Əsas Səhifə > Cəmiyyət > NEMƏT PƏNAHLI İLƏ BAĞLI MÜRACİƏT

NEMƏT PƏNAHLI İLƏ BAĞLI MÜRACİƏT


16-01-2012, 12:39
NEMƏT PƏNAHLI İLƏ BAĞLI MÜRACİƏT

HÜQUQ MÜDAFİƏ TƏŞKİLATI ƏDLİYYƏ NAZİRLİYİNƏ ÜZ TUTDU

Siyasi Azadlıqları Müdafiə Alyansı (SAMA) ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. “Media forum” saytının məlumatına görə, müraciətdə deyilir: “Cənab nazir! Milli azadlıq hərəkatının fəallarından biri olmuş Nemət Pənahlı 17 iyun 2011-ci ildə Nəsimi Rayon Məhkəməsinin qərarı 6 il müddətinə azadlıqdan məhrum edilib və hazırda o, 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. 13 yanvar 2012-ci ildə Nemət Pənahlının atası Əhəd Pənahlı vəfat edib. Yaxınlarının müvafiq dövlət orqanlarına müraciətinə baxmayaraq onun öz atasının dəfnində iştirakına şərait yaradılmayıb.

SAMA hesab edir ki, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq normativ aktlar və Cəzaların İcrası Məcəlləsi Nemət Pənahlıya məhbus kimi öz atasının dəfni və hüzr mərasimində iştirak etməyə imkanlar verir. Ancaq ona öz atasının dəfni və hüzr mərasimində iştirak etmək imkanı yaradılmayıb. Bununla da siyasi motivlərlə həbs olunmuş Nemət Pənahlıya həbsxana şəraitində olmasına baxmayaraq növbəti dəfə siyasi ayrı-seçkilik müstəvisində münasibət bəslənib. Halbuki eyni imkanlar son illərdə həbsdə olan siyasi müxalifət nümayəndələrinə də yaradılmaqdadır və cəmiyyətdə müsbət qarşılanır.

SAMA istənilən formada ayrı-seçkiliyi yolverilməz hesab edərək Ədliyyə Nazirliyini Nemət Pənahlıya atasının hüzr mərasimində iştirak etməsinə imkan yaratmağa çağırır”.


Geri qayıt