Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT BÖYÜK DƏYİŞİKLİKLƏRƏ GEDİR

HAKİMİYYƏT BÖYÜK DƏYİŞİKLİKLƏRƏ GEDİR


17-01-2012, 13:09
HAKİMİYYƏT BÖYÜK DƏYİŞİKLİKLƏRƏ GEDİR

YENİ KADR İSLAHATLARINA FEVRAL AYINDAN BAŞLANILACAQ

DİA.AZ: - «Hakimiyyət böyük dəyişikliklər astanasındadır və yaxud günlərdə buna şahidlik edəcəyik». Bu məlumatı redaksiyamıza Nazirlər Kabinetindəki qaynaq çatdırıb. Mənbənin bildirdiklərindən belə aydın olur ki, uzun müddətdən bəri barəsində danışılan total kadr islahatlarının start düyməsi basılır.

Bu barədə mənbənin bildirdikləri: «İlk olaraq Nazirlər Kabinetində dəyişikliklər olacaq. Həm struktur islahatları nəzərdə tututulub, həm də kadr islahatları. Bundan əlavə iki nazirin görəvindən alınması planlaşdırılır. Hələlik həmin nazirlərdən yalnız birinin kimliyi ilə bağlı dəqiqləşmə var. Söhbət iqtsadi inkişaf naziri Şahin Mustafayevdən gedir».

Mənbəmizin sözlərinə görə, Şahin Mustafayev birbaşa olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərova bağlı fiqurdur. Son zamanlar isə Kəmaləddin Heydərov bir sıra dairələrdə sıxışdırılır. Məsələn, onun vergilər nazirliyi sisteminə təsir rıçaqları məhdudlaşdırılıb. Bundan əlavə, ona qarşı digər sektorlarda da hücumlar müşahidə olunur. Belə bir şəraitdə Kəmaləddin Heydərovun əsas qollarından biri hesab olunan Şahin Mustafayevin «budanması» təbii görsənməlidir.

Mənbəmiz bildirir ki, digər istefa yolunda olan nazirlə bağlı isə dəqiq məlumatlar mövcud deyil: «Amma iqtidar dəhlizlərində müxtəlif şaiyələr yayılmaqdadır. Hərə birinin adını çəkir. Amma dəqiq olanı odur ki, artıq iki nazirlə bağlı yekun qərar verilib».
Digər islahat ünvanı kimi isə Prezident Administrasiyası və yerlərdəki icra hakimiyyətləridir. Bu barədə danışan mənbəmizə görə, Prezident Administrasiyasının şöbə müdirlərindən bəzilərinin istefaya göndərilməsi planlaşdırılır: «Fevral ayından etibarən isə icra başçıları istefa yoluna qədəm qoyacaq. Bu dəfə də hakimiyyətiçi oyunlar özünü bariz şəkildə hiss etdirəcək. Hər halda, hansı oliqarxın mövqeyi zəifdirsə, onun da icra başçıları görəvdən alınacaq».

Mövzu diqqətimizdədir…


Geri qayıt