Əsas Səhifə > Sosial, Manşet > ASTARA SAKİNLƏRİ PREZİDENTƏ NƏLƏRİ YAZDILAR?

ASTARA SAKİNLƏRİ PREZİDENTƏ NƏLƏRİ YAZDILAR?


25-09-2013, 09:51
ASTARA SAKİNLƏRİ PREZİDENTƏ NƏLƏRİ YAZDILAR?
İCRA BAŞÇISI XALQLA HAKİMİYYƏTİ ÜZ-ÜZƏ QOYMAQDA İTTİHAM OLUNDU

DİA.AZ: - Astara rayon sakinləri yaşadıqları bölgədə məmur özbaşınalığından cana doyduqlarını ifadə edirlər. Bu barədə DİA.AZ-a müraciət edən bir qrup rayon sakini Astaranın icra başçısı Qəzənfər Ağayevin fermerləri dövlətdən incik salmaqda ittiham ediblər.

Maqsud Əsədov, Fəxri Qoqşarlı və daha 14 nəfərin imzası ilə redaksiyamıza daxil olan müraciətdə deyilir: «Qarşıdan prezident seçkiləri gəlir. Məhz belə dönəmlərdə xalqla hakimiyyətin birliyi görünməlidir. Amma təəssüflər olsun ki, konkret olaraq Astarada rayona rəhbərlik edən şəxslər xalqı hakimiyyətdən bacardıqları qədər uzaq tuturlar, xalqı hakimiyyətlə üz-üzə qoymağa çalışırlar».

Sakinlər bildirir ki, kənd təsərrüfatı yeganə dolanışıq yeri olan Astarada fermerlərə dövlət qayğısı sıfır səviyyəsindədir: «İcra başçısı Qəzənfər Ağayev elə bir sistem yaradıb ki, hər kəs qazandığını ona verməlidir. Müxtəlif bəhanələrlə fermerlərdən pul yığılır. Bu dəfə də seçkini bəhanə etdilər.

Ticarətlə məşğul olan astaralıların da günü qaradır. Polis gücünə hər kəsi şərləyirlər. Halbuki biz dövlətimizə sədaqətli insanlarıq. Bu gün dövlətimizin yanında olmaq istəyirik və bu belə də olacaq. İranla həmsərhəd bölgə olan Astaraya əslində xalqla daha çox təmasa meyilli olan məmurlar rəhbərlik etməlidir. Amma təəssüflər olsun ki, Qəzənfər Ağayevin xalqla təması yalnız pul alış-verişi ilə məhdudlaşır».

Sakinlərin DİA.AZ-a yazdıqlarına görə, bu günlərdə növbəti pultoplama kampaniyası yerli sakinlərdə ciddi narazılıq yaradıb: «Biz mətbuat vasitəsilə dövlət başçısına müraciət edirik. Bu gün də İlham Əliyevin qələbəsinə şübhə etmirik, çünki xalq onu dəstəkləyir. Amma Qəzənfər Ağayev kimi yarıtmaz icra başçıları xalqı prezidentə qarşı kökləyirlər. Bu, mütləq nəzərə alınmalıdır».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt