Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "AZƏRKÖRPÜ"DƏ KORRUPSİYA KÖRPÜSÜ
"AZƏRKÖRPÜ"DƏ KORRUPSİYA KÖRPÜSÜ13-09-2013, 10:02 |
Keçən günlərdə biz Əfəndi İsmiyevin rəhbərlik etdiyi “Azərkörpü”ASC-nin fəaliyyətində aşkar müşahidə olunan bəzi nöqsanlara və qanun pozuntularına dair aldığımız məlumatlar əsasında tənqidi materiallar dərc etmişdik. Buna səbəb ilk növbədə ASC-nin rəhbərliyi tərəfindən qanunvericilikdə dividendlərin həcminə dair tələbin olmamasından sui-istifadə hallarına yol vermələri barədə iddialar oldu. Bu xüsusda ölkənin fond bazarı üzrə ixtisaslaşan ekspertlərinə istinadən bildirimişdi ki, milyonlarla manat mənfəət əldə edən "Azərkörpü" ASC illərdən bəridir ki, hər səhm üçün 0,90 manat dividend elan edir. Hərçənd şirkət bu dividendi ən azı 10 dəfə artırmaq iqtidarındadır. Mövcud qanunvericiliyə görə, dividend cəmiyyətin xalis mənfəətindən onun iştirakçılarına ödənilir və onun məbləği Direktorlar Şurası tərəfindən ümumi yığıncağa tövsiyə olunur. Mənfəətin qalan hissəsi isə digər zəruri məqsədlər üçün yönəldilə bilər. Daha sonra qeyd olunmuşdu ki, hər il “Azərkörpü” ASC mənfəət və əsas vəsaitlərin amortizasiyası hesabına kapital qoyuluşları edərək, 10 milyonlarla manat dəyərində əsas vəsait əldə edir. Buna baxmayaraq, nəzarət səhm sahibləri kapital qoyuluşlarının cəmiyyətin nizamnamə kapitalına yönəldilməsini əngəlləyirlər. Onlar buna qarşı əsaslı arqument qətirməsələr də, səbəb aydındır. Bu siyasətin nəticəsində mülkiyyətində olan az miqdarda səhmdən xırda məbləğdə dividend alan səhmdar əvvəl-axır ondan yaxa qurtarmaq barədə qərar vermək məcburiyyətində qalacaq. Hərçənd “Azərkörpü” ASC səhmlər üzrə yuxarıda qeyd olunduğu kimi 90 qəpik deyil, 75 manat 4 qəpik ödəmək iqtidarındadır. Bu isə hər səhmin nominal dəyərindən 37,5 dəfə çoxdur... Bu informasiyanı yenidən təkrarlamaqda isə xüsusi məqsədimiz var. Redaksiyamıza yeni daxil olan məlumatlarda səhmdarlardan “qənaət edilən”, eləcə də ASC-nin fəaliyyətində kifayət qədər yol verilən maliyyə maxinasiyalarından əldə olunan böyük miqdarda gəlirlərin hansı məqsədlərə xərcləndiyinə dair konkret iddialar irəli sürülüb. Bildirilir ki, bir müddət əvvəl Nardaran qəsəbəsi ərazisində (dənizə yaxın ərazidə) “Azərkörpü” ASC-nin sədri Əfəndi İsmiyevin müavinləri tərəfindən 1 hektalıq torpaq sahəsi alınıb. Həmin sahədə isə hər biri təxminən 400-500 min manat dəyərində olmaqla, dörd ədəd xüsusi mülk-villa inşa edilib. Bu mülklərin sahibləri də təbii ki, yenə də ASC-nin sədr müavinləridirlər. Bu arada isə qeyd edək ki, Əfəndi İsmiyevin öz şəxsi villası da yaxınlıqda yerləşsə də, həmin 1 hektarlıq sahəyə daxil deyil. Yeri gəlmişkən cəmiyyətdə formalaşmış ictimai rəy də təsdiq edir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən əksər səhmdar cəmiyyətlər öz səhmləri üzrə az-çox qaneedici divident vermirlər. Buna səbəb kimi isə həmin cəmiyyətlərin rəhbərləri müəssisələrinin guya ki, zərərlə işlədiklərini göstərirlər. Lakin Azərbaycan kimi möhtəşəm iqtisadi inkişaf mərhələsi yaşayan bir ölkədə, “Azərkörpü” ASC kimi inşaat nəhənginin belə bir bəhanəyə istinad etməsi tamamilə absurddur. Ən azından ASC rəhbərliyinin və ilk növbədə səhmlərin 51%-nə nəzarət edən Əfəndi İsmiyevin şəxsi sərvətinin müəssisənin qazandığı hər yeni tenderlə artması bu iddiaları tamamilə rədd edir. Digər tərəfdən isə yeni aldığımız məlumatlarda “Azərkörpü” ASC-nin həmin tenderləri qazanmaq üçün əl atdığı üsullar da böyük şübhə altına alınır. Göstərilir ki, bu üsullardan biri ASC-ni xüsusi himayə etməsi ilə seçilən Abid Şərifovla isti münasibətlərin qorunub-saxlanmasından ibarətdir. Daha dəqiq olsaq, məlumatlarda iddia olunur ki, qazanılan hər yeni tender münasibətilə ASC rəhbərliyi tərəfindən baş nazirin müavininə qiymətli hədiyələrin təqdim olunması artıq bir ənənə halını alıb və bunu onlar məclislərdə deməkdən belə çəkinmirlər... Geri qayıt |