Əsas Səhifə > Gündəm, Manşet > «ƏBU-BƏKR» MƏSCİDİNƏ QADAĞA GÖTÜRÜLÜR
«ƏBU-BƏKR» MƏSCİDİNƏ QADAĞA GÖTÜRÜLÜR11-01-2012, 12:49 |
RƏSMİ BAKI KÜVEYTLİ DEPUTATIN TƏLƏBLƏRİNƏ ƏMƏL EDİR DİA.AZ: - Məlum olduğu kimi, Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, doktor Vəlid ət-Tabatabayinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda olarkən Milli Məclisdə Küveytlə dostluq qrupunun rəhbəri, millət vəkili Çingiz Əsədullayevlə görüşündə çox ciddi bəyanatlar səsləndirmişdi. Həmin ərəfədə yayılan məlumatlarda deyilirdi ki, Vəlid ət-Tabatabayi görüşdə təkcə qarşılıqlı dostluq əlaqələrindən danışmayıb. Elə xəbərlərdə də bildirilirdi ki, o, Bakıdakı “Əbu Bəkr” məscidinin fəaliyyətinin dayandırılması Küveytin xeyriyyə fondlarının Azərbaycandakı işinə mənfi təsir göstərə biləcəyini də xüsusi olaraq vurğulayıb. Əslində bu faktın özü çox ciddi məqamlardan xəbər verməkdədir. Söhbət Azərbaycanda fəaliyyətdə olan vəhabi icmalarının arxasında duran qüvvənin rəsmən özünü açığa çıxarmasından gedir. Çünki bu vaxta qədər Azərbaycan vəhabiləri ilə bağlı mətbuatda çox qaranlıq təəssüratlar var idi. Əslində Vəlid ət-Tabatabayinin vəhabilərə bu şəkildə sahib çıxması həm də digər mühüm bir məqamı ortaya çıxarmış olur. Məlum olur ki, vəhabilər Azərbaycanda özbaşına deyillər və onların fəaliyyəti üçün rəsmi Bakının qeyri-rəsmi icazəsi var. Və elə buna görə də Vəlid ət-Tabatabayi hətta rəsmi Bakını şantaj edə biləcək səviyyədə mövqe ortaya qoyur. Bu barədə daxil olan məlumatlarda vurğulanır ki, Vəlid ət-Tabatabayinin bu tonda dnışığı səbəbsiz deyil: «Küveyt dövlətinə aid xeyriyyə fondları tərəfindən Azərbaycan məmurlarına yaxın strukturlara il ərzində 200 milyon dollara yaxın pullar köçürülür». Mənbəmizin açıqladığı bu faktın özü belə dəhşətli mənzərəni ortaya qoyur. Yəni əgər vəhabilər həqiqətən də Azərbaycan dövlətçiliyi üçün təhlükə mənbəyi hesab olunurlarsa, o zaman bu təhlükəyə şərait yaradan elə ayrı-ayrı məmurlardır. Əslində bu işin araşdırılmasına ehtiyac var. Xatırladaq ki, Vəlid ət-Tabatabayi «Əbu-Bəkr» məscidinin bağlanmasından danışarkən bunları da söyləyib: «Bu məsciddə bir çox insan ibadət edirdi. O insanlar terror hadisəsi törədən cinayətkarlara görə məsuliyyət daşımamalıdır. Hesab edirəm ki, bu məscidin fəaliyyət göstərməməsi gələcəkdə Küveytin Azərbaycanda xeyriyyəçilik fəaliyyətini də dayandıra bilər», - deyə o qeyd edib. Ç.Əsədullayev isə bildirib ki, Azərbaycan Cənubi Qafqazda ən tolerant ölkə sayılır. Deputat “Əbu Bəkr” məscidi ilə bağlı məsələyə də aydınlıq gətirib: «Bu məsciddə terror aktı törədilmiş, nəticədə insanlar həlak olmuş və yaralanmışdı. İstintaq indiyə qədər davam edir. İstintaqı başa çatdıqdan sonra məscidin fəaliyyəti bərpa olunacaq. Siz Azərbaycanda 70-ə yaxın məscid tikmisiniz, bu gün onların hamısı fəaliyyət göstərir». Hər iki fikirdən də aydın olur ki, Azərbaycan tərəfi üveyt qarşısında izahat verəcək səviyyədə məsuldur. Bu isə mənbəmizin söylədiklərinin bir növ təsdiqi kimi də qəbul edilə bilər. Digər tərəfdən bu polemika həmçinin Azərbaycanda vəhabilərə geniş - sərhədsiz haqqların tanınmasının da sübutu kimi qəbul edilə bilər. Hər halda, azərbaycanda heç bir ənənəvi dini cərəyanın son illər ərzində 70 məscid inşa etdirməsinə icazə verilməyib. Əksinə, bu gün çoxluq təşkil edən məzhəblərə aid ibadət evlərinin fəaliyyətinin ancaq durdurulması ilə bağlı xəbərlər artmaqdadır. Bu isə istənilən halda qaranlıq məqamların mövcudluğuna işarə kimi qəbul edilməlidir. Bu barədə redaksiyamıza məlumat verən hökumət içindəki qaynaqlar da təsdiqləyir ki, vəhabiləri Azərbaycanda himayə edən konkret qüvvələr var: «Məlumdur ki, vəhabilərə qarşı qadağa məsələsi də hakimiyyətiçi qruplaşmaların toqquşma predmetinə çevrilmişdi. Hələ «Əbu-Bəkr»də məlum terror aktının baş verməsi zamanı bəzi məmurların vəhabilərin müdafiəsinə qalxması barədə yayılan xəbərləri təsadüfi hesab etmək olmaz». Mənbəmizin sözlərinə görə, hər il birbaşa olaraq Prezident Administrasiyasına yaxın dairələrə vəhabilərin rahat şəkildə fəaliyyət göstərə bilmələri üçün 200 milyon manata yaxın pul - rüşvət çatdırılır. Bu pulun qarşılığında nələrin baş verdiyini artıq kimsəyə izah etməyə lüzum yoxdur. Vəhabilərin Bakıdakı liderlərindən olan Şeyx Qamətin dediyi kimi, əgər bir zümrə cümə namazına 10 minə yaxın insan çıxarırsa, artıq real qüvvədir. Vəhabilərin real qüvvəyə çevrilməsinin isə Azərbaycan dövlətinin milli maraqlarına hansı dərəcədə və əhəmiyyətdə təhlükə olduğu da məlum məsələdir. Məlumatlı mənbəmiz bu məqamları xüsusi olaraq vurğulamaqla yanaşı, onu da bildirdi ki, artıq Vəlid ət-Tabatabayini qəzəbləndirən problem həll olunmaq üzərədir: «Təxminən iki aydan sonra «Əbu-Bəkr» məscidi yenidən fəaliyyətini bərpa edəcək. Bu barədə istintaqı aparan qurumlara da xəbərdarlıq edilib və məlum terror aktı ilə bağlı hüquqi araşdırmaların təcili şəkildə yekunlaşdırılması tapşırığı verilib». Mənbəmiz bildirir ki, əgər vəziyyət bu şəkildədirsə, deməli, rəsmi Bakı yenidən vəhabilərin geniş fəaliyyətinə razılıq vermiş olur: «Bunun hansı formada fəsad yaradacağını təxmin etmək belə çətindir». Deməli, hakimiyyətin vəhabilərdən qidalanan iç qruplaşması yenə də tamah naminə Azərbaycanın dövlət maraqlarını təhlükə altında qoymaqdan belə çəkinmədi. Geri qayıt |