Əsas Səhifə > Partiya > RÜSTƏM İBRAHİMBƏYOV MİLLİ ŞURADAN GETMƏYƏCƏYİNİ DEYİR
RÜSTƏM İBRAHİMBƏYOV MİLLİ ŞURADAN GETMƏYƏCƏYİNİ DEYİR16-09-2013, 13:35 |
Milli Şuranın (MŞ) sədri Rüstəm İbrahimbəyovun qurumun sədrliyindən istefa verəcəyi və özünə yaxın adamları təzyiqdən qurtarmaq üçün iqtidarla anlaşdığı barədə məlumatlar yayılıb. Sentyabrın 16-da bu məlumatlara aydınlıq gətirmək üçün zəng etdikdə, hazırda Tiflisdə olan R.İbrahimbəyovla danışdıq. Qrafikinin sıx olması səbəbindən geniş danışmaq imkanının olmadığını desə də, MŞ sədri “Yeni Müsavat”ın suallarına qısaca da olsa, cavab verdi. “Mən də eşitdim ki, guya Milli Şuradan getmək, istefa vermək istəyirəm, bu barədə xəbərlər yayılıb, yazılar gedib. Bu, başdan-ayağa təxribatdır. Kim bu informasiyaları yayır, bunları nəyə əsasən deyirlər, başa düşmürəm. O gün mən sizinlə danışdım, bu barədə sizə bir söz dedimmi?” R.İbrahimbəyovun nəzərinə çatdırdıq ki, sonradan mətbuata geniş müsahibəsində bu qənaətə gəlməyə əsas yaradan fikirlər işlədib və mətbuat da bunu tirajlayıb. Ancaq R.İbrahimbəyov yazılanları təkzib etdi: “Mən azərbaycanca müsahibə vermişəm. Onlar tərcümə edəndə ya qəsdən, ya da rus dilini guya pis bildiklərindən başqa ifadə işlədiblər. Mən demişəm ki, mən vahid namizədliyi məcburi şəkildə qəbul etdim, bu missiyanı öz öhdəmə götürdüm. Onlar isə bunu tərcümə ediblər ki, məni məcbur etdilər – “menya zastavili”. “Zastavili i vınudili” - bunlar ayrı-ayrı şeylərdir. Mənim heç fikrimdə də heç vaxt olmayıb ki, mən prezident seçkilərində iştirak edəcəyəm. Heç vaxt. Amma vəziyyət elə yarandı ki, söhbət Milli Şuranın birliyindən gedirdi. O anda mənim məsuliyyət hissim belə qərar verməyimə səbəb oldu. Özümə borc saydım və bu ağır məsuliyyəti öz öhdəmə götürdüm. Amma mənim heç vaxt bununla bağlı məqsədlərim olmayıb”. R.İbrahimbəyov Tiflisdən Bakıya gəlmək planının olmadığını da bildirdi: ““Dünən Cəmil Həsənli Tiflisə gəlmişdi, bu gün Bakıya qayıtdı. Biz görüşüb çox geniş şəkildə seçki strategiyasını müzakirə etdik. Daha geniş məlumatları ondan ala bilərsiniz”. Geri qayıt |