Əsas Səhifə > Partiya > MİLLİ ŞURA HEYƏTİ LONDONA NİYƏ GEDİR?
MİLLİ ŞURA HEYƏTİ LONDONA NİYƏ GEDİR?7-09-2013, 11:40 |
Yaxın günlərdə Milli Şuranın nümayəndə heyəti Böyük Britaniyaya səfər edəcək. Bu səfərin məqsədi və proqramı barədə Turan-a müsahibəsində MŞ sədrinin Londondakı təmsilçisi Murad Həsənli məlumat verib. - Milli Şuranın nümayəndə heyətinin səfərini kim, hansı məqsədlə təşkil edir? - Səfəri Milli Şura təşkil edib. Bu həftə mən MŞ sədrinin Britaniya üzrə nümayəndəsi təyin edildim və bu səfərin koordinatoruyam. Səfər Milli Şura administrasiyasının birbaşa rəhbərliyi ilə keçəcək. Londona qarşıdakı səfər MŞ-nın beynəlxalq kampaniyasının tərkib hissəsidir. Kampaniya çərçivəsində ABŞ, Almaniya və Belçikaya səfərlər olub. Milli Şura Azərbaycan diasporunun mühüm hissəsi tərəfindən dəstəklənir və biz Avropa və ABŞ-da bir çox Azərbaycan təşkilatları ilə əməkdaşlıq edirik. O cümlədən Britaniyada Londondakı Azərbaycan Demokratik Assosiasiyası Milli Şuranın nümayəndə heyətinə səfərin təşkilində kömək edir. (https://www.facebook.com/ada.united.kingdom) Səfərdə məqsəd vahid namizədimiz Cəmil Həsənlinin Britaniya siyasi və ictimai dairələrində təqdim edilməsi, Azərbaycandakı vəziyyət, qarşıdan gələn seçkilər barədə məlumat vermək, Milli Şuranın siyasi proqramını müzakirə etməkdir. Britaniya Azərbaycanın vacib tərəfdaşıdır və MŞ ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsini alqışlayır. Hesab edirik ki, bu münasibətlərin uzun müddətli sabitliyi Azərbaycanda demokratik hüquqi sistemin bərqərar olmasından asılıdır. - Səfər nə vaxt həyata keçəcək və proqram necədir? - Səfər sentyabrın 12-13-də olacaq. Londonda Azərbaycanda qarşıdan gələn seçkilərə və Milli Şuraya maraq böyükdür. MŞ çərçivəsində bütün əsas müxalif qüvvələrin birləşməsi istər diplomatik dairələrdə, isrtərsə də ekspertlər və şərhçilər arasında müsbət qiymətləndirildi. Ona görə MŞ nümayəndə heyətinin səfəri ciddi marağa səbəb olub. Səfər proqramına Britaniya XİN-də (Foreign Office), Beynəlxalq İşlər üzrə Kral İnstitutunda (The Royal Institute of International Affairs – Chatham House. (Tədbirin detalları bazar ertəsindən bu səhifədə göstəriləcək 9/09 - http://www.chathamhouse.org/events) görüşlər daxildir. Həmçinin Britaniya QHT-ləri və vətəndaş cəmiyyəti təmsilçiləri, parlament üzvləri, Azərbaycan və Türkiyə diasporunun nümayəndələri ilə görüş, ölkənin aparıcı KİV-də müsahibə nəzərdə tutulur. - Londona kimlər dəvət olunub? - Əvvəlcə sentyabrın 5-dən 9-dək davam edəcək uzunmüddətli geniş səfər nəzərdə tutulurdu, buraya bir sıra təşkilat və partiyaların təmsilçiləri və liderləri daxil olmalı idi. Amma namizədin qeydiyyatı, imza toplanması prosesi və seçkiöncəsi kampaniyanın tələbləri ilə bağlı texniki səbəblər üzündən səfəri 12-13 sentyabra keçirib nümayəndə sayını azaltmaq lazım gəldi. Londona MŞ-nın namizədi Cəmil Həsənli, MŞ sədri Rüstəm İbrahimbəyov, MŞ aparatının rəhbəri Eldar Namazov gələcək. - Azərbaycanın seçki kampaniyasının gedişi üçün bu səfərin hansı əhəmiyyəti var? MŞ-nın prioriteti qarşıdakı seçkilərdə səmərəli mübarizə aparmaq və qələbə qazanmaqadır. Təbii ki, seçki kampaniyasının beynəlxalq elementi köməkçi xarakter daşıyır. Amma Milli Şuraya qarşı hökumətyönlü KİV-də qara piar kampaniyasını nəzərə alanda MŞ komandası və namizədinin Londona səfəri və onun yüksək səviyyəsi növbəti dəfə Milli Şura haqda hökumətin miflərini alt-üst edəcək. Namizədimiz və komandamız beynəlxalq səviyyədə böyük hörmətə malikdir. Milli Şura səmərəli işləyir və beynəlxalq əlaqələri inkişaf etdirir, Azərbaycan diasporu ilə əlaqələri gücləndirir. Bu zaman Azərbaycanın milli maraqlarından çıxış edir, ölkə vətəndaşlarının hüquqlarını müdafiə edirik. Londona səfər namizədimizə imkan verəcək ki, balanslı xarici-siyasi prioritet və istiqamətləri Azərbaycan seçicisinə göstərsin. Geri qayıt |