Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ELŞAD ABDULLAYEVİN "ARİSTOKRAT" TƏZAHÜRÜ

ELŞAD ABDULLAYEVİN "ARİSTOKRAT" TƏZAHÜRÜ


16-09-2013, 15:43
ELŞAD ABDULLAYEVİN "ARİSTOKRAT" TƏZAHÜRÜ
Dözülməz durumda, bir sıra çətinliklərlə üz-üzə olan Azərbaycan səhiyyəsinin bəzi özəl tibb mərkəzlərinin qiymətləri sadə azərbaycanlının nəinki aylıq, hətta illik gəlirləri ilə müqayisədə tərs-mütənasiblik təşkil edir. Belə səhiyyə müəssisələrindən biri də Molla Cümə küçəsi 16 ünvanında yerləşən “Aristokrat” Tibb Mərkəzidir. Həm klinikanın rəhbəri Rəhim Əliyev, həm də onun baş həkimi Telman Əmirovun qaçaq rektor, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rəhbəri Elşad Abdullayevlə indi də əlaqədə olması bir yana, bu səhiyyə müəssisəsinin fəaliyyətində ciddi nöqsanlar var. İlk öncə nəzərinizə çatdıraq ki, “Aristokrat” Tibb Mərkəzinin rəhbəri Telman Əmirov keçmiş deputat Səfiyar Musayevin yaxın qohumu – bacısı oğludur. Əvvəllər bu səhiyyə müəssisəsinin keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə məxsus olduğu bildirilirdi. Lakin sonradan məlum oldu ki, tibbi mərkəzi Elşad Abdullayevin qaynatası Hüseyn Əhmədovun klinikasıdır. Onu da əlavə etmək yerinə düşər – Azərbaycan Beynəlxalq Universitetinin stomatologiya fakültəsi vaxtilə bu klinikanın binasında yerləşib.
“Aristokrat” Tibb Mərkəzinin fəaliyyətindəki kobud nöqsanlar səhiyyə müəssisəsində fəaliyyət göstərən allerqologiya, dermatologiya, hematologiya, tibbi onkologiya, pulmonologiya və terapiya, ginekologiya, mamaçılıq, ümumi cərrahiyyə, qulaq-burun-boğaz, plastik cərrahiyyə, urologiya, kardiologiya, tibbi laboratoriya, ortopediya, travmatologiya, rentgenologiya, ultrasonoqrafiya, reanimasiya və intensiv terapiya, eyni zamanda təcili tibbi yardım və evdə tibbi xidmət, neonatologiya, uşaq xəstəlikləri və uşaq cərrahiyyəsi şöbələrinin işində özünü göstərir. Belə ki, özəl səhiyyə müəssisəsinin qiymətləri “od püskürür”. Vay bura üz tutan kasıb müştərilərin halına – klinikada göstərilən tibbi xidmətlər fantastik dərəcədə elə şişirdilib ki, buranın müasir görünüşü, gözəl təmiri bəzilərində qorxu, əsəb yaradır. Şübhəsiz, pasiyentlər üçün əsas olanı münasib qiymətli tibbi xidmətdir ki, o da burda yoxdur. Bir sözlə, xidmət digər özəl klinikalardan olduqca bahadır. Digər özəl səhiyyə müəssisələrində mövcud olan 5-7 manatlıq analizlərə görə burada ən azı 25-30 manat ödəməlisən.
“Aristokrat” Tibb Mərkəzinə üz tutanlar ciblərini geniş açmalıdırlar – qapını döyüb içəri girən hələ ilk “salam”a görə 30 manat ödəməlidir. Vay o gündən ki, burada cərrahiyyə əməliyyatı keçirəsən, onda 1750-2000 manat ödəməlisən. “Aristokrat”ın digər özəl tibbi müəssisələrdən keyfiyyət fərqi olmasa da, qiymətlərdəki fantastik şişirtmələr hər şeydən xəbər verir. Bahalıq qeydiyyatdan (25 manat) tutmuş, tomoqrafiya (30-200 manat arası), USM (15-50 manat), kardioqram (10-40 manat), qanda hepatit C-nin yoxlanılmasına (25-45 manat) qədər özünü göstərir. Hələ bunlar “ücüz” xidmətlərdir, başqa sahələr üzrə qiymətlər bundan da bahadır. Maraqlıdır, görəsən, səhiyyənin “Aristokrat”ı dövlət büdcəsinin doldurulması – vergilərin qanuni şəkildə ödənilməsi baxımından da aristokratdırmı? – Şübhəli görünür. Azərbaycanın bəzi özəl klinikaları kimi, “Aristokrat”ın da maliyyə şəffaflığı bir sıra sualların ortaya çıxmasına rəvac verir. Bu səbəbdən də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, habelə Vergilər Nazirliyindən xahiş edirik ki, tibb mərkəzi ilə bağlı 1 illik yoxlamalar həyata keçirilsin. Düzdür, Vergilər Nazirliyi yoxlamaları 3 illik həyata keçirir, amma əgər “Aristokrat”ın 1 illik fəaliyyəti ilə bağlı yoxlamalar aparılsa, kliniki mərkəzin necə “aristokrat” olduğu şübhəsiz ki, açıq-aydın üzə çıxacaq.

Geri qayıt