Əsas Səhifə > Sosial, Manşet > SAMİR ŞƏRİFOVU NİYƏ VURURLAR?

SAMİR ŞƏRİFOVU NİYƏ VURURLAR?


17-01-2012, 14:59
SAMİR ŞƏRİFOVU NİYƏ VURURLAR?

HAKİMİYYƏT İÇİNDƏ “QƏRBİN ADAMI” OLMAQ ƏN BÖYÜK GÜNAH HESAB OLUNUR

DİA.AZ: - ABŞ diplomatlarının məxfi teleqramlarını açıqlayan WikiLeks saytının Azərbaycanla bağlı yayımladığı gizli sənədlərdə şok məqamlar yetərincə oldu. Onu da qeyd edək ki, artıq bu kimi sənədlərin “ifşası” prosesi də durdurulub ki, bu da “WikiLeks”lə bağlı deyilənlərin həqiqət olması haqda rəy yaradır. Bildirək ki, “WikiLeks”in ABŞ-ın dövlət maraqlarına uyğun şəkildə hərəkət etməsi barədə qənaətlər var.

Amma bizi bu qənaət yox, lap elə məqsədli şəkildə olsa belə, WikiLeks tərəfindən Azərbaycanla bağlı deyilənlər daha çox maraqlandırır. Biz də həmin faktların bəzilərini diqqətinizə çatdırırıq. Bildirək ki, ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin 2007-ci il 24 iyul tarixli məktubunda ölkəmizdə mətbuatın durumu, hakimiyyətin azad mətbuatı sıradan çıxarmaq və nəzarətə almaq cəhdləri əksini tapıb.

Amerikalı diplomat Vaşinqtona göndərdiyi teleqramın sonunda - şərh bölməsində yazır: “Azərbaycan hökuməti ölkədə müstəqil və müxalif KIV-in fəaliyyətinin məhdudlaşdırılmasına və ona təzyiqlərin artırılmasına çalışır”.

Enn Dersi qeyd edir ki, müstəqil və müxalif media Azərbaycan hakimiyyəti üçün ciddi təhlükə törətməsə də, hökumətdəki yüksək vəzifəli məmurlar azad mətbuat üzərində mütləq hakimiyyətə sahib olmaq istəyirlər. Diplomat tənqidçi media quruluşlarına və nümayəndələrinə qarşı təhlükənin olduğunu da yazıb: “Azərbaycan hakimiyyətinin yüksək vəzifəli məmurlarını tənqid edən jurnalistlərin həyatı həmişə təhlükədə olur. Hakimiyyətin yüksək elitasında təmsil olunan rəsmilər və digər mühüm siyasi fiqurlar azad şəkildə istənilən media qurumunu, jurnalisti məkəməyə verə bilir, onların barəsində sərt cəzaların çıxarılmasına nail olurlar. Bundan başqa, bəzi jurnalistlər fiziki işgəncələr və hücumlarla üzləşirlər. Jurnalistlərə fiziki güc tətbiq edənlər isə cəzasız qalır”.

Enn Dersi daha sonra yazır ki, mətbuata qarşı hücumlara görə beynəlxalq təşkilatlar tərəfindən sərt tənqid olunan Azərbaycan hakimiyyəti müəyyən addımlar atmaqla bəzi problemləri yoluna qoymağa çalışır. Bununla belə, diplomat Azərbaycan hakimiyyətinin atdığı addımların mətbuat sahəsindəki ciddi problemləri aradan qaldıracağına inanmır: “Bu addımlar mövcud vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə dair optimis olmağa yetmir. Çünki hazırkı vəziyyəti dəyişmək, ölkədə azad mətbuatın inkişafı üçün Azərbaycan hakimiyyətinin güclü siyasi və sosial addımlar atması lazımdır. ABŞ hökuməti və beynəlxalq təşkilatlar müstəqil və müxalif mətbuata qarşı hücumların dayandırılması, jurnalistlərin siyasi-sosial hüquqlarının qorunması, müstəqil və müxalif medianın ayaqda qalması üçün güclü dəstək göstərməli olacaq. Bu və digər amillərə uzunmüddətli zəmanət olması üçün Azərbaycanda demokratiya və insan haqlarının inkişafı mütləqdir”.

Keçmiş səfirin 2007-ci il 1 iyun tarixli teleqramında isə ABŞ vitse-prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Cozef Vudun Azərbaycanın maliyyə naziri Samir Şərifovla keçirdiyi görüşün təfərrüatları qeyd olunub. Enn Dersi yazır ki, mayın 29-da Cozef Vud ilə maliyyə naziri Samir Şərifovun görüşündə Azərbaycan hökumətinin iqtisadi-maliyyə siyasəti ətrafında fikir mübadiləsi aparılıb. Maliyyə naziri amerikalı qonağa deyib ki, Azərbaycan iqtisadiyyatı “gözlənildiyindən də artıq dərəcədə dinamik inkişaf edir”.

Dövlət-vətəndaş münasibətlərinin müzakirəsi zamanı isə Samir Şərifov deyib ki, cəmiyyətin düşüncə və mədəni səviyyəsi dövlətə münasibətdə çətinliklər yaradır. Nazir bildirib ki, sovet hakimiyyətinin idarəçilik sistemi azərbaycanlıları dövləti aldatmaq yönündə formalaşdırıb. Samir Şərifov bu düşüncə və mentalitetin dəyişdirilməsi üçün uzun müddət gərək olduğunu deyib.

Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü məsələsinə toxunan Şamir Şərifov ölkəmizin qeyri-enerji iqtisadiyyatının rəqabətə hazır olmadığını və bunun da DTT-yə üzvlüyə maneələr yaratdığını bildirib. Maliyyə naziri Azərbaycan iqtisadiyyatının “güclü və rəngarəng, eyni zamanda qlobal rəqabətə” hazır olmadığını söyləyib. Bununla yanaşı nazir deyib ki, Azərbaycan hakimiyyəti problemlər olmasına baxmayaraq, DTT-yə üzvlükdə maraqlıdır.

Görüş zamanı Azərbaycanda korrupsiyanın olduğunu etiraf edən Samir Şərifov ABŞ rəsmisinə bildirib ki, korrupsiya və rüşvət hallarının geniş yayılması Azərbaycanı “çətin durum”la üz-üzə qoyub.

Onu da bildirək ki, məhz bu faktların açıqlanmasından sonra Samir Şərifova qarşı mətbuatda hücumlar başladı. Bunu həmin ərəfədə dəyərləndirən bir sıra ekspertlər bildirdilər ki, əslində Samir Şərifovun bu şəkildə hədəfə alınmsı rəqiblərinin ələ düşən fürsətdən yararlanma cəhdinin təzahürüdür. Lakin hətta bu hərəkətlənmələr belə Samir Şərifovun vəzifədən gedişi ilə nəticələnmədi.

Redaksiyamıza daxil olan son məlumatlardan aydın olur ki, bu günlərdə yenidən rəqibləri Samir Şərifovun məsələsini gündəmə daşıyıblar. Söhbət nazirin Qərblə məxfi surətdə əməkdaşlıq etməsinə diqqətlərin yönəldilməsindən gedir. Bildirək ki, bəzi qaynaqlar Samir Şərifovun Qərbin adamı olması barədə fikirlər yayırlar. Buu da şərh edən mənbəmiz bildirdi ki, əslində bunların heç bir ciddi əsası yoxdur. Samir Şərifov heç bir zaman Qərbin adamı ola bilməz və onun Azərbaycanda planlaşdırılan gizli inqilabın potensial lideri olması barədə də deyilənlər həqiqətə uyğun deyil.

Mənbəmizin söylədikləri: «Samir Şərifovu bu yola rəqibləri sıradan çıxarmağı düşünürlər. Çünki hakimiyyətdə «Qərbin adamı» olmaq əslində ən böyük günaha bərabərdir. Yəni bu yolla zamanında Fərhad Əliyevi də zərərsizləşdiribər. İndi də eyni üsulla Samir Şərifovu hədəfə alıblar».

Mənbəmizə görə, bir neçə gün əvvəl Samir Şərifovun hətta WikiLeks-də belə açıqlanmayan Enn Dörsüi ilə bağlı görüşünün sirli məqamları hakimiyyətin üst düzəyinə çatdırılıb: «Həmin sənəddə də təsdiqlənir ki, Samir Şərifov əslində, normal bir mövqe ortaya qoyub. Amma bir məsələ var. Nazir səfirə bir çox məsələləri etiraf edərkən, Azərbaycanda korrupsiyanın tüğyan etdiyini xüsusi olaraq vurğulayıb və bu məsələdə əsas günahın «yuxarılarda» olduğunu bildirib. Bundan yararlanan rəqibləri isə Samir Şərifovun «yuxarılar» dedikdə prezidenti nəzərdə tutduğunu deyərək, naziri sıradan çıxarmağa çalışırlar».


Geri qayıt