Əsas Səhifə > Güney Press, Araşdırma > ƏHMƏD ƏHMƏDZADƏYƏ SÖYKƏNƏN TALANÇILIQ

ƏHMƏD ƏHMƏDZADƏYƏ SÖYKƏNƏN TALANÇILIQ


30-08-2013, 11:51
ƏHMƏD ƏHMƏDZADƏYƏ SÖYKƏNƏN TALANÇILIQ
Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeçiliyində olan bir sıra qurumların, əsasən də Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi və Quba Suvarma Sistemləri İdarəsinin fəaliyyətində ciddi nöqsanlar mövcuddur. Bununla bağlı əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, Quba Suvarma Sistemləri İdarəsinin rəisi Nazir Dadaşov ötən il bir sıra vacib suvarma tədbirlərini vaxtında həyata keçirilməyib, görülən işlər isə keyfiyyətsiz və az effektli olub. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işlərinin yarımçıq görüldüyünü iddia edən məlumatlı şəxsin sözlərinə görə, fermerlər, şəxsi təsərrüfat sahibləri bundan ciddi ziyan çəkiblər:

«Belə ki, Quba Suvarma Sistemləri İdarəsinin əməkdaşları yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar». Nazir Dadaşovun rəhbərlik etdiyi qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədilə ayrılan dövlət vəsaitlərinin mənimsənildiyini vurğulayan mənbə iddia edir ki, idarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda gəlir əldə olunur: «Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. Quba rayonunda min hektarlarla suvarılan torpaq sahələri mövcuddur. Bütün bu ərazinin suvarma və meliorasiya işlərini vaxtında və yüksək səviyyədə təmin edə bilmək üçün rayonun Suvarma Sistemləri İdarəsinin bütün resurs və imkanları daima səfərbər vəziyyətdə olmalıdır. Bu hazırlığın əsas məsuliyyəti isə əlbəttə ki, idarənin rəisi Nazir Dadaşovun üzərinə düşür. Lakin o, vəzifəsini layiqincə icra edə bilmir».

Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsilə bağlı məsələyə gəlincə, məlumatlı şəxs qeyd edir ki, adıçəkiləq qurumun da fəaliyyəti qənaətbəxş hesab oluna bilməz: «İdarənin rəhbəri Bulat Ağabəyovun tabeliyində kifayət qədər müxtəlif ağır texnikalar var ki, bunlar da günə muzdla çalışaraq idarə rəhbərliyinin şəxsi büdcəsinə ayda ən azı 20-30 min manat gəlir gətirir. Son vaxtlar bölgədə süni balıq gölü yaratmaq dəb düşüb. Əksər rayonlarda olan belə göllər isə məhz Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin xidmətləri hesabına başa gəlib. Təxmini hesablamalara görə, 10 hektar ərazidə göl yaratmaq üçün texnikaya 7 min manat pul ödənilir. Müasir texnikalar bu işi cəmi 2 həftə ərzində görür. Yanacaq və sürücünün yemək xərcini vermək şərtilə bu texnikalarların gününü 350-400 manata işlədirlər. Başqa texnikalar da aidiyyəti üzrə istismar edilib və əldə olunan gəlirlər birbaşa Bulat Ağabəyovun büdcəsinə gedir». Həm Quba Suvarma Sistemləri İdarəsinin rəisi Nazir Dadaşovun, həm də Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovun Meliorasiya və Su təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin yaxın adamları olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, məhz bu səbəbdən də Əhmədzadə adıçəkilən şəxsləri ciddi şəkildə müdafiə edir: «Nazir Dadaşov və Bulat Ağabəyov Əhməd Əhmədzadənin himayəsinə arxalandıqları üçün dövlət büdcəsindən ayrılan vəsaiti heç nə olmamış kimi təyinatdankənar xərclərə yönəldir, müxtəlif yollarla gəlirlərini artırmağa çalışırlar. Beləcə, arxalarında Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin müdafiəsini hiss edən idarə rəisiləri hər şeyi öz bildikləri kimi edir, hətta açıq-aşkar digər instansiya və qurum rəhbərlərinə belə meydan oxuyurlar».

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazarıq.

Geri qayıt