Əsas Səhifə > Sosial, Manşet > GÖYÇAY SAKİNLƏRİ BAŞÇININ ƏLİNDƏN CANA DOYUBLAR
GÖYÇAY SAKİNLƏRİ BAŞÇININ ƏLİNDƏN CANA DOYUBLAR20-09-2013, 12:28 |
YAYDA GÜNƏŞİ, QIŞDA QARI PROBLEM GÖRƏN RAYONUN ACI YAŞANTILARI DİA.AZ: - «2007-ci ildən sonra Göyçayda problem əlindən tərpənmək olmur. Rayonun icra başçısının dəyişməsi ilə əhalinin durumu çətinləşməyə başladı. İcra başçısı Mənsur Məmmədovun vəzifə normativlərindən kənar işlər görməsi rayonun sosial-iqtisadi inkişafının ləngiməsinə səbəb olub». Bu sözləri redaksiyamıza verdiyi açıqlamada icra hakiminin fəaliyyətindən narazı qalan bir qrup Göyçay sakini bildirdi. Onların sözlərinə görə, 2007-ci ilin dekabr ayından Rayon İcra Hakimiyyətinin başına keçən məmur qanuna zidd fəaliyyəti ilə camaatı özündən narazı salıb: «Nazirlərdən birinin yaxın qohumu olan başçı ona arxayın olaraq rayonda əməlli-başlı hegemonluq edir. İxtisasca mühəndis-texnoloqdur. İdarəetmə işlərində yanlış təcrübələrdən yararlanmaqla insanlara əlavə problemlər yaradır. Rayonumuzda bir sıra sahələrdə çatışmazlıqlar var. Biz demirik, prezident rayonun inkişafına dəstək olmur. Ölkə başçısı sağ olsun, rayonu həmişə diqqətdə saxlayır. Ancaq icra hakimi Göyçayın gözəlləşməsinə ayrılan vəsaitləri öz məqsədləri üçün istifadə edir. Rayonun ən görməli yerləri onun və yaxın adamlarının nəzarəti altındadır. Yaşıllıqların çoxunu qırıb özünə obyekt tikdirib. Bu ərazilərin bir hissəsini isə sahibkarlara satıb. Başçı sanki rayonda hakimi-mütləqdir. Coğrafi cəhətdən əlverişli olan kəndlərdə onun möhtəşəm villaları var. Camaat müxtəlif problemlərin əlində aciz qalsa da, başçı kef içində yaşayır». Narazı vətəndaşların bildirdiyinə görə, rayonda ciddi su problemi var. Havalar isti keçdiyindən suya olan tələbat ikiqat artıb: «Göyçayın içməli su ilə təminatı yox səviyyəsindədir. Ən yaxşı halda insanlara içmək üçün palçıqlı su verirlər. Halbuki, digər rayonlarda həmin suyu ya heyvanlara verirlər, ya da suvarma işlərində istifadə olunur. İcra hakimi bizi nə yerinə qoyub bilmirik. İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişik. İcradan deyirlər ki, bu bizlik deyil, Su İdarəsinə gedin. İdarədə isə «gedin hara istəyirsiniz şikayət edin, biz sizə su verən deyilik» deyib başlarından edirlər». Sakinlər deyir ki, rayonun mavi yanacaq və enerji ilə təminatı da ürəkaçan səviyyədə deyil: «Yay fəsli olmasına baxmayaraq, kəndlərdə hər gün işığın verilməsində fasilələr yaranır. Aidiyyəti şəxslər bunu yeni işıq xətlərinin çəkilməsi ilə əlaqələndirsə də, yalan deyillər. Yeni işıq xətləri üçün büdcədən vəsait ayrılıb. Pulları yeyiblər. Köhnə işıq xətləri dəyişilmədiyindən hər gün qəzalar baş verir. Qazın verilməsində də eyni problemlər yaşanmaqdadır. Rayona yaxın bəzi kəndlər istisna olmaqla, əksər yaşayış massivlərində mavi yanacaq yoxdur. Qaz xətləri olsa da, qazın üzünə həsrət qalmışıq». Apardığımız araşdırmalar isə göstərir ki, icra hakimi rayona rəhbərlik etdiyi 6 il ərzində dövlət büdcəsinə dəhşətli zərbələr vurub. Rayonda aparılan abadlıq və quruculuq işlərinin sürətləndirilməsi məqsədilə büdcədən ayrılan vəsaitlərin çoxu müxtəlif şəxslərin cibinə gedib. İcra başçısı bu yaxınlarda rayonda fəaliyyət göstərən və rayondan kənarda yaşayıb işləyən göyçaylı sahibkarlardan təxminən 5 milyon manat vəsait toplayıb. Və bildirib ki, bu pul rayonda bir sıra obyektlərin tıkilməsinə xərclənəcək. Lakin həmin məbləğin 3 milyon manatını özünə götürüb. Bir vaxtlar onun bütün maliyyə işlərini Elsevər adlı köməkçisi görürmüş. Elsevər bir dəfə başçıya 500 min manata yaxın pul atıb və elə buna görə də həm işini, həm də əldə etdiyi əmlakları itirməli olub. Verilən məlumata görə, icra başçısı qazla təmin edilməyən ərazilərdə büdcə təşkilatlarının binalarının - məktəblərin, xəstəxanaların, bağçaların, iaşə obyektlərinin qızdırılması üçün nəzərdə tutulan yanacaq pulları özünə məxsus olan «İdrak» MMC tərəfindən mənimsənilir: «Onun gəlişindən sonra hektarla torpaq sahəsi satılıb. Bu işdən milyonlar əldə edib. Heç nədən çəkinməyərək internat məktəbinin bir hissəsini müxtəlif şəxslərə satıb. Burda Şamaxının deputatı Elxan Süleymanovun "Oskar” mağazalar şəbəkəsi də fəaliyyət göstərir. Həmçinin Qubanın icra başçısı Mübariz Ağayevin də həmin ərazidə obyektləri var». Qarşı tərəfə də cavab haqqı tanıyırıq. Geri qayıt |