Əsas Səhifə > Güney Press, Araşdırma > MUSA MUSAYEV ÖZÜ ÖZÜNÜ CƏNCƏLƏ SALIB

MUSA MUSAYEV ÖZÜ ÖZÜNÜ CƏNCƏLƏ SALIB


20-09-2013, 12:09
MUSA MUSAYEV ÖZÜ ÖZÜNÜ CƏNCƏLƏ SALIB
VƏZİFƏYƏ TƏYİN OLUNACAĞINI DEMİŞDİ, AMMA...

Bir neçə həftə əvvəl mətbuata müsahibəsində Goranboyun sabiq icra başçısı maraqlı bir anons vermişdi. Musa müəllim demişdi ki, tezliklə yeni posta təyinat alacaq.
Sabiq icra başçısı müsahibəsinin həmin bölümündə bildirmişdi: «Mən Milli Məclisdə 5 il deputat olmuşam, daha sonra isə 4 il Naftalan şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışam, Sərəncama çıxarılmışam və yəqin ki, yaxın vaxtlarda yeni vəzifəyə təyin olunacağam. Mən Yeni Azərbaycan Partiyasını yaradanlardan biriyəm və hazırda da bu partiyanın Siyasi Şurasının üzvüyəm. Mən hər zaman partiyama, dövlətimə, Vətənimə və prezidentimə sədaqətli olmuşam və bundan sonra da sədaqətli olacam. Mən əqidəsini dəyişən insanlardan deyiləm. Cənab prezident məni hansı vəzifəyə müvafiq bilsə, mən o işlə məşğul olacam. Hazırda da mən işsiz deyiləm, siyasi fəaliyyətlə məşğulam”.
Xatırladaq ki, 2009-cu ilin dekabr ayında keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərdə prosesə
müdaxilə etdiyinə görə Musa Musayev ölkə prezidentinin sərəncamı ilə tutduğu Naftalanın icra başçısı vəzifəsindən azad olunmuşdu. Hazırda hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü olan Musayev, həmin vaxtdan keçən 4 ilə yaxın müddətdə vəzifə təyinatı almamışdı.
Onun bir müddət əvvəl yeni vəzifəyə təyin ediləcəyi barədə verdiyi anons da məhz bu baxımdan diqqətçəkən oldu. Amma aradan həftələr keçməsinə rəğmən sabiq icra başçısının dedikləri gerçəkləşməyib.
Bəzi iddialara görə, Musa Musayevi yenidən icra başçısı təyinatı gözləyə bilər. Başqa bir versiyaya görə isə onun yeni vəzifəyə gətirilməsi barədə konkret qərar açıqlanmadan bunu ictimailəşdirməsi heç də yaxşı qarşılanmaya, elə bu səbəbdən də Musa Musayevin gözlənilən təyinatını ya bir az da yubada, ya da ümumiyyətlə təxirə sala bilər.

Geri qayıt