Əsas Səhifə > Dünya > SAAKAŞVİLİDƏN QAÇIB İLHAM ƏLİYEVƏ SIĞINDI

SAAKAŞVİLİDƏN QAÇIB İLHAM ƏLİYEVƏ SIĞINDI


11-01-2012, 15:36
SAAKAŞVİLİDƏN QAÇIB İLHAM ƏLİYEVƏ SIĞINDI

GÜRCÜ JURNALİST AZƏRBAYCANDAN SIĞINACAQ İSTƏYİB

“Mən Azərbaycan prezidentinə müvəqqəti sığınacaq almaq xahişi ilə müraciət etmişəm”.

APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirdiyi mətbuat konfransında Gürcüstanlı jurnalist Lazo Lazareişvili bildirib.

Gürcüstanda hakimiyyət orqanları tərəfindən təqiblərə məruz qaldığını iddia edən Lazo Lazareişvili bildirir ki, hər şeyə səbəb onun peşəkar fəaliyyəti olub: “Mən Gürcüstan hüquq-mühafizə orqanları və xüsusən də məhkəmə sistemindəki vəziyyət barədə silsilə yazılar dərc etməyə başlayandan sonra mənə qarşı hədələr səslənməyə başladı. Mən öz fəaliyyətimi davam etdirdiyimə görə 2009-cu ildə vəzifə səlahiyyətlərini aşmaq ittihamı ilə həbs edildim”.

Onun sözlərinə görə, ona qarşı irəli sürülmüş ittihamları sübut etmək mümkün olmadığından 9 aydan sonra cərimələnərək sərbəst buraxılıb. Lazo Lazareişvilinin sözlərinə görə, onun Gürcüstanın bütün məhkəmə instansiyalarına şikayətləri rədd edilib və bir müddət öncə o, İnsan Haqları üzrə Avropa Məhkəməsinə üz tutub: “Hər şey bundan sonra başladı və mənə qarşı hədə və təhdidlər dözülməz xarakter aldı. Məndən bu şikayətimdən əl çəkməyimi tələb etdilər”.

Lazo Lazareişvili qeyd edib ki, bir neçə gün öncə vətənini tərk edib Azərbaycana gələrək ölkə rəhbərliyindən sığınacaq istəyib: “Azərbaycan bizə qonşu və yaxın dövlətdir. Ona görə mən qərara gəldim ki, burada sığınacaq axtarım”.

Gürcüstanın Azərbaycandakı səfirliyindən APA-ya bildirdilər, Lazo Lazareişvili adlı şəxsi tanımırlar və onun səsləndirdiyi iddialar həqiqəti əks etdirmir: “Gürcüstan demokratik dövlətdir və orada heç kəs peşə fəaliyyətinə görə, təqib olunmur”.


Geri qayıt