Əsas Səhifə > Sosial, Manşet > YENİ NAZİRİN MƏKTƏBLİ FORMASI MAXİNASİYASI

YENİ NAZİRİN MƏKTƏBLİ FORMASI MAXİNASİYASI


4-09-2013, 12:11
YENİ NAZİRİN MƏKTƏBLİ FORMASI MAXİNASİYASI
ANLAŞILANI ODUR Kİ, BU UCUZLAŞMA VERGİDƏN YAYINMANIN HESABINADIR

DİA.AZ: - “Bakı Tikiş Evi” (BTE) saxta və işbazlar tərəfindən baha qiymətə satılan məktəbli formaları ilə bağlı əhaliyə və əlaqədar dövlət qurumlarına müraciət edib. Bu barədə açıqlamasında Tikiş Evinin Satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

Onun sözlərinə görə, bəzi işbazlar "Bakı Tikiş Evi"nə məxsus məktəbli formalarını baha qiymətə satırlar: “Bəzən vətəndaşlar bizə müraciət edirlər ki, "Bakı Tikiş Evi"nə məxsus 40 manatlıq paltar 45, 65 manata satılır. Bazara Tikiş Evinin adından satılan saxta məhsullar çıxarılır. Əhali belə məhsullara qarşı diqqətli olmalı və yalnız BTE-nin mağazalarından forma almalıdır. Bizim satış mərkəzlərində nə qiymətindən artıq, nə də saxta mallar satılmır. Bu yalnız işbazların əməlləridir. Artıq bu neqativ hallarla bağlı İqtisadi İnkişaf Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət olunub”.

E. Əzimov qeyd edib ki, BTE-nin paytaxt və Sumqayıt şəhəri üzrə ümumilikdə 22 satış mərkəzi fəaliyyət göstərir: “Məktəbli formalarının hazırlanması hazırda da davam etdirilir. Ötən ay 20000 məktəbli forması satılıb. Bizə dövlət sifarişi verilmir. Yəni dəqiq bilmirik ki, nə qədər sayda formaya ehtiyac var. Çünki bəzən bir paltarı iki il də geyinmək mümkün olur”. "Bakı Tikiş Evi"nin şöbə müdiri onu da vurğulayıb ki, bu il ölkədə məktəbli forması qıtlığı yaşanmayacaq.

Bəli, qıtlıq yaşanmaya bilər. Amma yaşanılan başqa problemlər var ki, nədənsə BTE rəhbərliyi bu barədə danışmaq belə istəmir. Bu barədə isə DİA.AZ-ın əməkdaşları ciddi faktlar əldə ediblər. Redaksiyamızın apardığı monitorinqlər zamanı müəyyən olunub ki, BTE-nə aid bütün satış nöqtələrində bu gün müştəri bolluğu yaşansa da, ciddi şəkildə qanun pozuntuları müşahidə olunmaqdadır.

BTE rəhbərliyi bildirir ki, ayrı-ayrı yerlərdə onların məhsullarını baha qiymətə satırlar. Amma fakt bundan ibarətdir ki, bu gün onlara aid satış nöqtələrində də qiymət fərqləri mövcuddur. Bu bir yana. Ən əsas məsələ isə BTE-nə aid satış nöqtələrində həyata keçirilən alqı-satqının rəsmiləşdirilməməsidir.

DİA.AZ əməkdaşlarının apardığı monitorinqlər nəticəsində aydın oldu ki, BTE-nin demək olar ki, bütün satış nöqtələrində satış kassa aparatına vurulmur. Hətta «Karvansaray»da yerləşən və keçmiş «Qəbələ» kinoteatrının yaxınlığındakı «Məktəbli dünyası» mağazalarında bəzi alıcılar kassa çeki tələb etsələr də, satıcılar tərəfindən onlara bildirilib ki, hələlik kassa apparatı işləmir.

Hər halda, bu faktın özü həm təhsil nazirliyi və həm də vergilər nazirliyi tərəfindən ciddiyə alınmalıdır.

Bəlkə də bu işdən faydalananlar var. Yəni təhsil naziri Mikayıl Cabbarov yeni vəzifəyə təyin olunandan sonra bir sıra islahatlar apardı ki, onlardan biri də məktəbli formalarının qiymətlərinin aşağı salınması oldu. İndi isə belə bir təəssürat yaranır ki, elə qiymətlər məhz vergidən yayınmanın hesabına aşağı salınıb. Yəni dövlətin hesabına Mikayıl müəllim guya ki, xalqa jest etmiş olur…

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt