Əsas Səhifə > Sosial, Manşet > ŞOK: SUMQAYITDA AZƏRBAYCAN POLISI ADINA LƏKƏ

ŞOK: SUMQAYITDA AZƏRBAYCAN POLISI ADINA LƏKƏ


16-09-2013, 14:08
ŞOK: SUMQAYITDA AZƏRBAYCAN POLISI ADINA LƏKƏ
İSTİNTAQA KÖNÜLLÜ ŞƏKİLDƏ TƏSLİM OLAN ŞƏXSİ VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR

DİA.AZ: - Sumqayıtda istintaqa könüllü şəkildə təslim olan şəxs – Əliyev Ceyhun Qədiməli oğlu Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi Ədalət Piriyev tərəfindən vəhşicəsinə döyülüb. Bu barədə DİA.AZ-a Ceyhun Əliyevin anası Rəsmiyyə Əliyeva məlumat verib.

R.Əliyevanın sözlərinə görə, dələduzluqda ittiham edilən C.Əliyev istintaqa könüllü şəkildə təslim olsa da, Ə.Piriyev qanunun tələblərini kobud şəkildə pozaraq onu ciddi fiziki zorakılığa məruz qoyub: “Hər şeydən öncə qeyd edim ki, övladım Ceyhun Əliyevlə bağlı bir neçə ay bundan öncə Sumqayıt Şəhər Polis İdarəsində dələduzluq maddəsi ilə iş açıldı. Valideynləri olaraq bizi istintaqa dəvət edən müstəntiq övladımızın yeri haqqı istintaqın hər hansı bilgiyə sahib olmadığını, onun üzə çıxacağı və istintaqın işinə kömək edəcəyi təqdirdə bunun yüngülləşdirici hal kimi nəzərə alınacağını qeyd etdi. Biz də öz növbəmizdə bu barədə hər hansı bilgiyə sahib olmadığımızı, lakin övladımızın yerinin öyrənilməsi, onun istintaqa könüllü şəkildə təslim olması üçün əlimizdən gələni əsirgəmədiyimizi qeyd etdik. Bir neçə aydan sonra rəsmi nümayəndəmiz vasitəsi ilə övladımızın hansı tarixdə Azərbaycana gələcəyini müəyyənəşdirdik və dərhal bu barədə istintaqı məlumatlandırdıq. Övladımın Bakı aeroportuna hansı tarixdə, hansı nömrəli aviarelslə enəcəyi ilə bağlı məlumatlar dəqiq və müfəassəl şəkildə tərəfimizdən Sumqayıt Şəhər Polis İdarəsinin əlaqədar yetkililərinə bildirildi. Beləliklə də cari ilin 7 sentyabr tarixində övladım Ceyhun Əliyevin istintaqa təslim olması reallaşdı. Lakin bu hadisənin üstündən bir neçə gün ötəndən sonra bizə məlum oldu ki, C.Əliyev istintaqa təslim olduğu günün axşamı Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi Ədalət Piriyev tərəfindən amansızcasına döyülmüş, təhqir edilmiş, onun və ailəsinin ünvanına polis zabitinə yaraşmayan biədəb söyüşlər işlədilmişdir. Odur ki, bütün bunları nəzərə alaraq mən Ceyhun Əliyevin valideyni olaraq polis mayoru Ədalət Piriyevin qanunun tam ciddiyəti üzrə cəzalandırılmasını tələb edirəm. Artıq bunun üçün bütün lazımi instansiyaların məlumatlıandırılması prosesinə start verilib. Əgər Azərbaycanın əlaqədar hüquq-mühafizə orqanları polis mundiri altında özbaşınalıq edən, istintaqa könüllü şəkildə təslim olan şəxsə qarşı zorakılıq tətbiq edən Ə.Piriyevə qarşı lazımi ölçü götürməyəcəksə, o zaman Azərbaycan polisində baş verən özbaşınalıqlarla bağlı beynəlxalq ictimaiyyəti, o cümlədən Azərbaycandakı beynəlxalq təşkilatlar və səfirlikləri məlumatlandırmağa məcbur olacayıq”.


Geri qayıt