Əsas Səhifə > Partiya > FƏZAİL AĞAMALI RUSİYANIN ƏLEYHİNƏ DANIŞDI

FƏZAİL AĞAMALI RUSİYANIN ƏLEYHİNƏ DANIŞDI


13-09-2013, 11:22
FƏZAİL AĞAMALI RUSİYANIN ƏLEYHİNƏ DANIŞDI
“Bu cür düşüncə ilə Azərbaycan müxəlifəti seçki prosesində heç bir uğur qazana bilməz və demokratik proseslərə heç bir töhfə verə bilməz”.

Bu sözləri Milli.Az saytına açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

“Milli Şuradakı qalmaqallar əvvəlcədən gözlənilən idi. Çünki burada müxtəlif baxışları olan, müxtəlif maraqları olan, lakin indiki hakimiyyətə düşmən kəsilən cəmləşmişdilər. Artıq Milli Şurada əvvəlcədən Rüstəm İbrahimbəyovun vermiş olduğu gəlişi gözəl sözlər, vədlər iflasa uğrayandan sonra çox ciddi ruh düşkünlüyü əmələ gəlib. Bəzi partiyalar əslində siyasi sistemdən, siyasi proseslərdən kənarda qalmamaq üçün hələ də Milli Şuranın çətiri altında fəaliyyətlərini davam etdirməyə çalışırlar”, - o əlavə edib.

Millət vəkili hesab edir ki, Cəmil Həsənlinin də Müsavat və AXCP-nin birgə namizədi kimi irəli sürülməsi və müdafiə olunması da məhz həmin partiyaların özünü qorumaq və özünü sığortalamaq məqsədi daşıyır.

F.Ağamalı qeyd edib ki, Milli Şura yarandığı gündən iflasa doğru gedirdi.

“Çünki o, Azərbaycan cəmiyyətinin sosial sifarişi kimi meydana gəlməmişdi. Kənarda yaranmış olan layihə idi. Məqsəd də ki əvvəllər də söylədiyimiz kimi, Azərbaycan dövlətinə, hakimiyyətinə təzyiq göstərmək, imkan olduqca Azərbaycanda bir marianet hakimiyyət yaratmaq, həmin hakimiyyətin Rusiyanın maraqlarına xidmət edəcək bir missiyanı üzərinə götürməsi idi. Bütün bunların hamısına ölkə prezidentinin olduqca düşünülmüş, ağıllı, çevik siyasəti son qoydu. Onların Rusiyaya dikilmiş olan ümidləri puça çıxdı. İndi dalbadal Milli Şuradan qopmalar var”, - o vurğulayıb.

Millət vəkili düşünür ki, Milli Şuranın namizədi seçkilərdə ən az səs alan namizədlərdən biri olacaq. Bu da Milli Şuranın iflası kimi tarixə düşəcək.

“Bunlar artıq bəyanat da hazırlayıblar və dolablarının gözünə qoyublar ki, oktyabrın 9-da birbaşa mətbuata versinlər. Seçkilərin nəticələrini şübhə altına almaq kimi əməllərini davam etdirsinlər”, - F.Ağamalı vurğulayıb.

Geri qayıt