Əsas Səhifə > Sosial, Manşet > “SƏDƏRƏK”DƏ “DƏRƏ XƏLVƏT TÜLKÜ BƏY” PRİNSİPİ...

“SƏDƏRƏK”DƏ “DƏRƏ XƏLVƏT TÜLKÜ BƏY” PRİNSİPİ...


11-09-2013, 13:06
“SƏDƏRƏK”DƏ “DƏRƏ XƏLVƏT TÜLKÜ BƏY” PRİNSİPİ...
NƏZARƏTSİZ QALAN TİCARƏT MƏRKƏZİNDƏ RƏSMƏN XAOS HÖKM SÜRÜR

DİA.AZ: - Məlum olduğu kimi dövrü mətbuatda mütəmadi olaraq “Sədərək” Ticarət Mərkəzində baş verən müxtəlif qanun pozuntuları ilə bağlı tənqidi materiallar dərc olunmaqdadır. Yayımlanan məlumatlarda bildirilir ki, Yusif Qədimovun rəhbərlik etdiyi TM-də əməlli-başlı özbaşınalıq və nəzarətsizlik hökm sürür. Elə DİA.AZ-a da bu barədə sözügedən TM-də çalışanların özləri şikayət ediblər.

Redaksiyamıza müraciət edənlər iddia edirlər ki, özünü kifayət qədər arxayın hiss edən Yusif Qədimov TM-dəki sahibkarlara əməlli-başlı divan tutur. Lakin bütün bunlar Y.Qədimovun yol verdiyi haqsızlıqların heç də hamısı deyil.

Xatırladaq ki, bu günlərdə yerli mətbuatda “Yusif Qədimov çempionu küçələrdə qoyub” sərlövhəli tənqidi material dərc olunmuşdu. Mətbuata ağız açan idmançı Elşən İsmayılov hüquqlarının “Sədərək” Ticarət Mərkəzinin müdiri Yusif Qədimov tərəfindən kobud şəkildə pozulduğunu bəyan etmişdi. Biz həm də qeyd etmişdik ki, Elşən İsmayılov sadəcə sıradan bir idmançı deyildir. İdmanın boks növü ilə məşğul olan Elşən dəfələrlə Azərbaycan çempionu, Avropa və dünya çempionatlarının mükafatçısı olmuşdur.

Elşənin öz sözləri ilə desək o, 12 yaşından etibarən ömrünü bütünlüklə Azərbaycan idmanının inkişafına həsr etmişdir. Bizə təqdim etdiyi ərizədə isə E.İsmayılov uzun müddət “Sədərək” peşəkar idman klubunu təmsil etdiyini bildirir. Məlum olduğu kimi bu klubun rəhbəri də məhz elə “Sədərək” Ticarət Mərkəzinin müdiri Yusif Qədimovdur.İdmançının öz ərizəsində təqdim etdiyi faktlara əsasən belə qənaətə gəlmək olur ki, Y.Qədimov öz fəaliyyəti ilə Azərbaycanda bilavasitə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən gənclər və idman siyasətinin əsas prinsiplərinə, ana xəttinə qarşı çıxır. E.İsmayılovun sözlərinə görə Y.Qədimov rəhbərlik etdiyi idman klubunu eyniadlı ticarət mərkəzindən daha bərbad bir formada idarə edir. Hər halda Yusif Qədimov və köməkçisi Aydın müəllim “Sədərək” idman klubu ilə “Sədərək” ticarət mərkəzinin istismarı arasında heç bir prinsipial fərq qoymurlar.

Onların fəlsəfələrinə görə, nəticə etibarı ilə hər iki “obyekt” yalnız pul gətirmək məqsədinə xidmət etməlidir. Klubun adından çıxış edən idmançılara maddi dəstək olunmur, onların sosial-məişət problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülmür. Bu gün isə titullu idmançımız Yusif Qədimov tərəfindən sözün əsil mənasında klubdan küçəyə atılaraq, tamamilə imkansız bir vəziyyətə salınıb. DİA.AZ vasitəsilə ölkə rəhbərliyinə, həmçinin DİN və FHN rəhbərliklərinə ünvanladığı müraciətini isə Elşən İsmayılov bu sözlərlə bitirir:

“Hörmətli cənablar! Mən 12 yaşımdan ömrümü Azərbaycan Respublikasının idman sahəsində layiqli təmsil olunmasına həsr etmişəm. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm və müddətli həqiqi hərbi xidmətdə olmaqla Vətən qarşısında müqəddəs borcumu yerinə yetirmişəm. Bu günədək ömrümü peşəkar idmana həsr etdiyimdən nə iş, nə də ev sahibi olmuşam. Buna görə də Sizlərdən mənim Azərbaycan Respublikasının qarşısında göstərdiyim xidmətlərimi nəzərə almaqla mənim DİN və ya FHN sistemində müvafiq işlə təmin olmağıma köməklik göstərmənizi xahiş edirəm... ”

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt