Əsas Səhifə > Gündəm, Manşet > ŞƏMKİR SAKİNİNİN EVİ “YOXA ÇIXIB”

ŞƏMKİR SAKİNİNİN EVİ “YOXA ÇIXIB”


17-01-2012, 14:38
ŞƏMKİR SAKİNİNİN EVİ “YOXA ÇIXIB”

“BELƏ DAVAM ETSƏ, XARİCİ DÖVLƏTLƏRDƏ SIĞINACAQ İSTƏMƏLİ OLACAM”

DİA.AZ: - Şəmkir sakini, öz evindən məhrum olan və məhkəmələrdə hüquqlarının bərpasına çalışan Sahib Kərimov prezident İlham Əliyevdən ona ev verilməsini xahiş etmək niyyətindədir. “Əgər xahişim təmin olunmasa, xarici dövlətlərdə sığınacaq istəməli olacam”, - S.Kərimov çərşənbə axşamı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda keçirdiyi mətbuat konfransında bildirib.

1997-ci ildə o, Şəmkirdə Səməd Vurğun küçəsi, 246-da yerləşən evinin alqı- satqısını rəsmi notarial qaydada sənədləşdirib. Bir müddət orada yaşadıqdan sonra qazanc dalınca Rusiyaya gedib. Rusiyada olduğu müddətdə S.Kərimovun evini söküblər və yerində “Morul” şadlıq evini tikiblər.

Qayıtdıqdan sonra rayon administrasiyasına və Dövlət Əmlak Məsələləri Komitəsinə müraciət edib. Rayon administrasiyasından Kərimova bildirilib ki, onun evi qanunsuz sökülüb. Dövlət Əmlak Komitəsi isə öz cavabında bildirib ki, Kərimovun həmin ünvandakı evi qeyri-yaşayış obyektidir.

Kərimov kommunal xidmətlərin ödənişinə dair qəbzləri, daşınmaz əmlak haqqında alqı-satqıya dair və digər sənədləri təqdim etsə də, bunun faydası olmayıb. “Ev elə-belə “yox ola bilməz axı”, - Kərimov vurğulayıb.

Məhkəmələr Kərimovun iddiasını təmin etməyiblər. Şəmkir Rayon Məhkəməsi 2010-cu il dekabrın 29-da S.Vurğun küçəsi, 246 saylı ünvanda evin olmaması barədə qərar qəbul edib.

Gəncə Apellyasiya Məhkəməsi də Kərimovun xeyrinə olmayan qərar qəbul edib.

Dekabrın 2-də Əli Rüstəmovun sədrliyi ilə Ali Məhkəmə Kərimovun kassasiya şikayətini təmin etməyib.

Zərərçəkən ona 150 min manat həcmində zərərin dəydiyini bildirib. Ev Şəmkirin mərkəzində 0,4 ha sahədə yerləşib. Ev Fəzail Quliyev adlı hansısa biznesmen tərəfindən sökülüb. Lakin qeyri-rəsmi məlumatlara görə, bu obyektin arxasında nüfuzlu nazirlərdən biri dayanır.

Hazırda Kərimov həyat yoldaşı və həddi-büluğa çatmayan uşağı ilə birlikdə qohumugildə yaşamağa məcburdur. “Mən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəm, lakin işə baxılması bir neçə il davam edəcək. Bu müddətdə qohumlarımgildə qala bilmərik”, - o bildirib.

Geri qayıt