Əsas Səhifə > Güney Press, Üçüncü sektor > YENİ NAZİR KÖHNƏ QVARDİYANIN MÜHASİRƏSİNDƏ

YENİ NAZİR KÖHNƏ QVARDİYANIN MÜHASİRƏSİNDƏ


28-08-2013, 10:47
YENİ NAZİR KÖHNƏ QVARDİYANIN MÜHASİRƏSİNDƏ
MƏRDANOVUN “SAĞ ƏLİ” YENƏ ÖZ AMPLUASINDADIR...

DİA.AZ: - Avqustun 24-də təhsil naziri Mikayıl Cabbarov Siyəzəndə bu rayondan, habelə Quba, Qusar, Xaçmaz, Şabran və Xızı rayonlarından olan vətəndaşları qəbul edib. Mətbuatın yazdığına görə, nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı bu bölgədən olan vətəndaşların müraciətlərinə baxılıb. Belə düşünəndə bunu yeni nazirin mobilliyi – təhsilimizin yerlərdəki vəziyyətini təfərrüatı ilə öyrənmək, məsələlərə dərindən nüfuz etmək arzusundan doğan istəyi kimi dəyərləndirmək olar. Doğrudan da, bir var təhsilin dərd-sərini hansısa məmurun məruzəsindən öyrənəsən, bir də var vətəndaşın öz dilindən eşidəsən. Bu mənada yerlərdə keçirilən görüşlər böyük əhəmiyyət daşıyır. Amma...
Amması budur ki, görüş zamanı yeni naziri müşayiət edənlər köhnə komandanın üzvləri olub. Belə görünür, Mikayıl Cabbarov işlərini bu qvardiya ilə davam etdirmək niyyətindədir. Açığını deyim, bu heyətin içərisində nazirliyin şöbə müdiri Fərzəli Qədirovu görəndə təəccüb və təəssüf hissi məni götürdü. Öz-özümə düşündüm: Doğrudanmı, adam bu qədər əvəzolunmazdır ki, onsuz nə köhnə, nə də yeni nazirin işi aşmır? Bu gün mətbuatın ağzından düşməyən Fərzəli Qədirov, görəsən nə üzlə cəmiyyət arasına çıxa bilir və nəyəsə izahat verməyə çalışır?! Hesab edirəm ki, bu gün o, xalq qarşısında başqa mətləblərə – indiyə qədər törətdiyi əməllərə və son günlərin “qızıl medal” qalmaqalına aydınlıq gətirməlidir...
Oxucular yaxşı bilirlər ki, Fərzəli Qədirov Təhsil Nazirliyinin şah damarı sayılan strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə rəhbərlik edir. İndisini bilmirəm, əvvəlki nazirin dövründə kadr məsələləri üzrə Qədirov əlahiddə “gücə” malik idi. Onun bu mənada hansı səlahiyyətlərə sahib olduğunu bilmək üçün bircə faktı oxucuların diqqətinə çatdırıram.
Fərzəli Qədirov 6 il öncə həyat yoldaşı Kəmalə Qədirovanı birdən-birə “paraşütlə göydəndüşmə” kimi Bakının göbəyindəki 164 saylı orta məktəbə direktor təyin elətdirib. Halbuki bu xanım direktorluğadək həmin məktəbdə sıravi ibtidai sinif müəllimi işləyib. Bildiyimiz kimi, direktor olan şəxs bu vəzifəyə təyin olunanadək bəzi idarəçilik etaplarını keçməli, ən azından, bir neçə il dərs hissə müdiri (direktor müavini) işləməlidir. Amma Kəmalə Qədirova üçün bu meyar tətbiq olunmayıb. Beləliklə, bəzi suallar ortaya çıxır: Onun direktor təyinatı necə qanuniləşdirilib? İbtidai sinifdə gün ərzində 4-5 saat dərs deyən bir şəxs indiyədək məktəbə necə rəhbərlik (nəzarət) edib? Paradoksal bir vəziyyət yaranıb: Kəmalə Qədirova birnövbəli 164 saylı məktəbdə normal şəkildə dərslərini deyibsə, onda o, direktorluq etməyib, yox əgər normal şəkildə direktorluq edibsə, onda onun dərslərini başqa adam deyib. Digər tərəfdən, ibtidai sinif müəllminin orta məktəbə direktor təyin edilməsi nə dərəcədə məntiqidir?
“Kəndxudanı gör, kəndi çap” fəlsəfəsi ilə yaşayan Fərzəli Qədirovun “nüfuzu” keçmiş nazirin yanında o qədər artmışdı ki, onu nazirlikdə “Mərdanovun sağ əli” adlandırırdılar. Hətta, mətbuatın yazdığına görə, Misir Mərdanov onu özünə müavin gətirmək istəyirdi. Araya son dəyişikliklər düşdükdən sonra isə məsələ qarışdı...
İndi isə ortaya tamam başqa bir iş çıxıb. Bəlli olub ki, Fərzəli Qədirovun “qızıl medalçı” oğlu Qədirli Fərid qəbul imtahanında cəmi-cümlətanı 473 bal toplayıb. Anasının direktor olduğu 164 saylı məktəbi bitirən Fərid, belə çıxır, etimadı doğrultmayıb, klassik “5” ballıq sistemə görə “3,4” alıb.
Bu gün toyda da, mağarda da hamı Fəridin “qızıl medal” məsələsindən danışır, Fərzəli Qədirovsa dillənmir ki dillənmir. Bu haqsızlıq haqqında sosial şəbəkələrdə və mətbuat səhifələrində nələr yazırlar və deyirlər, Fərzəli Qədirovsa, heç nə baş verməmiş kimi, özünü görməməzliyə və eşitməməzliyə vurur...
Sonda yenidən qayıdıram Mikayıl müəllimin yerlərə səfərinə. Siyəzəndəki bir müəllim dostum məndən soruşur: Yeni nazir başına toplayıb bura gətirdiyi adamları bəlkə tanımır, bir pedaqoq, qələm əhli kimi, bunları onun nəzərinə niyə çatdırmırsınız? İndi mən dostuma nə deyim?! Deyim ki, biz hər şeyi çatdırırıq, amma...

Nadir İsrafilov, təhsil eksperti


Geri qayıt