəsi idi. Son üç ay ərzində burda elə vəhşilik törətdilər ki, ağaclardan əsər-əlamət qalmayıb. Metronun çıxış hissəsindəki yaşılıqları bir neçə günün içində qırıb yerini satdılar. Hazırda həmin ərazidə müxtəlif obyektlər fəaliyyət göstərir. İcra Hakimiyyətinin nümayəndələri gözdən uzaq yerdə hansısa tikinti işi gedən kimi dərhal həmin adamın başının üstünü kəsirlər, icazə vermirlər. Rayonun mərkəzi yerlərindən sayılan Həzi Aslanovda isə ağacların qırılmasını sadəcə seyr etməklə kifayətlənirlər. Metronun çıxışında yeni tikilən obyektlər bir nəfərindir.

Deyilənə görə, o buranı almaq üçün rayonun rəhbərinə 2 milyon manatdan çox pul verib. Heç bir dövlət qurumu Xətaidəki yaşıllığa reaksiya vermir. Bir sakin kimi ağacların qırılması məni və başqalarını narahat edir. Razim Məmmədovun əlində əlac olsa, Heydər Əliyev parkındakı ağacları də kəsib yerini satar». Məlumatlı sakinin sözlərinə görə, icra başçısı demək olar ki, rayonun hər yerində ağac qətliamının törədilməsinə göz yumur. Belə ki, bir müddət əvvəl Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov 21 ünvanında yerləşən parkda təmir adı altında onlarla ağac kəsilib: «Parka yaxın binalarda yaşayan insanlar buna etirazlarını bildirdilər. İcra hakiminin fikri var imiş ki, parkın ərazisini kiməsə satsın. Sakinlərin etirazı və günlərlə parkda növbə çəkmələri onun planlarını alt-üst edib. Bu minvalla bir neçə ildən sonra Xətaidə ağac qalmayacaq». Apardığımız araşdırmalar zamanı isə öyrəndik ki, Razim Məmmədovun satdığı bəzi ərazilərdə problemlər üzə çıxıb: «İcra başçısı «Cəngi» İstirahət Mərkəzinin yaxınlığındakı məktəbə bitişik ərazini illər öncə iş adamlarından birinə satmışdı. Burda da ağacların qırılması hesabına obyektlər inşa olunmuşdu. Həmin obyektlər təxminən beş il fəaliyyət göstərəndən sonra məlum olub ki, yerin altından su çıxır. Müvafiq qurumlardan gələn yoxlamanın qərarından sonra obyekt yerlə-yeksan edildi. Sahibkar rayon rəhbərindən məsələyə aydınlıq gətirməsini tələb etsə də, icra başçısı ona əhəmiyyət verməyib və həbs etdirəcəyi ilə hədələyib». Bu arada, bir neçə ay əvvəl icra başçısı ağac qırğınına göz yumduğu üçün yuxarı orqanlar tərəfindən bərk danlanıb. Ancaq buna baxmayaraq, qanunsuz işlərini hələ də davam etdirir. Bizə çatan məlumata görə, icra hakimi qanundan kənar işləri sayəsində Bakının ən varlı şəxslərindən birinə çevrilib. Şəhərin bahalı yerlərində qəsrləri, mənzilləri, Bakı kəndlərində bağ evləri, sayı dəqiq bilinməyən obyektləri var. Oğlunun yaşının az olmasına baxmayaraq, dəyəri 180 min manat olan avtomobil sürür. Məmurun vəzifə maaşı ilə bu qədər var-dövlət yığması və milyonçuya çevrilməsi mümkünsüz bir şeydir. Bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə görə, meşə fonduna aid olmayan ağac və kol əkimlərinin zədələnməsinə, kəsilməsinə və ya məhvinə görə fiziki şəxslər 2200 manatdan 2500 manatadək, vəzifəli şəxslər 9 min manatdan 10 min manatadək, hüquqi şəxslər 40 min manatdan 50 min manata qədər cərimə olunurlar. Məcələnin 92.3.1 maddəsində isə göstərilir ki, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan yaşıllıqlar məhv edildikdə hər bir ağac və kolun zədələnməsinə, məhvinə görə fiziki şəxslər 1200 manatdan 1500 manata kimi, vəzifəli şəxslər 3500 manatdan 4400 manata kimi, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək cərimələnirlər. Lakin qanunun tələblərini kobud şəkildə pozmasına baxmayaraq, icra başçısı haqqında heç bir tədbir həyata keçirilmir. Gələn saylarımızda adıçəkilən məmurun qızıl biznesi və Rusiyadakı əlaqələri barədə çoxlarına məlum olmayan faktları açıqlayacağıq. Bizi izləyin!

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

Geri qayıt