Əsas Səhifə > Sosial, Manşet > SƏLİM MÜSLÜMOVUN QARA GÜNLƏRİ BAŞLAYIR

SƏLİM MÜSLÜMOVUN QARA GÜNLƏRİ BAŞLAYIR


10-09-2013, 14:32
SƏLİM MÜSLÜMOVUN QARA GÜNLƏRİ BAŞLAYIR
DİA.AZ: - Vəzifədə ən uzun ömürlü məmurlarımızdan biri də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovdur. Məlumat üçün bildirək ki, o, 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olub. Karyerası ərzində 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabr tarixində Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə təyin edilib.

O həmçinin gömrük xidməti general-mayor rütbəsi ilə təltif olunub. Artıq on birinci ildir ki, DSMF-yə rəhbərlik edən məmurun arxada qalan fəaliyyəti o qədər də ciddi nailiyyətlərlə müşahidə olunmayıb. Adətən Səlim Müslümovun adı pensiyalarla bağlı qalmaqallı məsələlərdə, yaxud da Ağsunun icra başçısı işləyən dayısı Ənvər Seyidəliyevin qanuna zidd əməlləri ilə bağlı çəkilir. Hələ bu vaxta qədər görməmişik ki, hansısa vətəndaş onun işindən ağızdolusu danışıb öz məmnunluğunu ifadə etsin. Belə ki, DSMF sədri vətəndaşların rəğbətini qazana biləcək heç bir iş görməyib. Diqqətinizə çatdıraq ki, onun başçılıq etdiyi fondun əsas vəzifələri dövlətin sosial sığorta və əmək pensiyası siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata keçirilməsində iştirak etmək, fondun büdcə layihəsini hazırlamaq və təsdiq olunmuş büdcənin icrasını təmin etmək, öz səlahiyyətləri daxilində məcburi dövlət sosial sığortası, əmək pensiyaları sahəsində qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət və sairdən ibarətdir. Görünən isə odur ki, DSMF üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilmir, bu və ya digər amillər qurumun şəffaf prinsiplər üzərində işləməsinə imkan vermir. Bu sahədə rüşvət və korrupsiya inanılmaz səviyyəyə çatıb. Fond rəhbəri isə mövcud olan nöqsanları aradan qaldırmaqdansa, pensiya sistemində daha dərin böhranların yaranmasına zəmin hazırlayır. Əldə etdiyimiz son məlumatlara əsasən, sıravi vətəndaşlar kimi hakimiyyətin yuxarı təbəqəsində oturan şəxslər də Səlim Müslümovun fəaliyyətini müsbət qiymətləndirmirlər. Etibarlı mənbənin dediyinə görə, yuxarı orqanlar tərəfindən fond sədrinə qarşı sərt ittihamlar səsləndirilib. Qaynaq iddia edir ki, Səlim Müslümovun rəhbərlik etdiyi idarənin bu ilin ilk 6 ayının hesabatında ciddi uyğunsuzluqlar aşkarlanıb: «Bundan sonra Hesablama Palatası tərəfindən DSMF rəhbərliyinə xəbərdarlıq edilib. Amma bu xəbərdarlığa məhəl qoyulmayıb. Ardından da Hesablama Palatası dövlət rəhbərliyini məlumatlandırıb. Və bununla da məsələ böyüyüb». Mənbənin qeydlərinə görə, DSMF-nin hesabatında büdcədən ayrılan vəsaitlə hesabatı verilən rəqəmlər arasında ciddi fərqlər meydana çıxmaqdadır: «Maraqlıdır ki, bu fakt hakimiyyətin bütün addımlarını incəliklə izləyən müxalifyönümlü ekspertlərin də nəzərindən yayınıb».

Mənbə söyləyir ki, yaxın günlərə qədər davam edən gərginliyi DSMF şefi hələ də yoluna qoya bilməyib: «Hələlik onunla bağlı hansı qərarın verildiyi məlum deyil. Amma anlaşılan odur ki, fond rəhbərinə qarşı çox ciddi addımlar atılacaq».

Bildirək ki, bu gün DİA.AZ-a bununla bağlı yeni faktlar daxil olub. Artıq DSMF-də yoxlamalar başlayıb. Bu barədə danışan mənbə iddia edir ki, faktlar "səmimi" araşdırılarsa, o zaman Səlim Müslümovun qurtuluşu imkansızdır.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt