Əsas Səhifə > Güney Press, Üçüncü sektor > FAZİL MƏMMƏDOVA QARŞI İLGİNC İTTİHAMLAR

FAZİL MƏMMƏDOVA QARŞI İLGİNC İTTİHAMLAR


11-09-2013, 10:48
FAZİL MƏMMƏDOVA QARŞI İLGİNC İTTİHAMLAR
VN ŞEFİNİN LEGİONER KORRUPSİYASI

Güləş Federasiyasının prezidenti, vergilər naziri Fazil Məmmədovun "legioner korrupsiyası" barədə 30gun.az-a yeni ilginc məlumatlar daxil olub. Məlumatlara görə, vergilər naziri Fazil Məmmədov son vaxtlar Azərbaycan güləşinin qeyri – rəsmi ağasına çevrilib. Yada salaq ki, ötən yazımızda Olimpiya tariximizin ən uğurlu məqçisi olan Saypulla Absaitovun vəzifəsindən kənarlaşdırılması haqqında məlumat vermişdik. London Olimpiadasında onun başçılığı altında sərbəst güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanmışdı. Lakin nədənsə bu, Azərbaycan Güləş Federasiyasının dağıstanlı vitse – prezidentini “qane etmədi” və bu posta orta səviyyəli gürcüstanlı məşqçini gətirdi. Saypulla Absaitov isə, kiçik yaş qrupu üzrə yığmaya məşqçi təyin edildi...



Həmin yazıda biz federasiya rəsmiləri ilə güləşçilər arasında ilginc pul razborkasından bəhs etmişdik. Yazmışdıq ki, məmurlar idmançılara ayrılan vəsaitin bir hissəsini geri almaq üçün ən müxtəlif iddialardan belə çəkinmirlər. İdmançının nəticə əldə edib – etməməsinin isə, “ işə “ dəxli yoxdur, hər iki halda sənə ayrılanı bölüşməlisən. Bu haqda az sonra daha ətraflı danışacağıq.

Maqomet Aliomarovun qısa müddət ərzində Azərbaycan güləşində önəmli fiqura çevrilməsi , Qonşu Dağıstandan ölkəmizə saysız hesabsız kiçik yaşlı idmançıların gətirilməsi, yerli idmançılarımızın SSRİ dövründən qalma metodlarla sıxışdırılması, gələcəkdə bu idman növümüzün ən yaxşı halda qadın voleybolumuzun gününə düşəcəyindən xəbər verir. Fikir verin , bu gün Azərbaycana qonşu Dağıstandan sayı 200 – ü keçən(bəzi hesablamalara daha çox – A.A) müxtəlif yaşda yeniyetmə və gənc güləşçilər gətirilib. Onlar yerli uşaqlardan fərqli olaraq, ən yaxşı salonlarda məşq edir, üstəlik də hər biri Azərbaycanda orta aylıq əmək haqqından da yüksək məbləğdə aylıq müavinət alırlar.

Yerli yəni, azərbaycanlı uşaqlar üçün ayrılan pulsuz güləş salonları isə, heç bir standarta cavab vermir.

Bütün bu nəhəng legioner kontingenti məhz, Maqomet Aliomarova tabedir. Onların məşqi, məişəti üçün ayrılan pullar bu şəxsin nəzarəti altındadır. Yeri gəlmişəkən onun gətirdiyi legoner ordusu indidən uğursuzluq siqnalları verir. Xatırladaq ki, ona qədər ölkəmizə Şərif Şərifov, Xetaq Qazyumov, Zəlimxan Hüseynov kimi uğurlu legionerləri gətirən təcrübəli məşqçi Maqometxan Aratsilov məhz onunla konfliktdən sonra Azərbaycanı tərk etdi, hətta ona verilən mənzildən də imtina etdi.



London Olimpiadasında ölkəmizi 55 kq – da niyə heç kim təmsil etmədi?



Bu çəkidə Azərbaycan həmişə favorit olub, məhşur güləşçimiz Namiq Abdullayev bu çəkidə Olimpiya çempionu olub, bir dəfə də final güləşib. Bu çəkidə kifayət qədər güclü idmançılar olduğu halda, Maqomet Aliomarov orta səviyyəli həmyeryrlisi Mahmud Maqomedova stavka etməyə başladı. Bu çəkidə Namiq Sevdimov, .Ceyhun Əliyev kimi perspektivli güləşçilərimiz olduğu halda ( onların hər ikisi, dəfələrlə dağıstanlı legionerə qalib gəlmişdilər – A.A) vitse – prezident Mahmud Maqamedov inadından dönmədi. Hətta iş o yerə çatdı ki, az qala sanksiya ilə üzləşəcəkdik, belə ki, Rusiya həmin idmançının bir ildən tez müddətdə Azərbaycan bayrağı altında güləşməsinə etiraz etmişdi. Sonda Maqomedov lisenziya qazana bilmədi və medal üçün böyük şansımız olan bu çəkidə bizi Londonda heç bir güləşçi təmsil etmədi. Haqsız rəqabət nəticəsində, dağıstanlı güləşçini iki dəfə məğlub etmiş, dünya kubokunun sahibi, Ceyhun Əliyev gənc yaşda demək olar ki, xalçadankənar (!) vəziyyətdədir. Onun simasında bəlkə də biz gələcəyin Olimpiya çempionunu itirdik.

Maqomet Aliomarov öz həmyerlilərinin Olimpiya , dünya və Avropa çempionatlarına getməsi üçün, SSRİ – dən qalma metodları daha da təkminləşdirib.

Sərbəst güləş üzrə beynəlxalq turnirlər qeyri – rəsmi olaraq iki kateqoriyaya ayrılır. Rusiyada təşkil edilən ənənəvi Yarıgin və Medved turnirləri güləş aləmində qeyri rəsmi dünya çempionatları kimi səciyyələndirilir. Eyni kateqoriyadan olan bəzi turnirlər məsələn , Türkiyədə keçirilən Yaşar Doğu turnirinə isə, başda Rusiya olmaqla əsas güləş ölkələri ikinci dərəcəli idmançılarını göndərir.

Loru dildə desək, Yarigin turnirində qazanılan bürünc, Yaşar Doğu turnirində qazanılmış qızıldan daha üstündür. Maqomed Aliomarov bundan məharətlə istifadə edir, yerliləri güclü turnirə, legionerləri isə ikinci dərəcəli müsabiqələrə göndərir. Nəticədə daha “yüksək nəticə” göstərmiş legionerlər çemponatlara getmək hüququ qazanırlar...



Güclü mütəxəssislərimiz demək olar ki, işsizdirlər



Azərbaycan güləş məktəbinin ənənələrini layiqlə davam etdirə biləcək, dünya səviyyəli məşqçilərimiz olduğu halda , ən önəmli postlar bu gün gəlmə məşqçilərə etibar edilir. Namiq və Arif Abdullayev qardaşları, Nazim Əlicanov, Rövşən Umudov, Xəzər İsayev, Vahid Əliyev (O, Namiq və Arif Abdullayevlərin məşqçisi olub – A.A) , Aslan Ağayev kimi məşqçilərimizin hər biri istənilən vaxt bu məsuliyyəti öz üzərinə götürə biləcək səviyyədə olsalar da, nədənsə onların xidmətinə ehtiyac duyulmur. Sanki bu vaxta qədər Azərbaycanda güləş olmayıbmış kimi davranırlar.

Klassik güləş üzrə milli komandamızın sabiq(!) məşqçisi Elçin Cəfərov bu yaxınlarda 1- i baş olmaqla 8 nəfərlik iranlı məşqçilər korpusu (!) ilə əvəzləndi. Fərid Mansurov, Rövşən Bayramov, Vitali Rəhimovla birlikdə zirvələr fəth etmiş adlı – sanlı məşqçinin bu şəkildə postu ilə vidalaşması heç də təsadüfi deyil. O həmişə yerli idmançılarla işləməyə üstülük verirdi və gözəl nəticələrə imza atmışdır. Yəqin ki, çox yaxında klassik üsulla güləşən legionerlərin sayının sürətlə artmasını müşahidə edəcəyik. Halbuki, məşqçi Elçin Cəfərovun simasında dəfələrlə idmançılarımızın rus güləşçilərin ən mötəbər turnirlərdə məğlub etdiklərinin şahidi olmuşduq. Halbuki, Elçin Cəfərov fəaliyyəti dövründə öz nüfuzundan istifadə edərək lazımsız legionerləri yaxına belə buraxmırdı.

Saypulla Absaitov kimi mütəxəssisin xidmətindən imtina edib, yerli məşqçilərimizdən qat – qat aşağı səviyyədə olan gəlmələrə işbirliyi güləşimizi tənəzzülə aparır.

Bu gün uşaq və yeniyetmə güləşimiz çox acınacaqlı vəziyyətdədir. Dağıstandan gətirilmiş və əksəriyyəti “lipa” olan yeniyetmə və gənc güləşçilər daxili turnirlərdə heç kimə aman vermirlər. Onlara göstərilən qayğının, 10 faizi belə yerli gənclərimizə göstərilmir.

Maqomet Aliomarov get – gedə Azərbaycan güləşini özündən asılı vəziyyətə salmaqda davam edir, belə getsə çox yaxında bütün çəki dərəcələrində legionerlərin xalçaya çıxmasının şahidi olacağıq.

Bu gün güləşçilərimiz və onların məşqçiləri, keçmiş SRRİ – də üzləşdikləri süni çətinlikləri yenidən yaşamağa məhkumdurlar. Bəzi hallarda isə, xüsusilə uşaq və qadın “güləş”ində vəziyyət daha dözülməzdir. Bir ildə 9 medal qazanmış , qadın yığmasını sıfırdan formalaşdırılan Avropa çempionu, istedadlı və gənc məşqçi Nazim Əlicanov bir göz qırpımında işindən kənarlaşdırılır və yerinə həmyerlisi, əslində qadınlardan uzaq tutulması gərəkən Qurbanov bu posta gətirilir. Gələn sayımızda bu təyinatın ilginc nəticəsi haqda danışacağıq...

Bu gün “lipa” adlanan bəla, uşaq və yeniyetmə güləşimizə qənim kəslib. Təsəvvür edirsinizmi, saxta doğum şəhadətnaməsi alan 16 yaşlı gənc, bu gün 11 – 12 yaşlı uşaqlarla güləşir və təbii ki, qalib gəlir. Total lipa uşaq güləşini demək olar ki, məhv edir. Bu rəzalət, başqa sözlə desək, cinayətə görə, başda Maqomet Aliomaroviç başda olmaqla, bütün federasiya yetkililəri və əlbəttə ki, hüquq – mühafizə orqanları məsuliyyət daşıyırlar.

Araşdırmalarımız davam edir. Bizi izləyin...

Geri qayıt