Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOVUN «SƏLİB YÜRÜŞÜ»

ZİYA MƏMMƏDOVUN «SƏLİB YÜRÜŞÜ»


13-01-2012, 12:58
ZİYA MƏMMƏDOVUN «SƏLİB YÜRÜŞÜ»

NAZİRLİK TAKSİ SÜRÜCÜLƏRİ QARŞISINDA HANSI ŞƏRTLƏRİ QOYUB?

DİA.AZ: - Məlum olduğu kimi, dünəndən etibarən nəqliyyat nazirliyi tərəfindən şəhəriçi nəqliyyatda bir sıra reydlər keçirilməkdədir. Bildirilənə görə, əsasən bu uyğulamada avtobuslarla və taksi xidməti ilə bağlı islahatlar nəzərdə tutulub. Belə ki, avtobusların dayanacaqlardan kənarda durmaları müqabilində sürücülərin 60 manat cərimələnəcəyi bildirilir. Taksilərlə bağlı məsələ isə daha dərindir.

Bu barədə redaksiyamızı bilgiləndirən NN-dəki qaynağın sözlərinə görə, əslində hər şey «London taksiləri»nin işinin faydalı olmasına hesablanıb: «Məlumdur ki, hələ də bu taksilər gəlir gətirmir. Dəfələrlə bu taksilərdə çalışan sürücülərin qiyamı baş verib. İndiyənə qədər 374 sürücü yeni taksilərdə işləməkdən imtina edib. Son anlaşmaya görə isə sürücülər artıq şirkətlə şərik işləyirlər. Yəni əldə edilən gəlir sürücü ilə şirkət arasında yarıya bölünür. Bu isə şirkətə sərf etmir. Amma başqa yol yoxdur. Və ona görə də köhnə sovet maşınlarının taksi kimi xidmət göstərməsinin qarşısı ən sərt qaydada alınacaq».

Mənbə bildirdi ki, bu ildən köhnə sovet maşınlarına taksi kimi fəaliyyət göstərmələri üçün lisenziya verilməyib: «Onlar bu günə kimi qanunsuz fəaliyyət göstəriblər və NN buna göz yumub. Nə qazanıblar, özlərinə qalır. Amma bundan sonra onlar taksi kimi işləyə bilməyəcəklər».

«Bəs digər xarici maşınların taksi kimi fəaliyyəti nə olacaq sualımızın qarşılığında isə NN-dəki mənbə bildirdi ki, bu barədə də nazirliyin müvafiq qərarı var: «Onların hamısı taksi kimi işləyəcək desəm, yalan olar. Amma saz vəziyyətdə olan xarici maşınlar taksi kimi işləyəcək. Amma bir şərtlə. Rəngləri ağ və yaxud da sarı olmalıdır. Digər maşınların isə taksi kimi fəaliyyəti qadağan olunacaq».

Onu da bildirək ki, NN-nin bu uyğulaması artıq bu gündən etibarən start götürüb və onlarla köhnə sovet maşınının sürücüsünün sənədləri artıq NN müfəttişləri tərəfindən götürülüb. Bununla bağlı redaksiyamıza məlumat verən taksi sürücülərindən biri isə bildirdi ki, nazirliyin nəyi necə deməsindən asılı olmayaraq, hətta xarici maşınların belə fəaliyyəti qadağan edilir.

Mövzu diqqətimizdədir…


Geri qayıt