Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BUZOVNANIN BƏLƏDİYYƏ SƏDRİ FIRILDAQDA İTTİHAM OLUNUR

BUZOVNANIN BƏLƏDİYYƏ SƏDRİ FIRILDAQDA İTTİHAM OLUNUR


14-09-2013, 10:52
BUZOVNANIN BƏLƏDİYYƏ SƏDRİ FIRILDAQDA İTTİHAM OLUNUR
Bu gün axşam saatlarında Bakının Buzovna qəsəbəsinin bir qrup sakini adından Məhərrəm Qədimov «Təzadlar»a zəng edərək Xəzər RİH və Buzovna qəsəbə bələdiyyəsinin rəhbərliyinin rüsvayçı fəaliyyətindən bəhs etdi:

-Xahiş edirik, söylədiklərimizi olduğu kimi yazın, qoy Prezidentimiz bu saxtakarların iç üzünü görsün. Məsələ ondadır ki, Prezidentin sərəncamına əsasən Bakı ətrafı kənd və qəsəbələrin 2011-2012-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında həm də Buzovna qəsəbəsinin sosial-iqtisadi infrastukturunun yenidən qurulması nəzərdə tutulmuşdur və bunun üçün büdcədən külli miqdarda vəsait ayrılmışdı… Görüləcək işlərdən biri də Buzovna qəsəbəsinin yollarının əsaslı təmiri, asfaltlanması, su və kanalizasiya xətlərinin, işıq dirəklərinin təzələnməsi və s. idi. Ötən müddətdə nə Xəzər RİH rəhbərliyi, nə də Buzovna qəsəbə bələdiyyəsi heç bir iş görmədilər. Qəsəbənin ara yolları bərbad gündədir. Lakin neçə gün əvvəl məlum oldu ki, ölkə Prezidenti qəsəbədəki Sovet İttifaqı Qəhrəmanı Seryoginin adını daşıyan küçədəki əsaslı təmir olunmuş 234 saylı məktəbin açılışına gələcək, dərhal bir günün içində həmin küçəni asfaltlayıb dəhşətli mənzərə yaratmışlar. Belə ki, tələm-tələsik vurulan asfalt qəsəbənin yuxarı hissəsinin bütün əsas kanalizasiya xəttlərini yox etmiş, lüklər qoyulması əvəzində, əksinə, əsas kollektora giriş quyular asfaltla doldurulub üstü bağlanmışdır! Bu isə o deməkdir ki, həmin ərazidəki bütün evlərin kanalizasiya suları yerin altına hoparaq gələcəkdə aşağı hissədə, dənizin sahilinə tərəf yerləşən bütün evləri sürüşmə təhlükəsi ilə üz-üzə qoyacaq. Axı 2-3 il ərzində görülməmiş, pulu dağılıdılmış və mənimsənilmiş o boyda işləri bir gündə necə görmək olardı? Buzovna bələdiyyəsi eyni qaydada Prezidentin sabah 234 saylı məktəbin açılışına gələcəyi xəbərini eşidərək həm də bu ərazidəki işıqları bu gün axşam söndürərək köhnə dirəkləri bir gecədə rənglətməyə başlamışdır.

Biz sakinlər xahiş edirik, Xəzər RİH rəhbərliyinin, Buzovna qəsəbə bələdiyyəsinin bu saxta işini cənab Prezidentin diqqətinə çatdırın. Biz sabah «Təzadlar» qəzetini əldə edib həmin bəzi məmurların bu biabırçı əməlini cənab Prezidentin ya özünə, ya da onu müşayiət edən məmurlara, mühafizə xidmətinə çatdıracağıq ki, saxta iş tutan məmurlar sərt cəzalanqdırılsınlar.

Problemi yerində araşdıraraq əlavə məlumat verəcəyik.

Geri qayıt