Əsas Səhifə > Partiya > ELDAR NAMAZOV RAUF ARİFOĞLUNA CAVAB VERDİ

ELDAR NAMAZOV RAUF ARİFOĞLUNA CAVAB VERDİ


7-09-2013, 11:43
ELDAR NAMAZOV RAUF ARİFOĞLUNA CAVAB VERDİ
“El” Hərəkatına qarşı başlanan kampaniya Milli Şuranın parçalanmasını istəyən qüvvələrin işidir". Bu sözləri “Azadlıq”a “El” Hərəkatının sədri Eldar Namazov rəhbərlik etdiyi təşkilat haqqında səslənən fikirlərə, xüsusilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun ittihamlarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, “El” Hərəkatı Milli Şuranın qorunub saxlanılmasında mühüm rol oynayıb: “Məhz Milli Şuranın pat vəziyyətindən çıxması üçün yeni vahid namizədin irəli sürülməsi ilə bağlı müzakirələrdən sonra ”El" Hərəkatına qarşı basqılar şiddətli xarakter aldı. Hərəkatın rəhbərliyi prokurorluğa çağırıldı. Qondarma ittihamlarla bağlı dindirildi. Paralel olaraq birbaşa hakimiyyəti müdafiə edən və ya hansısa formada iqtidara bağlılığı olan saytlarda “El” Hərəkatı ilə bağlı böhtan dolu materiallar dərc olundu. Ümumiyyətlə, bütövlükdə Milli Şura hədəfə alındı. Yazdılar ki, ay nə bilim Milli Şura Rusiyanın projesi idi, indi milli proje olub, Milli Şurada doğmalar və ögeylər var, Milli Şuranın vahid namizədini yalnız iki partiya dəstəkləyir, yerdə qalanlar Cəmil Həsənlini müdafiə etmir və s. Bütün bunların kökündə əlbəttə ki, Milli Şuranın parçalamaq niyyəti dayanır. Çünki bu insanların arzuları gözündə qalmışdı. Milli Şuranı qoruyub saxlamışdıq. Və “El” Hərəkatının prosesdə önəmli rolu olmuşdu. Yenə də arzuları gözlərində qalacaq. Biz sona qədər bir yerdə olacağıq".
Eldar Namazov deyib ki, Rauf Arifoğlunun da “El”ə qarşı kampaniya aparanların sırasından olmasından təəssüflənir:
“Çox təəssüf ki, bu sırada Rauf bəy də var. Güman etmirəm ki, Rauf bəyin Cəmil Həsənlini ”El"dən qoruması kənardan səmimi görünür. Çünki Rauf bəy Milli Şuranın üzvü deyil. Və öz istəyilə Milli Şuraya qatılmayıb. Amma Cəmil Həsənlinin Milli Şuranın vahid namizədi olmasında “El”in də rolu var və “El” Hərəkatı vahid namizədi dəstəkləyir. Yenə də qeyd edirəm ki, yazılanlar böhtandır. Və məncə “Milli Şura artıq dağıldı”, “Milli Şura özünü buraxmalıdır” kimi fikirlər Milli Şuranı dəstəklədiyini deyən insanın dilindən səslənməməməlidir".
Maraqlıdır ki, “El” Hərəkatı ilə bağlı ittihamlara Eldar Namazovun müavinləri Zəfər Quliyev və Köçəri Nağıbəyli cavab verməkdən yayınıb. Zəfər Quliyev bildirib ki, o deyilənlərə münasibət bildirmək, buna vaxt ayırmaq istəmir. Köçəri Nağıbəyli isə “Azadlıq” qəzetinin qərəzli(?) olduğunu bəhanə gətirib.
Sonda xatırladaq ki, Rauf Arifoğlu mətbuata açıqlamasında “El” Hərəkatının ünvanına sərt ittihamlar səsləndirib. O, bu təşkilatı müxalifətin faciəsi adlandırıb.

Geri qayıt