Əsas Səhifə > Güney Press, Araşdırma > SUMQAYIT MƏHKƏMƏSİNDƏ ÖZBAŞINALIQ

SUMQAYIT MƏHKƏMƏSİNDƏ ÖZBAŞINALIQ


2-09-2013, 13:49
SUMQAYIT MƏHKƏMƏSİNDƏ ÖZBAŞINALIQ
Əgər desək ki, Sumqayıt Şəhər Məhkəməsi əcaib və ədalətsiz qərarları ilə məşhurdur, mənə elə gəlir ki, yanılmarıq. Əlbəttə, bizim kiminsə mövqeyindən çıxış etməyimizi düşünə bilərsiniz ,amma qərar verməkdə tələsməyin. Əvvəlcə Apellyasiya Məhkəməsinə qədər gedib çıxan,və şox güman Ali məhkəməyə və sairə instansiyalara qədər uzanacaq işin təfərrüatlarından danışaq, sonra özünüz qərar verin. Açığı avqust ayının 29-u Sumqayıt Apellyasiya Məhkəməsində baş tutan iclas adamda elə təəssürat yaratdı ki, sanki hakimlər iddiaçı və çarəsiz qadını günahkar çıxartmaq istəyirlər və onun əleyhinə çıxarılacaq qərar üçün zəmin yaradırlar. Cavabdehi isə sadəcə görüntü üçün tənbeh edirlər.
Əslində məhkəməyə müraciət edən üçün məhkəmə son ümüd yeri sayılır, ancaq çox zaman elə olur ki, ədalət təcəssümü sayılmalı olan məhkəmələrimiz ümid cırağını, ədalət çırağını üfürüb söndürürlər. Bu səbəbdən də müəyyən insanlar intihara və yaxud digər cinayət əməlinə əl atırlar. Əlbəttə bütün bunlarda dövlətin heç bir günahı yoxdur, təbii ki, günah onu təmsil edən məmurlardadır. Avqust ayının 29-u Sumqayıt Apellyasiya Məhkəməsində hakim Azər Hüseynovun sədrliyi ilə Bayramova Tamara Azadxan qızının apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilmişdir.
Qeyd edək ki, iddiaçı Bayramova Tamara Azadxan qızı bundan əvvəl Sumqayıt şəhər Məhkəməsinə “əmlak tələbi və istifadə hüququnun müəyyən edilməsinə dair” iddia ərizəsi ilə müraciət edərək Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 11/66A, mənzil 16 ünvanında yerləşən yaşayış evindən onun istifadə hüququnun tanınması və cavabdeh – Eldarov Elşən Mirsahib oğlundan cehiz və qızıl zinyət əşyalarının alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Sumqayıt şəhər Məhkəməsi sözügedən işi səthi araşdıraraq həmin mənzilin o dövrdə mülkiyyətdə olub-olmaması barədə DƏDRX-in Sumqayıt şəhər ərazi idarəsinə sorğu versə də, sonradan sorğunun cavabını almadan tez-tələsik 28 mart 2013- cü il tarixdə 2(060)-536/2013 №-li iş üzrə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul etmişdir., bu qətnamə ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci və 88-ci maddələrinin tələblərini kobud surətdə pozulmuş olur. Həmin qətnaməyə görə Eldarov Elşən Mirsahib oğlu tərəfindən keçmiş həyat yoldaşı Tamara Bayramovanın gəlin gələrkən özü ilə gətirdiyi bütün cehiz əşyaları iddiaçıya qaytarmalı, lakin iddiaçının yaşayış evindən istifadə hüququ təmin edilməməlidir.
Məhkəmə bu qətnaməni onunla əsaslandırmışdır ki, Bayramova Tamara Elşən Eldarovla rəsmi nikahda deyil faktiki nikahda olmuşdur. Bu səbəbdən də o Eldarov Elşənin ailə üzvü sayıla bilməz. Təsəvvür edirsiniz? Tamaraya el adəti ilə elçi gəlməsi və toy olması, Elşən üçün bir oğul uşağı dünyaya gətirməsi və 5 il bir yerdə qalıb birgə təsərrüfat aparması, Eldarın xəstə atasına qulluq etməsi və s. Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlqar Məmmədova Tamaranı Elşənin ailə üzvü kimi hesab edilməsinə əsas verməmişdir. Rəsmi nikahda olmamaq şəxsə müəyyən hüquqların tanınmasına əngəl törətdiyini biz də bilirik. Axı bu qədər faktları görməzlikdən gəlmək hakimə yaraşarmı?
Məhkəmə predmeti olan vəziyyətə aydınlıq gətirmək üçün Bayramova Tamaranın məhkəmədə nümayəndəsi olan tanınmış hüquq müdafiəçisi, “PEŞƏKAR HÜQUQŞÜNASLAR” İctimai Birliyinin sədri Tağı Hüseynova müraciət etdik. Tağı Hüseynov Legion.az-a açıqlamasında bunları bildirdi:
“Bayramova Tamara 2004-cü ildə el adəti ilə Elşən Eldarovun atasının icarədar olduğu mənzilə gəlin köçmüşdür. 2005-ci ildə Tamaranın Elşəndən bir oğlan övladı dünyaya gəlmişdir. Elşəninh ailəsi Tamara üçün elçiliyə gələndə toyun təxirə salınmadan olmasını xahiş etmişdilər və buna səbəb Elşənin atasının xərçəng xəstəliyinə tutulması ucbatından hər an dünyasını dəyişmək təhlükəsi olmasını göstərmişdilər. Tamaranın valideynləri də Elşən tərəfin qohum olduğunu nəzərə alıb onlarla razılaşmış və bir ay müddətində nikahın rəsmiləşdirlməsini tələb etmişdir. Tamara hər dəfə Elşəndən bu nikahı rəsmiləşdirməyi tələb etsə də Elşən hər dəfə müxtəlif bəhanələr gətirmiş və nikahı rəsmiləşdirməmişdir. Hələ bu azmış kimi Rusiya Federasiyasında özünə təzə həyat yoldaşı da tapmışdır.

Qeyd etdiyim problemlər səbəbindən Tamara ilə Eldarın arasındakı münasibət pozulmuş və onlar ayrılmışlar. Bir neçə il əvvəl Bayramova Tamara Elşən Eldarova qarşı aliment tələbi iddiası ilə məhkəməyə müraciət etmiş və iddia təmin olunmuşdur. Daha sonra Bayramova Tamara Elşən Eldarova qarşı “yaşayış evindən istifadə hüququnun tanınması, cehiz və qızıl zinyət əşyalarının qaytarılması barədə” Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddiada olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, 11/66A-da yerləşən 16 saylı mənzildən istifadə hüququnun tanınmasını isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsaslandırmışdır. Belə ki, Həmin dövrdə qüvvədə olan 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci bəndinə əsasən “icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər”.
Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü bəndinə əsasən “icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uuşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilirlər”. Bu isə açıq-aşkar o deməkdir ki, Tamara da icarədarın ailə üzvü hesab edilməlidir. Çünki, sözügedən mənzil Sumqayıt şəhəri, 4-cü mikrorayon, 11/66A-da yerləşən 16 saylı mənzildir. Həmin mənzil Tamara gəlin köçdüyü zaman mülkiyyətdə olmamışdır və icarədarı Elşənin atasıEldarov Mirsahib Eynulla oğlu olmuşdur. Tamara orada övlad dünyaya gətirmişdir və icarədarla ümumi təsərrüfat aparmışdır. Əfsuslar olsun ki, hakim Azər Hüseynov qeyd olunan maddəni tövsif edərkən həmin maddədə qeyd olunan “icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilirlər” cümləsini heç cür nəzərə almaq istəmirdi. Mən həmin cümləni Azər Hüseynova xatırlatmaq istəyəndə o az qala məni hakimə sual verməkdə ittiham edirdi.
Daha sonra məhkəmə iclasında Eldarov Elşənin vəkili yenə də əvvəlki kimi mövqeyini müdafiə edərək Tamaranın Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 11/66A, mənzil 16 -da deyil, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 11/66A, mənzil 25-də yaşamasını bildirdi. Çünki həmin binada yerləşən 25 saylı mənzil Elşənin anasının mülkiyyətində olmuşdur və bu səbəbdən də Tamaranın həmin mənzilə istifadə hüququ yarana bilməzdi. Mən isə elşənin və onun vəkilinin həqiqəti söyləmədiklərini və qeyri-səmimi olduqlarını bildirdim və məhkəmə kollegiyasının nəzərinə, iddiaçının məhkəməyə təqdim etdiyi aşağıdakı mötəbər sübutları bir daha təqdim etdim:
1) Cavabdehlə birgə nikahdan dünyaya gəlmiş Eldarov Kənan Elşən oğlunun 2005-ci ildə doğum vaxtı xəstəxanaya qəbul zamanı iddiaçının yaşadığı ünvanın Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 11/66A, mənzil 16 qeyd olunması,
2) Uşağın doğulduğu gündən dörd yaşına qədər sağlamlığına nəzarət edən sahə həkiminin dəftərinə etdiyi qeydlərində də (həmin dəftəri məhkəməyə təqdim etmişdik) həmin uşağa Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 11/66A, mənzil 16-da baxmasının göstərilməsi,
3) İddiaçının cavabdehə qarşı aliment tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə qəbul edilmiş qətnamədə Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq Şöbəsinin rəyində də cavabdehin məhz Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 11/66A, mənzil 16 ünvanında yaşamasının qeyd olunması,
4) Sumqayıt Elektrik Şəbəkəsindən alınmış Sumqayıt şəhəri, 4-cü mikrorayon, 11/66A-da yerləşən 25 saylı mənzilin işıq sərfiyyatı cədvəlinə əsasən həmin 25 saylı mənzildə elektrik enerjisindən demək olar ki, istifadə olunmaması, yəni həmin mənzildə yaşayışın olmaması
Bu sübutlara əsasən belə nəticəyə gəlmək olar ki, cavabdeh və onun məhkəməyə təqdim etdiyi yalançı şahidlər məhkəməni aldatmağa çalışmışlar və ədalət rəmzi sayılan məhkəmə vasitəsilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hüquqların iddiaçıdan alınmasına çalışmışlar. Bu isə nə insanlığa, nə də hüquqi dövlət prinsiplərinə sığmayan hərəkətdir. Əfsuslar olsun ki, məhkəmə həmin mənzilin o dövrdə mülkiyyətdə olub-olmaması barədə DƏDRX-in Sumqayıt şəhər ərazi idarəsinə sorğu versə də, sonradan sorğunun cavabını almadan tez-tələsik qətnamə qəbul etmişdir.
Qeyd edim ki, cavabdeh mənim yuxarıda qeyd etdiyim Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 11/66A, mənzil 16 ünvanına yox, onun anasının mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 11/66A, mənzil 25 ünvanına gəlin köçdüyümü müxtəlif yalanlarla məhkəmədə sübut etməyə çalışmışdır. Təsəvvür edirsiniz məhkəmə zamanı cavabdehin gətirdiyi şahidlərin heç biri Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 11/66A, mənzil 25-i az qala tanımırdılar. Bizim tərəfimizdən verilmiş sualların heç birinə doğru cavab vermədilər. Belə ki, onların hər ikisi sözügedən mənzilin dəhlizi, döşəməsi, tavanı, divar kağızı və s. barədə verilən sualların heç birinə cavab verə bilməmişdilər. Bu da onların yalançı şahidlər olmasından xəbər verirdi”.
Sonda isə hüquq müdafiəçisi, “PEŞƏKAR HÜQUQŞÜNASLAR” İctimai Birliyinin sədri Tağı Hüseynov bunları bildirdi:
“Mən inanıram ki, hakim Azər Hüseynov Sumqayıt Şəhər Məhkəməsininin hakimi İlqar Məmmədovun etdiyi qanunsuzluğu və ədalətsizliyi təkrar etməyəcəkdir. Çünki bu cür qanunsuz və əsassız qərarlar ucbatından ölkə vətəndaşları Avropa Məhkəmələrinə müraciət edirlər və hər dəfə də həmin məhkəmələrdə Azərbaycan Dövlətinin əleyhinə qərarlar alınmasının şahidi oluruq. Bu da digər ölkələrlə müqayisədə ölkəmizdə insan hüquqlarının müdafiəsinin ən aşağı səviyyədə olmasını təsdiqləyir və dövlətimizin imicinə sarsıdıcı zərbə vurur. Bundan əlavə onu da qeyd etməliyəm ki, iddiaçı Tamara Bayramova bu məhkəmədə də haqsızlıq görəcəyi təqdirdə Ədliyyə Nazirinə, Məhkəmə Hüquq Şurasına, qadın hüquqlarını qoruyan bütün ictimai birliklərə və nəhayət ölkə Prezidenti Cənab İlham Əliyevə şikayət ərizələri ilə müraciət edəcəyini, bunlar da kifayət etməsə özünü Prezident Aparatının qarşısında yandıracağını bildirmişdir. Bu acı nəticənin baş verməməsi üçün hörmətli hakimlərimizdən bir az ədalətli olmaq tələb olunur”.

29 avqust 2013-cü ildə Sumqayıt Apellyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclasında apardığımız müşahidələrimizin bir hissəsini sizinlə bölüşmək istəyirik.
Məhkəmədə iddiaçının hüquqlarını müdafiə edən hüquq müdafiəçisi Tağı Hüseynov çıxışında bildirdi ki, “cavabdehlə birgə nikahdan dünyaya gəlmiş Eldarov Kənan Elşən oğlunun 2005-ci ildə doğum vaxtı xəstəxanaya qəbul zamanı iddiaçının yaşadığı ünvanın Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 11/66A, mənzil 16 ünvanın qeyd olunması, uşağın doğulduğu gündən dörd yaşına qədər sağlamlığına nəzarət edən sahə həkiminin dəftərinə etdiyi qeydlərində də (həmin dəftəri məhkəməyə təqdim etmişdik) həmin uşağa Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 11/66A, mənzil 16-da baxmasının göstərilməsi və nəhayət iddiaçının cavabdehə qarşı aliment tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə qəbul edilmiş qətnamədə Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq Şöbəsinin rəyində də cavabdehin məhz Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 11/66A, mənzil 16 ünvanında yaşaması qeyd olunur.
Diqqət edin! Bu qədər mötəbər sübutları məhkəməyə təqdim etdiyimiz halda Sumqayıt Şəhər Məhkəməsi bizim sübutlara yox cavabdehin təqdim etdiyi yalançı şahidlərin sözlərinə əsaslanaraq çox ədalətsiz, qərəzli, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bu qətnamə ilə məhkəmə tək iddiaçının yox, azyaşlı övladları Kənanın də hüquqlarını pozmuşdur. Belə ki, məhkəmənin qətnaməsinə əsasən cavabdehlə birgə izdivacdan dünyaya gəlmiş azyaşlı Kənanın iddiaçının yanında qalması müəyyən edilmişdir. İddiaçının azyaşlı övladı ilə bərabər yaşamağa başqa yeri olmadığından kirayələrdə qalmağa məcburdur. Maddi cəhətdən çox böyük çətinliklə yaşadıqları halda kirayə pulunu çatdırıb verə bilmir. Təkcə alimentin ümidinə yaşayırlar, bu isə uşağın gündəlik ən vacib ehtiyaclarını belə güclə ödəyir. Maddi vəziyyətlərinin çətin olmasını və doğma övladının yaşamağa başqa yeri olmadığını bilə-bilə onu çölə atması üşaqda psixoloji cəhətdən çox pis izlər buraxacaq.
Öz doğma atası tərəfindən hələ körpə yaşından taleyin ümidinə buraxılan bir uşağın böyüyəndə insanlara qarşı münasibətinin necə olacağı, vətəninə layiq övlad olub-olmayacağı ədalət məhkəməsinin diqqətindən nədənsə çox kənarda qaldı. Nəzərə alsaq ki, iddiaçı gələcəyin əsgərini böyüdür, məhkəmə bu işə məsuliyytətlə və vicdanla yanaşmalı idi”. Lakin hüquq müdafiəçisi Tağı Hüseynovun təqdim etdiyi sübutlar belə Azər Hüseynovun sədrlik etdiyi məhkəmə kollegiyasına ədalətli qətnamə qəbul etməyə əsas vermirmiş. Belə ki, Sumqayıt Elektrik Şəbəkəsindən alınmış Sumqayıt şəhəri, 4-cü mikrorayon, 11/66A-da yerləşən 25 saylı mənzilin işıq sərfiyyatı cədvəlinə əsasən həmin 25 saylı mənzildə elektrik enerjisindən demək olar ki, istifadə olunmamasının göstərilməsinə hakim Azər Hüseynov özünəməxsus tərzdə reaksiya verərək bildirdi ki, “həmin dövrdə ola bilsin ki, işıq sayğacı olmamışdır və yaxud da elektrik enerjisindən oğurluq istifadə ediblər.
Bu o demək deyildir ki, həmin evdə yaşayış olmamışdır”.
Bu nə ifadə idi?! Hakim sanki cavabdehi müdafiə edir və az qala onun elektrik enerjisindən oğurluğunu belə onun öz xeyrinə olduğunu sübut etməyə çalışırdı. Demək yazılı sübutlar sübut kimi ciddi qəbul olunmur, lakin 2 nəfərin fikri əsas sübut sayılır. Məgər onların yalan ifadə verməsi mümükün deyildir?! Bəs maraqlıdır, məhkəmə nə üçün o amili nəzərə almır ki, cavabdeh onlarlı yalan ifadə vermək üçün qabaqcadan hazırlaşdıra bilərdi? Ümumiyyətlə sonuncu məhkəmə iclasında hakimlərin özlərini çox qəribə aparmaları nəzərdən qaçmayıb. Belə ki, hakim Azər Hüseynov hüquqi dildən daha çox sadə dildə, başa düşülən tərzdə danışığa üstünlük verərək iddiaçıya və həmçinin cavabdehə xitabən çox ibrərli fikirlər söyləyirdi. Məhkəmənin sədri Azər Hüseynovun fikirlərini hərfən də olmasa oxuculara təqdim edirəm:
”Xanım,əvvəlcə nikahı rəsmiləşdirmək lazlm idi ki, sonra hüquqnuzu rahatca tələb edə bilərdiniz”, “Hüquq məsələsi başqa şeydir, ailədaxili münasibət başqa şey”, “Kimsə səhv edir, sonra günahı dövlətdə görür, bu münasibətlər ər-arvad münasibətlərinə aiddir” “Biz nə sizə nə ev alıb verəcəyik, nə də sizin uşağınızı saxlayacağıq” Cavabdehə: “Sən ailə qurmusan, neçə ildir yaşamısan, övladın da var, sən bilirsən ki, qanundan başqa mənəvi baxımdan da öz döğma uşağına yiyə durmaq lazımdır, onun problemləri ilə maraqlanmaq lazımdır”.
Ümumiyyətlə bu abu-havada, maraqlı keçən məhkəmədə daha çox iddiaçı “gözümçıxdıya” salınmışdır. Belə düşünmək olardı ki, bu iddiaçının iddiasını təmin etməmək haqda qərarın çıxarılmasından xəbər veriridi, ancaq sonda hakimlər müşavirə otağına getdilər və xeyli məsləhətləşmədən sonra qayıdıb bildirdilər ki, qərar vermək üçün məhkəmə kollegiyasının aidiyyatı qurumlara müəyyən sorğular göndərməsinə ehtiyac var. Bu səbəbdən növbəti məhkəmə iclasının sentyabr ayının 3-də keçirilməsinə qərar verildi.

Geri qayıt