Əsas Səhifə > Siyasət, Manşet > 16 MİLYARD PULU HAVAYA SOVURACAQLAR
16 MİLYARD PULU HAVAYA SOVURACAQLAR11-01-2012, 13:19 |
«AĞ ŞƏHƏR» LAYİHƏSİ DÖVLƏTİ MÜFLİS EDƏ BİLƏR DİA.AZ: - Məlum olduğu kimi, hakimiyyət yeni bir meqaprojenin icrasına baş vurub. Söhbət milyonlarla vəsaitin axıdılacağı «Ağ şəhər» layihəsindən gedir. Bu «ağ şəhər» layihəsinin icrası zamanı isə qara qızıldan əldə edilən milyonların qəpik-quruş kimi havaya sovrulacağı heç şübhəsizdir. Bunu elə ilkin rəsmi açıqlamalardan da duymaq olar. Beləliklə, keçək rəsmi faktlara… Bildirək ki, ilk əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısı H. Abutalıbovun 11 iyun 2007-ci il tarixli sərəncamına əsasən, bundan sonra Bakı Ağ Şəhər (Baku White City) adlanacaq Qara Şəhərin bərpa və inkişafı haqqında qərar qəbul edilib. Sahəsi 221 ha olan bu ərazi, şəhərin müasir mərkəzi kimi bir anlayışı tamamilə dəyişərək və genişləndirərək, yeni bir sima alacaqdır. Bakı Ağ Şəhər layihəsinin Baş planı öz sakinlərinə yaşayış, iş, istirahət və əyləncələr üçün ən yaxşı şərait təqdim edəcəyi 10 şəhər tipli universal kvartalın yaradılmasını nəzərdə tutur. Layihə çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, Bakı buxtasının lap mərkəzində yerləşən və paytaxtımızın mirvarisi sayılan Bakı Bulvarının abadlaşdırılması və genişləndirilməsi planlaşdırılır. Paytaxt əhalisinin ən çox sevdiyi küçələrdən biri olan Neftçilər prospekti isə Yeni Bulvar boyu davam edəcək. Bakının müasir mərkəzi həm də şəhər nəqliyyatının yeni şəbəkəsinin yaradılması sayəsində universal olacaq. Belə ki, burada Bakı Ağ Şəhər-in mərkəzi meydanına çıxışı olan metro stansiyasının inşa olunması, habelə avtobus nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulub. Bütün sahil boyu tramvay xəttinin çəkilməsi də planlaşdırılır. Habelə, su nəqliyyatından istifadə edilməsi üçün, Bulvar xətti boyunca dəniz yolunun salınması da layihəyə daxildir. Bakı Ağ Şəhər-in İnfrastruktur kommunikasiyalarının işçi layihələri işlənib hazırlanıb və layihənin həyata keçirilməsi prosesinə cəlb edilmiş “Azəryolservis”, “Bakelektrikşəbəkə”, “Azəriqaz”, “Aztelekom” və s. kimi müvafiq dövlət təşkilatları ilə razılaşdırılıb. Paytaxtımızda yeni müasir mərkəzin yaradılması yerli və əcnəbi sərmayəçilərin cəlb edilməsi üçün əlavə imkanlar da açır. Bu məqsədlə, sərmayəçilər üçün xüsusi şərtlər nəzərdə tutulub. Prezidentin fərmanı çərçivəsində, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, hazırda Bakı Ağ Şəhər-in ərazisində, çirklənmiş torpaqların təmizlənməsi üçün “Ecol Engineering Services” (SOCAR) tərəfindən xüsusi tədbirlər həyata keçirilir. Bakı Ağ Şəhər layihəsi üzərində işləmək üçün, azərbaycanlı mütəxəssislərlə yanaşı, mühəndis dizaynı sahəsində ixtisaslaşan “Atkins” (Böyük Britaniya) şirkətindən əlavə, “Foster + Rartners” və “F+A Architects” kimi məşhur memarlıq firmaları da cəlb ediliblər. İndi isə keçək əldə etdiyimiz məlumatlara. Bu barədə redaksiyamıza hər kəsi heyrətləndirəcək informasiyalar ötürülüb. Nazirlər Kabinetindəki qaynaqlardan «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) ötürülən informasiyada bildirilir ki, «Ağ şəhər» layihəsinin icrası məqsədilə böyük pulların ayrılması nəzərdə tutulub, hələ ilkin təmzləmə işləri üçün əgər 300 milyon avronun ayrılması faktı mövcuddursa, artıq digər rəqəmləri duymağa xüsusi olaraq hazırlaşmaq lazımdır. Mötəbər mənbənin bilgisinə görə, ümumilikdə olaraq «Ağ şəhər»in salınmasına 16 milyard avronun ayrılması nəzərdə tutulub: «Doğrudur, burada xarici investorları da maraqlı tərəf kimi cəlb etməyi planlaşdırırlar. Bundan əlavə, kreditlərin də götürülməsi nəzərdə tutulub. Amma əsas olanı budur ki, layihənin icrasına xərclənəcək vəsaitin böyük hissəsi Azərbaycan dövlətinin payına düşür». Hər halda, torpaqlarının böyük hissəsi işğal altında olan və əhalisi acınacaqlı durumda yaşayan bir ölkə üçün belə bir astronomik layihənin icrası heç də normal təzahür kimi qəbul edilə bilməz. İndi özünüz hesablayın: bu vəsaitlə biz Qarabağımıza nə qədər yaxınlaşa bilərdik… Geri qayıt |