Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ŞAHİN MUSTAFAYEVİ SAYA SALAN YOXDURMU?

ŞAHİN MUSTAFAYEVİ SAYA SALAN YOXDURMU?


5-09-2013, 10:22
ŞAHİN MUSTAFAYEVİ SAYA SALAN YOXDURMU?
Azərbaycanın istehlak bazarında daha bir ilginc fakt meydana çıxıb. Belə ki, bəzi yararlılıq müddəti bitməmiş malların xarab olması müşahidə olunur.

Müstəqil ekspertlər həmin halların varlığını təsdiqləyir və bunu bəzi biznesmenlərin möhtəkirliyi ilə izah edir. Məsələ burasındadır ki, yararlılıq müddəti bitmiş mallar heç də məhv olunmur. Xarici biznes qurumlarla ortaq olan Azərbaycan biznesmenləri malların zibilxanalarda məhv olması barədə sənədlər düzəldirlər ki, guya mallar yandırıldı, xarab oldu. Beləliklə də xarici partnyorlarını aldadırlar.
Lakin xariciləri aldada bilməyən biznesmenlər də var və onlar başqa variantlara əl atırlar. Birincisi, malların üzərində müddət yazılan etiketləri qoparıb yeni yararlılıq müddəti yapışdırırlar. Odur ki, vətəndaşlara məsləhət görülür ki, istehlakçılar mal alanda onun yararlılıq müddəti qoparılıb-yapışdırılan kağızdadırsa belə malları insanlar almasınlar. Yəni, malın etiketi elə vurulmalıdır ki, onu qoparanda malın qablaşması da xarab olsun, onu sonra yenidən bərpa etmək mümkün olmasın.
Hazırda şəhərin mağzalarında, satış rəflərində gördüyümüz qatıqlar, südlər, xamalar gözəl vaakumda qablaşdırılıb. Amma onların üzərinə qoyulan qapaq dəyişdirilə bilər ki, yararlılıq müddəti həmin qapağın üzərindədir. Yəni yerli istehsalçıların özləri də bu priyomlardan istifadə edərək istehlakçını aldadır. Adətən bu əməllər iri ticarət şəbəkələri ilə brendi elə də məşhur olmayan yerli istehsalçıların sövdələşməsi nəticəsində baş verir. Belə mallar adətən müştərinin çox olduğu həftə sonunda və bayram günlərində rahat "xırd" edilir.
Bu problemi necə həll etməli və əhalini bu möhtəkirlik epidemiyasından necə xilas etməli? Bəzi ekspertlər məlum problemlərin həllini qanunlarda görür. Məsələ burasındadır ki, Azərbaycanda malların məhv edilməsi prosedur qaydaları yoxdur. Məsələn, biznesmen vaxtı keçmiş və satılmayan məhsula görə də vergi verir. Ona görə onu satmağa məcburdur. Ona görə də müəyyən ekspertlər təklif edir ki, satışdan çıxarılan və satılmayan mal vergidən azad edilsin.
Həmçinin dünyada biznes qurumları elmi texniki tərəqqidən istifadə edərək, malların yararlılıq müddətini uzatmaq istəyir. Ancaq bəzi mütəxəssislər də hesab edir ki, malın ömrünü uzadan maddələr, insanların ömrünü qısaldır. Araşdırmalara görə, bu sahədə ən təhlükəli vəziyyət spirtli içkilər seqmentindədir. Əhali bilməlidir ki, araqların saxlanma müddəti 1 ildən artıq deyil, konyaklar 3 ildən artıq deyil, şərabların qablaşdırılmasından sonra istifadə müddəti 6 aydan artıq deyil. Azərbaycanda olan şərabların 90 faizinin istifadə müddətinin müddətsiz olduğu qeyd edilib ki, onların tərkibi metallarla zəngindir ki, bu da insan həyatı üçün təhlükəlidir.
ABŞ-ın İnkişaf Agentliyi ərzaq mallarının təhlükəsizliyini təmin etmək üçün Azad İstehlakçılar birliyi ilə birgə "Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı (AİQTN keyfiyyət nişanı) təsis edib. AİB bu nişanın malların üzərinə vurulmasına icazə verəcək.
Prosedur belədir: Məhsul yoxlanıldıqdan sonra üzərinə uyğun gələn bu nişanlardan biri vurulacaq. Bundan başqa, birlik bu keyfiyyət nişanı olan malların satıldığı ticarət şəbəkələri barədə əhaliyə məlumat verəcək siyahıları KİV-də dərc etdirəcək, radio və televiziya verilişlərində əhalinin nəzərinə çatdıracaq. Nişanın loqosu ticarət obyektlərinin giriş qapılarına vurulacaq. Bu keyfiyyət nişanları olan mallarla əlaqədar neqativ hallara görə AİB məsuliyyət daşıyacaq.
Nişanlar artıq hazırdır, təsdiq olunub, İqtisadi İnkişaf Nazirliyi də dəstək verib. Bu yaxınlarda məhsullara həmin mal nişanlarını verməyə başlayacaqlar. İstehlakçı artıq əminliklə həmin mal nişanı olan məhsulu alacaq. Bu yolla həmçinin, istehlakçının istehsalçıya itmiş inamını yavaş-yavaş bərpa edəcək.
Eyni zamanda ölkə qanunvericiliyində bu sahə üzrə müəyyən boşluqlar var. Yalnız İqtisadi İnkişaf Nazirliyinin əlaqədar strukturlarının monitorinqləri və aşkarlanan pozuntularla bağlı cərimə tətbiq etməsi ilə iş başa çatmır. Məsələni kökündən həll etmək lazımdır. Söhbət ölkədə məmur inhisarçılığından gedir. Müşahidələr göstərir ki, nəinki yararlıq müddəti bitən məhsulların yenidən satışının həyata keçirilməsi, ümumiyyətlə ölkədə keyfiyyətli istehsal sarıdan problemlərin yaranması məhz rəqabət mühitinin yoxluğu, bir çox iri məmurların ayrı-ayrı istehsal sahələrini öz monopoliyalarına keçirməsi ilə bağlıdır.
Yuxarıda haqqında danışılan özbaşınalığın arxasında da bəzi məmurların dayandığı sirr deyil, əks halda heç kim Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadi İnkişaf Nazirliyinin tələblərini belə ayaqaltı edərək istehlakçıların başına olmazın oyunlar açmaq cəsarəti göstərməzdilər.

Geri qayıt