Əsas Səhifə > Dünya > KOLUMBİYADA QAN SU YERİNƏ AXIR

KOLUMBİYADA QAN SU YERİNƏ AXIR


30-08-2013, 10:57
KOLUMBİYADA QAN SU YERİNƏ AXIR
Kolumbiyanın paytaxtı Boqota son 1 il ərzində ən qanlı iğtişaşlara şahid olub. Qarşıdurma artıq 10 gündür tətil edən fermerlərə kütləvi dəstək yürüşü zamanı yaranıb. 30 minə yaxın adam əvvəlcə Boqota küçələrində dinc yürüş edib, lakin bir qədər sonra bir qrup gənc polis əməkdaşlarına daş və kərpic atmağa başlayıb.

Boqota merinin məlumatına görə, iğtişaşlar zamanı 89 nəfər xəsarət alıb, onlardan 23-ü vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib.

Kolumbiya prezidenti Xuan Manuel Santos Boqota yaxınlığındakı Soaça rayonunda baş verən iğtişaşları helikopterlə izləyib və daha sonra ölkənin daxili işlər naziri Fernando Karillo ilə görüşüb. "İğtişaşlar zamanı yaralanan 12 polis zabitindən 3-ü odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Bu onu göstərir ki, bu etirazçılar kiçik məsum göyərçinlər deyillər. Burada qaranlıq maraqlara xidmət edən cinayətkar qruplaşmalar var, və təbii ki, "Kolumbiya Silahlı İnqilab Qüvvələri" qruplaşmasının terrorçuları var." - deyə, Fernando Karillo bildirib.

Xatırladaq ki, Kolumbiyada fermerlərin tətili avqustun 19-dan davam edir və indiyədək aksiyaya 45 minə yaxın fermer, qəhvə istehsalçısı, eləcə də yük maşını sürücüləri qoşulub. İndiyədək etirazlar zamanı 2 nəfər ölüb, 175 nəfər həbs edilib. Tətil edənlər kartof, soğan, qəhvə və süd istehsalçılarına əlavə subsidiyaların ayrılmasını və bu məhsulların idxal həcminin azaldılmasını tələb edirlər.

Geri qayıt