Əsas Səhifə > Cəmiyyət, Manşet > MƏMURA MƏXSUS OLAN SAUNA SAKİNLƏRİ BEZDİRİB

MƏMURA MƏXSUS OLAN SAUNA SAKİNLƏRİ BEZDİRİB


2-09-2013, 15:04
MƏMURA MƏXSUS OLAN SAUNA SAKİNLƏRİ BEZDİRİB
XƏTAİ SAKİNLƏRİ ŞİKAYƏTÇİDİR

DİA.AZ: - Bakının Xətai rayonu ərazisində yerləşən “Araz” saunası yerli sakinləri narahat edir. Bu barədə sakinlər adından DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Narazı vətəndaşlar iddia edirlər ki, saunada normal xidmət əvəzinə, əxlaqsızlıq yuvası fəaliyyət göstərir.

Sakinlər yazır: “ “Araz” saunasının sahibləri hətta öz obyektlərinə yeni müştərilər cəlb etmək məqsədilə son vaxtlar ətrafda yaşayan gənclər arasında “reklam” kampaniyaları aparmaqdan belə çəkinmirlər. Bu məqsədlərlə isə yaxınlıqda yerləşən kafe və çayxanalarda, gənclərin asudə vaxtlarını keçirdikləri məkanlarda məxsusi olaraq göndərilmiş şəxslər tərəfindən “Araz” saunasının təbliği gedir.

Bizi narahat edən odur ki, yerli polisin gözləri qarşısında bu əxlaqsızlıq yuvasının fəaliyyəti durmadan genişlənir. Şənbə və bazar günləri bu saunaya sutka ərzində 100-150 nəfər müştəri gəlir. İndi özünüz onların yaratdığı səs-küyü təsvvür edin. Hələ içəridə çıxardıqları oyunları demirik.

Etiraf etmək lazımdır ki, bu gün bütün bəşəriyyəti AİDS kimi dəhşətli bir bəlanın hədələdiyi, insan alveri qurbanlarının sayının gündən-günə artdığı bir vaxtda ölkəmizdə hələ də bu çirkin biznesə maraq göstərənlər kifayət qədərdir. Lakin bunu da unutmaq lazım deyil ki, ölkə qanunvericiliyində hər hansı seksual xidmət göstərilən obyektin açılması və fəaliyyəti istisnasız qadağan olunmuşdur və ümid edirik ki, gec-tez bütün himayədarların cəhdlərinə baxmayaraq həm sağlamlığımıza, həm də mənəviyyatımıza təcavüz edənlər öz layiqli cəzalarını alacaqlar”.

Sakinlər müraciətlərinin sonunda bir məqamı da vurğulayırlar ki, bu sauna barədə yerli KİV-də dəhşətli faktlar açıqlansa da, amma heç bir tədbir görülnür: “Bunun isə səbəbi məlumdur. Çünki arxasında “filankəs müəllim” dayanır... Həmin “filankəs müəllim” isə məmurdur. Ona görə dövlət qurumları bu saunanın fəaliyyətinə göz yumur”.

Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt