Əsas Səhifə > Dünya > PUTİN QƏZETƏ MƏQALƏ YAZDI

PUTİN QƏZETƏ MƏQALƏ YAZDI


16-01-2012, 12:37
PUTİN QƏZETƏ MƏQALƏ YAZDI

BAŞ NAZİR PREZİDENT SEÇKİSİNƏ NİYƏ QATILDIĞINI AÇIQLADI

Yanvarın 16-da “İzvestiya” qəzeti Rusiyanın baş naziri, prezidentliyə namizəd Vladimir Putinin məqaləsini dərc edib. “Media forum” saytı xəbər verir ki, “Rusiya fikrini cəmləyir – cavab verməli olduğumuz çağırışlar” başlığı altında gedən məqalədə Putin Rusiyanın siyasi sisteminin inkişafı məsələlərinə toxunub.

Baş nazir bildirib ki, siyasət əhalinin əksəriyyətinin maraqlarını əks etdirmirsə, bu, real demokratiya ola bilməz: “Hansısa dövrdə cəmiyyətin böyük hissəsini cingiltili gözəl gələcək şüarları ilə cəlb etmək mümkündür, amma sonra adamlar özlərini bu gələcəkdə görməsələr, onlar bu siyasətdən və ictimai məsələlərdən üz döndərəcəklər”.

Putin 2012-ci ildə keçiriləcək prezident seçkisinə qatılmasını belə izah edib: “Yeni ölkənin qurulmasında heç kimin xidmətlərini əskildib çoxaltmaq istəmirəm. Onlar az deyil. Amma mən hökumət başçısı və sonra prezident olanda dövlətimiz dərin böhran vəziyyətində idi. Məhz həmin dövrdə formalaşdırılan məsləkdaşlar qrupu vətəndaşlara, milli birliyə arxalanaraq Rusiyanı vətəndaş müharibəsi girdabından çıxarıb terrorun belini qırdı, ölkənin ərazi bütövlüyünü və konstitusiya qaydalarını bərpa etdi, iqtisadiyyatı dirçəltdi və 10 il ərzində adamların real gəlirlərinin artırılmasını təmin etdi”.

Hakim Vahid Rusiya Partiyası baş nazir Putini prezident seçkisində vahid namizəd kimi dəstəkləməyə qərar verib. Prezident seçkisi martın 4-də keçiriləcək.

Putin Mərkəzi hakimiyyət orqanlarına ötən əsrin 90-cı illərinin ortalarında gəlib. 1996-cı ildə Rusiya prezidentinin işlər müdirinin müavini, 1997-ci ildə Prezident Administrasiyası rəhbərinin müavini olub. 1998-də Prezident Administrasiyası rəhbərinin birinci müavini vəzifəsinə keçib. Həmin ilin yayında Federal Təhlükəsizlik Xidmətinin direktoru olub. 1999-cu ilin martından isə həm də Rusiya Təhlükəsizlik Şurasının katibi işləyib.

1999-cu il avqustun 9-da Rusiya Nazirlər Kabineti sədrinin birinci müavini, avqustun 16-da isə baş nazir təyin olunub. 1999-cu il dekabrın 31-də prezident Boris Yeltsin istefa verib və növbədənkənar seçkiyə qədər prezident vəzifəsinin icrası Putinə tapşırılıb.

2000-ci il martın 26-da prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.

2008-ci ilin may ayından Rusiyanın baş naziridir.


Geri qayıt