Əsas Səhifə > Partiya > AMİP-DƏN MİLLİ ŞURAYA XƏBƏRDARLIQ
AMİP-DƏN MİLLİ ŞURAYA XƏBƏRDARLIQ29-08-2013, 12:51 |
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə hesab edir ki, imzaların toplanması ilə bağlı Milli Şura ciddi problemlərlə üzləşə bilər. A.Əlizadə Trend-ə bildirib ki, Milli Şura çox böyük bir zaman kəsiyi əldən buraxıb: "Seçkilərə artıq start verilib, çox qısa müddət qalıb ki, həmin müddətə qədər namizədliyi irəli sürülmüş şəxslər imza vərəqələrini digər sənədlər ilə birgə Mərkəzi Seçki Komissiyasına təqdim etməli və qeydiyyatdan keçməlidirlər". Bu baxımdan AMİP baş katibi hesab edir ki, Milli Şuranın qarşısında çox ciddi proses durur: "Çünki bilirsiniz ki, kifayət qədər namizədlər artıq irəli sürülüb və ölkə qanunvericiliyinə görə, bir şəxs yalnız bir namizədə imza verə bilər. Bu mənada imzaların toplanması ilə bağlı Milli Şura ciddi problemlərlə üzləşə bilər, baxmayaraq ki, hansısa siyasi partiya deyib ki, 20 min imza toplamaq öhdəliyi götürüb, digəri 10 min imza toplamaq öhdəliyi götürüb". Eyni zamanda A.Əlizadə hesab edir ki, Cəmil Həsənlinin ölkə miqyasında "piar" kampaniyası bir o qədər effekt verməyəcək: "Çünki təkcə bir-iki qəzetə verilmiş müsahibələrlə bu "piar"-ı qurmaq mümkün deyil və əgər nəzərə alsaq ki, Milli Şuranın namizədi çox ciddi rəqib ilə üz-üzə gələcək, bu prosesin baş verməsi çox çətin görünür". A.Əlizadə onu da əlavə edib ki, ümumiyyətcə Milli Şura ideyası cəzbedici ideya idi: "Sadəcə olaraq Milli Şura yaranan zaman çox ciddi qüsurlara yol verildi və həmin qüsurların nəticəsi olaraq ölkə müxalifətində olan partiyaları bir araya gətirmək mümkün olmadı. Eyni zamanda vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı çox ciddi qüsurlara yol verildi". A.Əlizadə bildirib ki, hələ o zaman deyilirdi ki, vahid namizəd olaraq Rüstəm İbrahimbəyovun irəli sürülməsi və onun prezident seçkilərində iştirak etməsi ilə bağlı çox ciddi hüquqi baryerlər var: "Lakin bunlar nəzərə alınmadı və ona görə də, Milli Şura ciddi siyasi böhranla üzləşdi və Milli Şura formatında təmsil olunan siyasilərin düzgün, real qərar verə biləcəklərinə inam itdi. Biz etiraf etsək də, etməsək də, bu, belədir və müxalifət düşərgəsinə vurulmuş cox ciddi zərbə idi. Mən hesab edirəm ki, bu siyasi böhran Milli Şuranın ölkənin siyasi arenasında qalması ilə bağlı ciddi problemə çevrildi. Milli Şurada təmsil olunan partiyalar Cəmil Həsənlinin namizədliyini irəli sürməklə siyasi böhrandan çıxmaq üçün bir cəhd etdilər, ancaq buna baxmayaraq etimada çox ciddi zərbə vurulub". Geri qayıt |