Əsas Səhifə > Sosial, Manşet > SURAXANI SAKİNLƏRİ PREZİDENTƏ MÜRACİƏT ETDİLƏR

SURAXANI SAKİNLƏRİ PREZİDENTƏ MÜRACİƏT ETDİLƏR


23-09-2013, 09:17
SURAXANI SAKİNLƏRİ PREZİDENTƏ MÜRACİƏT ETDİLƏR
SAKİNLƏR SU, KANALİZASİYA PROBLEMLƏRİNİN HƏLL EDİLMƏSİNİ İSTƏYİRLƏR

DİA.AZ: - Suraxaı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfi, (Mərkəzi küçə) yaşayış massivi sakinlərindən bir qrupu president İlham Əliyevə şikayət məktubu ünvanlayıblar. Şikayət məktubunun DİA.AZ-a daxil olan mətnində deyilir:

“Çox hörmətli Prezident ! Siz həmişə öz işinizlə, öz fəaliyyətinizlə doğma xalqımıza ləyaqətlə xidmət edir və ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması işində səylərinizi davam etdirirsiniz. Xalqımız Sizin bütün xidmətlərinizi yüksək qiymətləndirir.

Cənab Prezident! Siz məmurlar qarşısında çıxışlarınız zamanı hər dəfə qeyd etmisiniz " Prezident başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir. Mən hər bir məmurdan tələb edirəm ki, öz vəzifə borclarına vicdanla yanaşsın, insanları narahat edən problemləri həll etsinlər. Bütün ərizə və müraciətlərə vaxtlı-vaxtında cavab versin. Xalqa və dövlətə xidmət etsin.”

Son 10 ildə şəxsən Sizin tərəfinizdən qəbul edilmiş “Regionların sosial-iqtisadi inkişaf” Proqramı üzrə Azərbaycanın hər bir rayonunda irimiqyaslı quruculuq və abadlıq işlərinin görülməsi prosesi uğurla davam etdirilir.

Biz, sakinlər Bakı şəhər İcra Hakimiyyətinin başçısının 11.02.2000-ci il tarixli, 134 saylı sərəncamı əsasında Suraxanı rayonun, Bakı-Aeroport yolunun sol tərəfində salınmış qəsəbədə 12-ci ildir ki, yaşayırıq. Yaşadığımız bu qəsəbədə mənzillərimizin su təchizatını öz şəxsi hesabımıza qaydaya salsaq da, elektrik enerjisi ilə bağlı problem dövlətin aidiyyatı idarəsi tərəfindən 2010-cu ildən kabelləşmə nəticəsində birdəfəlik həll edilmişdir. Mənzillərin təbii qaza olan ehtiyacı isə artıq bu il öz həllini tapacaqdır.

Lakin bununla yanaşı, çox təəssüflə qeyd etmək istəyirik ki, iki mindən çox ailənin yaşadığı qəsəbəmiz ölkəmiz üzrə infrastrukturun genişlənməsi və inkişafı üzrə baş verən proseslərdən sanki ayrı düşmüş, yaddan çıxmışdır. Belə ki, qəsəbəmiz 20 metr eni olan bir Mərkəzi küçədən və eni 10 metr olan 29 məhəllədaxili yollardan ibarətdir. Hər bir fiziki şəxsə fərdi yaşayış evinin tikintisi üçün dövlət tərəfindən 400 kv.m torpaq sahəsi ayrılmışdır ki, hazırda 1500 ailə bu torpaqlarda mənzil tikərək yaşayırlar.

Suraxanı rayon İcra hakimiyyətindən verilən məlumata görə 2006-cı ildə yaşadığımız qəsəbənin kanalizasiya xəttləri və sonra isə məhəllədaxili yollarının asfaltlaşması məsləsinin həll edilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti Aparatı tərəfindən bu təyinat üzrə vəsait bizim qəsəbəmiz üçün Suraxanı rayon İcra Hakimiyyətinə ayrılsa da, sonradan Nəqliyyat Nazirliyi rəhbəri Cənab Ziya Məmmədov yol infrastrukturu məsələsinin birbaşa Nəqliyyat Nazirliyinin işi olduğunu əsas gətirərək qəsəbədaxili yolların asfaltlaşması işini öz öhdəsinə götürmüşdür. Bu məqsədlə, lahiyənin həyata keçirilməsi üçün Suraxanı rayon İcra Hakimiyyətinin hesabına köçürülmüş vəsait yenidən Nəqliyyat Nazirliyin hesabına yönəldilmişdir. Budur, nəticədə 6 ildir ki, Nəqliyyat Nazirliyi vəd etdiyi kimi bu istiqamətdə heç bir iş görməmişdir. Yaz, payız, qış aylarında biz böyüklərin işə, uşaqların isə 0,5-1km aralıda yerləşən orta məktəbə dizdən olan palçıqla gedib-gəlməyimiz yaşadığımız XXI əsrdə bizləri lap hövsələdən çıxarmışdır. Aidiyyatı məmurlarımız tərəfindən İnsanlara qarşı göstərilən belə hörmətsizliyi biz Sizə olan hörmətsizlik kimi başa düşürük. Çünki o adamlar öz qanunazidd hərəkətlərilə Sizin qəbul etdiyiniz “Regionların sosial-iqtisadi inkişafı”na dair Dövlət Proqramına qarşı çıxırlar.

Cənab Prezident, Biz hamılıqla Sizin ölkəmizdə apardığınız genişmiqyaslı quruculuq işlərini yüksək qiymətləndirir və daim ətrafınızda sıx birləşərək həmrəy olduğumuzu bir daha bəyan edir və xahiş edirik:

Aidiyyatı dövlət qurumlarına 14 il qanuni yaşadığımız qəsəbəmizin kanalizasiya və yol çəkilişinin başlanması üçün göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.

Xatırladaq ki, eyni məzmunlu 07 may 2012-ci il tarixli müraciətimiz Prezident Administrasiyası tərəfindən ölçü götürülməsi üçün Nəqliyyat Nazirliyinə göndərilmişdir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Avtompbil yollarının istismarı İdarəsinin rəisi vaqif Hacıyevin imzası ilə 4/02-3680 saylı cavab məktubu daxil olmuşdur. Məktubda qeyd edilir: “...qəsəbəbədaxili yollar Nəqliyyat nazirliyinin mülkiyyətində deyildir və onun təmir edilməsi üçün aidiyyatı strukturlara müraciət etməyiniz xahiş olunur.”

Geri qayıt