Əsas Səhifə > Partiya > "CƏMİL HƏSƏNLİNİ QABAĞA VERİBLƏR"...

"CƏMİL HƏSƏNLİNİ QABAĞA VERİBLƏR"...


9-09-2013, 10:37
"CƏMİL HƏSƏNLİNİ QABAĞA VERİBLƏR"...
Yeni Azərbaycan Partiyası (YAP) müxalifətin prezidentin fəaliyyəti ilə bağlı iradlarına cavab verib.

APA-nın məlumatına görə, YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib ki, siyasi mübarizədə nihilist və məntiqsiz mövqe nümayiş etdirən radikal müxalifətin “başbilənləri” budəfəki seçkilərdə bu tipli əcaib təklifləri ilə özlərini çox gülünc vəziyyətə qoyublar: “Axı harada yazılıb ki, prezidentliyə namizəd olan hazırkı prezident dövlət başçısı səlahiyyətlərindən imtina etməlidir? Radikal müxalifət dairələri prezident İlham Əliyevin seçkiyə qədər dövlət başçısı kimi fəaliyyətini dayandırmasını və faktiki olaraq işləməməsini təklif edirlər.

Məsələn, ölkəyə yeni gələn səfir öz etimadnaməsini prezidentə təqdim etmək istəyirsə, gərək etməsin, gözləsin. Yaxud maaşının artımını arzulayan vətəndaş bu fikirlərdən əl çəkməlidir, müxalifət hesab edir ki, olmaz. Yollarda nəqliyyat, ölüm hadisələrinin qarşısını almaq üçün yeraltı keçid, körpü istifadəyə hazırdırsa, gərək bağlı saxlansın.

Bu siyahını çox uzatmaq olar. Bütün bunlara bir izah verilir ki, İlham Əliyev prezidentliyə namizəddir, nə iş görürsə xalqın dəstəyini qazanır, belə olmaz. Müxalifətdə hesab edirlər ki, hələ təbliğat-təşviqat dövründən öncə telekanallar prezidentin günlük fəaliyyəti ilə bağlı 50 saniyə, 1 dəqiqə xəbər verirsə, bu, normaldır, əks halda anormaldır.

Telejurnalistikadan az da olsa, baş çıxaran adam bu “arqumentə” sadəcə istehza ilə baxır. Çünki xəbər süjetinin xronometrajını xəbərin operativliyi, mahiyyəti müəyyən edir.

Bu məntiqlə prezident əgər Qarabağ danışıqları ilə bağlı xalqa mühüm mesaj çatdırmaq istəyirsə, o zaman onun danışığı efirdə yarımçıq kəsilməlidir ki, 50 saniyə keçdi. Radikal müxalifətin nəzarətində olan KİV-dən düşməyən daha bir “arqument” var: təbliğat-təşviqat üçün Seçki Məcəlləsi 21 gün vaxt verir, amma respublikanın 80-ə yaxın rayonu var, bəs hər bir rayonda olmaq üçün hakimiyyət vaxt qoymur. O zaman sual olunur ki, yaxşı, ötən prezident seçkilərindən keçən 5 il ərzində bu rayonlar niyə yada düşməyib? Ona görə də radikal müxaliflər tarixçi Cəmil Həsənlini irəli verərək onun arxasında gizləniblər. Cəmil Həsənliyə niyə buna razı olub, bunu təftiş etməyəcəm, çünki prezident seçkisində namizəd kimi iştirak etmək vətəndaşa verilən konstitusion hüquqdur”.

M. Qurbanlı bildirib bu səriştəsizlik özünü hər yerdə göstərir: “Məsələn, Cəmil Həsənli deyir ki, “o vətəndaş ki, 1 manatını bizim seçki kampaniyamıza vermək qayğısı ilə yaşayacaq, o, bizim tərəfdarımızdır”. Tərəfdarları saymaq üçün hesabı yoxlamaq da olar: cəmi 509 manat. Əgər kimsə, 1 manat yox, 2 manat veribsə, onda tərəfdarları saymaq bir az da qəlizləşir. Cəmil Həsənli bəlkə də müəllim kimi tələbələrinə pul gözü ilə baxmayıb, amma indi vətəndaşlara, məhz bu cür baxır, onları bu cür ayırır. Siyasətdə radikallığı özlərinə yol seçənlər gərək tarixdən ibrət alsınlar. Amma görünən budur ki, ibrət ala bilmirlər”.

Geri qayıt