Əsas Səhifə > Cəmiyyət, Manşet > "NEFTQAZ TİKİNTİ"DƏ MAXİNASİYALAR
"NEFTQAZ TİKİNTİ"DƏ MAXİNASİYALAR17-09-2013, 16:20 |
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində fəaliyyət göstərən idarə və müəssisələrin bir çoxunda mütəmadi olaraq qanun pozuntuları aşkar edilir, işçilərin əmək hüquqları pozulur və ən əsası külli miqdarda vəsait büdcədən silinərək hansısa vəzifəli şəxslərin cibinə gedir. ARDNŞ-in tabeliyində fəaliyyət göstərən və qanunsuzluğun pik həddə çatdığı idarələrdən biri də «Neftqaztikinti» Trestidir. Məlumat üçün vurğulayaq ki, trest Xəzər dənizinin dərinliklərində və quruda neft-qaz yataqlarının abadlaşdırılması və neft-qaz hasilatının inkişaf etdirilməsinə xidmət göstərən vacib obyektlərin tikintisi məqsədilə ARDNŞ prezidentinin 12 mart 2007-ci il tarixli, 51 saylı və 14 mart 2007-ci il tarixli, 61 saylı əmrləri ilə 31 oktyabr 1949-cu ildə yaradılmış «Azərdənizneftinşaat» və 07 may 1979-cu ildə yaradılmış «Xəzərdənizneftqaztikinti» trestlərinin bazasında yaradılıb və həmin qurumların hüquqi varisidir. Trest ölkənin bütün regionlarında, o cümlədən «Günəşli» və "Neft Daşları” yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və başqa adalarda və onların ətrafında müxtəlif sifarişçi təşkilatlar (o cümlədən ARDNŞ-nin digər təşkilatları) üçün podratçı bəzi işləri həyata keçirir. Əldə etdiyimiz məlumatlara görə, trestin fəaliyyətini nöqsanlarla zənginləşdirən şəxslərdən biri də Yol Tikinti Təmir İdarəsinin (YTTİ) rəisi Əlimirzə Adıgözəlovdur. Qeyd edək ki, onun rəhbərlik etdiyi idarə Zığda, «Neft Daşları»nda, Çilov adasında və Səngəçalda yerləşən asfalt-beton qurğuları vasitəsilə hər növ asfalt-beton istehsalı, həmçinin "Neft Daşları”nda, Çilov adasında, Bakıda və Abşeron yarımadasında magistral yolların, küçə və meydançaların tikintisi və asfalt-beton örtüklənməsi işləri ilə məşğul olur. Əlimirzə Adıgözəlovun həyata keçirdiyi qeyri-qanuni işlərdən məlumatlı olan mənbənin bizə çatdırdığı bilgilərə görə, Yol Tikinti Təmir İdarəsinin balansında olan texnikalardan necə gəldi istifadə olunur: «İdarə rəisi dövlətin büdcəsini elə bir formada dağıdır ki, bunu təsəvvür etmək mümkün deyil. «Neftqaztikinti» Trestinin ən böyük idarələrindən birinə başçılıq edən rəis vəzifə səlahiyyətlərindən sui-istifadə edərək büdcəyə ziyan vurur. İdarənin sərəncamında olan texnikalar üçün nəzərdə tutulan yanacaqlar birbaşa onun əli ilə silinir. Bəzi texnikalar var ki, onlar qeyri-işlək vəziyyətdədir, yəni istismar müddətini başa vurublar. İdarə rəhbəri isə həmin texnikaları sənəddə saz vəziyyətdə göstərərək yanacaq və ehtiyat hissələri alır. Həmin yanacaq və ehtiyat hissələri isə idarənin müxtəlif işçilərinin vasitəçiliyi ilə satılır. Təbii ki, əldə olunan gəlir rəisin özünə çatır. Müəssisənin balansında olan yollarda təmir-tikinti işləri aparılarkən ciddi yeyinti hallarına rast gəlinir. Əgər hansısa əraziyə beş maşın asfalt lazımdırsa, bunu iyirmi maşın yazıb nələrsə əldə edirlər. Əlimirzə Adıgözəlov heç kimdən və heç nədən qorxub çəkinməyərək milyonlar qazanır. Texnikaların çoxu dizel yanacağı ilə işləyir. Rəis yanacağı satıb pulunu mənimsəyir. Bəzi texnikalar isə təyinatdan kənar istifadə olunur. İdarə rəhbəri həmin texnikaları müxtəlif şəxslərə icarəyə verərək əlavə gəlir qazanır». Mənbənin sözlərinə görə, «Neftqaztikinti» Trestinin müdiri Mirkazım Abbasov idarə rəisinin özbaşına əməllərindən xəbərdar olsa da, baş verən hadisələri seyr etməklə kifayətlənir: «Çünki idarə müdiri ARDNŞ rəhbərliyində təmsil olunan bəzi şəxslərin adını çəkir, onların adamı olduğunu bildirir. Məhz bu səbəbdən də trest müdiri ona artıq bir söz demir. Amma təcili olaraq Əlimirzə Adıgözəlov cəzalandırılmasa, «Neftqaztikinti» Trestində daha böyük fəsadlar yaranacaq». Ümid edirik ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev adıçəkilən şəxs haqqında lazımi ölçü götürəcək. Qarşı tərəfin də fikirlərini öyrənməyə hazırıq. (ardı var) Geri qayıt |